Azərbaycan-Ermənistan sərhəd keçid məntəqəsi ətrafında baş verən siyasi qarışıqlıq fonunda Vaşinqtonda iki ölkənin XİN başçıları arasında keçirilən görüş mayın 4-də başa çatdı. Nəticə nə oldu, tərəflər yolun heç olmasa yarısına qədər gedə bildilərmi? ABŞ rəsmiləri irəliləyişin olduğu barədə ilkin açıqlama veriblər, Moskva və Parisin münasibəti isə hələlik ortada yoxdur. Ermənistan da müəmmalı, dolaşıq danışır. Azərbaycan Prezidenti İlham Əliyev isə bu görüşdən möcüzə gözləmədiyini dolayısı ilə bildirib. Şuşada keçirilən görüşdəki çıxışında isə konkret olaraq mövqe bildirdi. Nə qədər ki, Minsk qrupunun həmsədr ölkələri hələ də prosesdə iştirak etmək niyyətlərindən vaz keçməyiblər, danışıqların perspektivindən danışmağa dəyməz. Yəni, danışıqlar iki tərəf – Ermənistan və Azərbaycan arasında, heç bir vasitəçi olmadan aparılsa nəticə gözləməyə dəyər.
Bəli, dünya birliyi iki ölkə arasında sülh yaratmaq, həmcinin Cənubi Qafqazda təhlükəsizliyi bərqərar etmək istəyirsə kənar qüvvələr prosesdən uzaqlaşdırmalıdır. Bu, həm Rusiyaya, həm Avropaya, həm də ABŞ-a aiddir. Fakt budur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmamasına səbəb kənar qüvvələrdir. Onların regional maraqları sülhü əngəlləyir. Halbuki, keçmişdə, "Dağlıq Qarabağ münaqişəsi"nin ilk illərində, hətta I Qarabağ münaqişəsinin ən qızğın vaxtlarında belə hərbi-siyasi vəziyyət indiki kimi qəliz deyildi. Yenə təkrar etməli olacağıq ki, mövcud durumu, sülhün əngəllənməsini təmin edən keçmiş Minsk qrupunun həmsədr ölkələridir. Qeyd edək ki, bu qurumun regionda sülhə mane olmaq, müharibəni qızışdırmaq üçün təsis edildiyi haqda deyilənlər doğru imiş...

Əgər belə deyilsə, onda beynəlxalq münasibətlər sisteminin ana xəttini təşkil edən ölkələrin ərazi bütövlüyünün tanınması və ona hörmət prinsipi dünyanın 3 güclü dövləti sayılan ABŞ, Rusiya və Fransa tərəfindən niyə pozulsun, yaxud bu prinsipləri pozan cırtdan Ermənistana “gözün üstə qaşın var” iradını niyə bildirilməsin? Deməli hər 3 “supergüc yalnız öz maraqlarını güdürmüşlər, onların dərdi münaqişəni həll etmək olmayıb. Hər 3 ölkə dünyanın silah bazarında hegemonluq edirlər. Silahı isə yalnız döyüşlərdə istifadə etmək olar, döyüşlər üçün də müharibələr lazımdır. Adıçəkilən iki ölkənin – Fransa və Rusiyanın ərazisində 78 ildən artıqdır ki, silah səsi eşidilmir. Amerikada isə nə vaxt müharibənin olduğunu çoxları unudub. İri, imperialist adəti olan bu dövlətlər bu günə qədər müharibəni özlərindən kənara atmağı bacarıblar. Hətta öz aralarındakı fikir ayrılıqlarını, haqq-hesabı çözmək üçün də başqa ölkələrin ərazilərini meydan kimi seçiblər. Cənubi Qafqaz da həmin meydanlardan biridir.
Bu gün hər 3 ölkə Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində vasitəçiliyə səy göstərirlər. Bəla burasındadır ki, 28 il Minsk qrupunun həmsədrləri kimi münaqişəni həll edə bilməyən bu üçlük indi də başqa ad altında, fərqli yöntəmlə problemi guya həll etmək istəyirlər. Özləri də bilir ki, birinin qərarı, birinin vasitəçiliyi ilə əldə edilən razılaşma, yaxud sülh müqaviləsi o birilərinin müdaxiləsindən sonra ən yaxşı halda kağız üzərində qalacaq. Hələ növbəti toqquşmalardan söhbət açmırıq. Vəziyyəti dramatikləşdirən həm də Ermənistan ənənəvi oyunbazlığıdır. Müstəqil fikri, xalqını uzun müharibə ab-havasından çıxarmaq istəyi olmayan Ermənistan rəhbərləri hər üç tərəfə “işləməklə” “peşka” obrazını məharətlə oynamağı bacarır. Ermənistan rəhbərləri özlərinə tam sərfəli heç bir normallaşma modeli görmürlər, yaxud görmək istəmirlər. Hər hansı bir modeli açıq və ya diplomatik üsullarla sabotaj edirlər. Paşinyan hakimiyyəti indiki "status- kvo”nun uzadılmasında maraqlıdır. Baş nazir qarışıq, erməni siyasətçilərinin hərəkətlərindən, söylədiklərindən də görünür ki, onlar revanş hissi ilə yaşayırlar, yeni müharibəyə hazırlıq gedir.

Sülhün açarı kimdədir?
Mayın 1-dən Vaşinqtonda davam edən Bakı-İrəvan danışıqlarından sonra Moskvada, Brüsseldə hansısa görüş təşkil olunacaqsa, deməli dediklərimizdə bir yalan yoxdur. Fransa və Rusiya da münaqişənin həllini istəyirsə, Vaşinqton görüşündə əldə edilən nəticəyə qane olub məsələni yekunlaşdırmaq olar. Amma, məsələ başqadır, yəni, “yorğan məsələsi”... Yoxsa ABŞ rəsmiləri bilməmiş deyillər ki, nə qədər ki, Rusiya Ermənistandadır, Qarabağda sülhməramlı missiya yerinə yetirir, əldə edilən razılaşma keçərsiz olacaq. ABŞ-Rusiya münasibətlərinin indiki halını göz önünə gətirmək kifayətdir ki, Ermənistan-Azərbaycan danışıqlarında əldə olunan azacıq irəliləyişin də aqibətini hesablayasan. Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi: “Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi oluruq. “Həmsədr ölkələr” kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. Ermənistanla Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub”.
Rəsmi Vaşinqton da Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də brifinqdə deyib. O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır. V.Patel ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib: “Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq”.
Ermənistan mətbuatının məsələyə yanaşması da maraqlıdır. “Hraparak” qəzeti yazıb ki, Vaşinqtonda Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin yekun görüşündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib. Danışıqlarda Azərbaycan eksklavlar məsələsinin həllini tələb edir. Bildirilib ki, həm Ermənistan, həm də Azərbaycanı münasibətlərin normallaşması haqqında razılaşmanı imzalamağa məcbur edirlər. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, əvəzində oradakı ermənilər üçün təhlükəsizlik zəmanəti istəyib. Azərbaycan tərəfi anklav və eksklavların həllini tələb edib, lakin bu məsələ də həllini tapmayıb.

Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik
Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən konfransda ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaferin “ABŞ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməlidir və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməlidir. Bu sözlər açıq-aşkar Sizin ərazi bütövlüyünüzü təşviq etmir. Bunun niyə belə olduğunu izah edin” sualına cavabında söyləyib.
Dövlətimizin başçısı deyib: “Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Ona görə də buna çox diqqət yetirmirik”.
Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti
Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Bu sözləri də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Əgər Ermənistan konstruktiv olmasa...
“Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransda çıxışında deyib.
“Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər.
Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.
Prezident Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli Bəyanatını şərh edərkən bildirib ki, İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi: “Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu”.
Prezident İlham Əliyev həmçinin diqqətə çatdırıb ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olub: “Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər.
Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.
Dövlətimizin başçısı qeyd edib ki, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə əldə edə bilməyib: “Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. İşğal dövründə “Minsk qrupu” Azərbaycanda çox populyar deyildi. İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq
“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransda çıxışında bildirib.
Bəs sülh olmasa nə baş verər? Azərbaycanın mövqeyi bəllidir. Prezident sülhün hər kəsə lazım olduğunu deyib. Əgər Ermənistan ayrı yol seçərsə, o zaman Azərbaycan məqsədlərinə nail ola bilmək üçün istənilən addımları ata bilər. Ermənilər həmişə hay-haray salırlar ki, təyziq edilməsin. Ermənilər tarixən belə hiyləgər addımlar atıblar. Guya Nikolu devirsələr nə olacaq, devirməsələr nə olacaq?! Bizim üçün nə fərqi var ki?! O, sülh imzalanmasını qəbul etmirsə, o biri də qəbul etməyəcək. Amma onlar anlamırlar ki, sülh Ermənistan üçün lazımdır. Anlasalar, ambisiyalarından çoxdan əl çəkərdilər.
“Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın sualına cavabında deyib. Əlavə edib ki, masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz.
Eyni zamanda deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığını soruşub: “Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım – siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
Göründüyü kimi, Ermənistan rəhbərliyi yenə üçbaşlı oyun oynamaq istəyir. Politoloq Suren Surenyants.ın dediyi kimi, Paşinyan istənilən sənədi imzalamamaq üçün hər şey edəcək. Çünki o da bilir ki, danışıqların Moskva, Vaşinqton və ya Brüsseldə aparılmasından asılı olmayaraq, istənilən sənəd Ermənistanın maraqlarına uyğun ola bilməz. Paşinyan anlayır ki, Ermənistan-Azərbaycan arasında istənilən sənədi imzaladıqdan sonra daxili siyasi problemlərlə üzləşəcək. Hətta ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq çaxnaşma yaşana bilər. Başa düşmək lazımdır ki, Paşinyanın resursları hədsiz deyil. Sonda o, geosiyasi mərkəzlər arasında seçim etmək məcburiyyətində qalacaq. Erməni hakimiyyəti özünü çıxılmaz vəziyyətə salıb”.
Yekunda onu deyə bilərik ki, Ermənistan nə müharibə, nə sülh arasında qalıb. Hər ikisinə yaxınlaşmaq Paşinyanın sonunu gətirə bilər. Baş nazir də bunu bilir. Amma vaxt gözləmir, Azərbaycanın səbri də tükənməz deyil, Ermənistanı sülhə məcburetmənin vaxtı tezləşə bilər. Onda gec olacaq.
V.VƏLİYEV
P.S. Məlumat üçün bildirmək istərdik ki, "pat" şahmatda olur və "şah"ın gedişinin mümkün olmadığı hallara deyilir. Amma "parter" vəziyyəti güləşdə olur, bax belə:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB