"Azərbaycanın tutduğu mövqe dünyanın bir çox dövlətləri tərəfindən dəstəklənir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə Bosniya və Herseqovinaya səfər edib. Bu səfər çərçivəsində çox mühüm razılaşmalar əldə olundu, ciddi tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Hesab edirəm ki, bu, Azərbaycanın Avropa ailəsində daha bir strateji müttəfiqinin formalaşması baxımından əhəmiyyətli səfər idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Bosniya və Herseqovina ilə qarşılıqlı şəkildə investisiya yatırımları məsələsini müzakirə etdi: "Eyni zamanda, Azərbaycanın enerji ehtiyatlarının Avropaya daşınması və bu imkanlardan Bosniya və Herseqovinanın da istifadə etməsi məsələləri müzakirəyə çıxarıldı.
Bildiyimiz kimi, Bosniya və Herseqovina da uzun illər təzyiqlərə, işğala məruz qalan bir dövlət kimi Azərbaycanla oxşar taleyi yaşayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müxtəlif platformalarda Bosniya və Herseqovinanın ölkəmizə dəstəyi nümayiş olunub".
Politoloq sözlərinə davam edərək bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin edib artıq stabil inkişaf mərhələsinə qədəm qoyduğu indiki dövrdə avropalı müttəfiqlərlə əlaqələrin inkişafı Azərbaycanın nüfuzunun və təsir imkanlarının genişlənməsi ilə müşahidə olunur: "Bu baxımdan Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri və səfər çərçivəsində keçirdiyi bir sıra görüşlər dövlətimizin ciddi strateji müttəfiq qazandığını göstərir. Eyni zamanda, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin mətbuata bəyanatı zamanı Azərbaycan dövlətinin artıq yalnız Cənubi Qafqazla kifayətlənməyib, qlobal problemlərlə bağlı daim çağırışlar etdiyini bildirməsi onu göstərir ki, dövlətimizin sərgilədiyi mövqe dünyanın bir çox gücləri tərəfindən dəstəklənir. Düşünürəm ki, bu səfər həm də Azərbaycanın haqq mübarizəsinə növbəti dəstəyin ifadə olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu iki dövlət arasında bundan sonra da siyasi, iqtisadi, diplomatik və mədəni əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq. Xüsusilə də ticarət əlaqələrimizin genişlənməsində kifayət qədər potensial mövcuddur. Bu potensialdan istifadə etməklə azərbaycanlı iş adamlarının Avropa bazarlarına çıxış imkanları daha da genişlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB