"ABŞ-ın Tayvanı müdafiə etməsi münasibətləri gərginləşdirib" - POLİTOLOQ ŞƏRH ETDİ
"Son dövrlərdə ABŞ ilə Çin arasında münasibətlər kifayət qədər gərginləşməkdədir. Xüsusilə də, Çinin sürətli inkişafa nail olması, dünya bazarlarında Amerikanın mövqelərinin sürətlə Çin məhsulları tərəfindən sıxışdırılıb çıxarılması və Çin iqtisadiyyatının sürətli böyümə həcmi çox ciddi narahatlıqla izlənilir. Proqnozlara görə, 2035-ci ilə qədər Çinin indiki iqtisadi inkişaf tempi qorunub saxlanılarsa, böyük güclər, o cümlədən ABŞ tərəfindən bu inkişafın qarşısının alınması istiqamətində real əməli addımlar atılmazsa, Çin iqtisadiyyatı Amerika iqtisadiyyatını üstələyəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu isə Amerikanın dünya səviyyəsində qlobal güc imkanlarını kifayət qədər zədələmiş olacaq: "Bunu nəzərə alan Amerika daha stratejik düşünərək Çinin güclənən mövqelərini indidən zərbələr altında qoymaqla perspektiv dövrdə onun qlobal güc imkanlarını əldə etməsinə mane olmağa çalışır. Çinə qarşı tətbiq edilən iqtisadi sanksiyalar, xüsusilə Çin məhsullarının Amerika bazarlarına daxil olması zamanı tətbiq olunan gömrük rüsumları ilə bağlıdır. Eyni zamanda, Tayvan ilə bağlı ABŞ daha sərt mövqe ortaya qoyaraq Çinin hər hansı bir addımında Tayvanın müdafiə olunacağını bəyan etməsi münasibətləri daha da gərginləşdirib".
Politoloq sözlərinə davam edərək bildirib ki, qısa müddət öncə Sakit okean dövlətlərinin iştirakı ilə Çinə qarşı növbəti ciddi bir blok formalaşdırıldı: "Hədəf də Çinin qlobal inkişaf perspektivlərinin əngəllənməsidir. Bu gün Rusiyanın Ukrayna ilə müharibəyə təhrik edilməsində də əsas hədəflərdən biri məhz Çindir. Çünki ABŞ öz Qərb müttəfiqləri ilə birgə Çinə qarşı başladacağı iqtisadi müharibə zamanı onun yanında Rusiya kimi böyük hərbi potensiala sahib bir qüvvənin yer almasının qarşısını almaq üçün belə bir geopolitik layihələrin həyata keçirilməsinə çalışdı. Çox təəssüf ki, Rusiya da bu təhriklərə uyaraq Ukraynada müharibəyə başladı. Çinin Rusiyaya verdiyi dəstəyin də başlıca səbəbi Rusiyanın sıradan çıxarılmasından sonra növbəti hədəflərdən birinin Çin olacağı ilə bağlı real proqnozların olması ilə əlaqələndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB