Ermənistanda dırnaqarası demokratiyanı göstərən GÜZGÜ – TƏHLİL

Ermənistanda dırnaqarası demokratiyanı göstərən GÜZGÜ – TƏHLİL

Bütün dünya ölkələrində hakimiyyətlə yanaşı müxalifət də mövcuddur və bu ən normal, qəbuledilən haldır. Əslində, müxalifət iqtidarın, mövcud hakimiyyətin fəaliyyətini daha diqqətlə izləyəndir və bu fəaliyyət sayəsində çatışmazlıqlar, nöqsanlar müəyyən olunur, aradan qaldırılır və bu baxımdan da müxalifətin mövcudluğu olduqca vacib hesab olunur. Məsələ burasındadır ki, müxalifət bunu tənqid xatirinə, qərəzli şəkildə etməməlidir, obyektiv olmaldır. Həm də mövcud hakimiyyətdə gördüyü çatışmazlıqlar gərək müxalifətin özündə olmamalıdır, fəqət Ermənistan müxalifəti barədə bunlürı demək mümkün deyil.

Heç də Nikol Paşinyan hakimiyyətini müdafiə etmək, bu hakimiyyət komandasının tərəfini saxlamaq, həmin komandanın demokratik prinsplərə riayət etdiyini ifadə etmək, doğru yolda olduğunu iddia etmək kimi bir niyyətimiz yoxdur, amma bu da sirr deyil ki, onları tənqid etəşinə tutan həmin ölkənin müxalifəti də doğru yolda deyil və heç olmayıb da. Bu gün Ermənistan hakimiyyəti nə qədər demokratiya nağılları danışmaqda davam etdə də bunun cəfəngiyyat olduğunu bütün dünya, eləcə də o ölkənin müxalifəti də bilir və bu barədə bar-bar bağırır. Məsələ burasındadır ki, həmin ölkənin müxalifəti bir zamanlar iqtidarda, hakimiyyətdə olanlardır və onların da nə yuvanın quşu olduğu hamıya, eləcə də erməni xalqının özünə belə bəllidir. Bəllidir ki, uzun illər hakimiyyətdə təmsil olunanlar özləri də nə demokratiyanı, nə də ən ali prinsplərin birini belə hesaba almayıblar.

İstər Koçaryanın, istərsə də Sarkisyanın hakimiyyət illəri heç də qədim dövrə təsadüf etmir və o dövrləri də erməni xalq çox yaxşı xatırlayır. Bu gün müxalifət cəbhəsində olan və Ermənistan hakimiyyətini yanlışlıqda ittiham edən həmin o adamlar bir zamanlar özləri də yanlış siyasət yürüdüblər və heç bir demokratik prinspə məhəl belə qoymayıblar. Paşinyanın özünə, eləcə də Ermənistana qarşı tənqidlərin yer aldığı son “Freedom House” və “Heritage” hesabatlarını Ermənistan hakimiyyətinə xatırladanlar süddən çıxan ağ qaşıq deyillər. Ölkələrində olan çirkin mühitin, bulanıq suyun səbəbkarlarından onlar özləri də sayılırlar. Onlar deyirlər ki, Qərb Ermənistanda problemlərin olduğunu çoxdan hiss edib, amma susmağa üstünlük verib, indi isə tənqidə əl atıb. Maraqlıdır, çoxdan dedikdə hans vaxtı, hansı dövrü nəzərdə tuturlar? Onlar özlərini də bu zaman fasiləsinə daxil edirlər, yoxsa çoxdan dedikdə yalnız Nikol adlı küçə nümayişçisinin meydanlarda peyda olduğu dövrdən indiyədək olan dövr başa düşülür?

Ermənistanda insan haqları ilə bağlı heç bir problem olmadığını, ölkənin azadlıq reytinqinin günbəgün aşağı düşmədiyini söyləmək, iddia etmək ən böyük axmaqlıqdır, hərçənd bunu ifadə edənlər də həmin ölkədə tapılır. Bu ölkənin qondarma da olsa müstəqilliyi, suverenliyi elan olunandan sonra demokratiya deyilən bir şey orada nəinki olmayıb, hətta olan-olmaz haqlar da kütlənin, xalqın əlindən alınıb. Bunu reytinq cədvəlləri də təsdiq edir. Təsdiq edir ki, daim geriləmə olub və geriləmə bu gün də davam etməkdədir. İqtisadi azadlıq indeksinin azalması da öz növbəsində deyilənləri təsdiqləyir.

Bəli, seçkilərdə məcburiyyət halları, seçicilərin satın alınması, hakim partiya ilə dövlət arasında sərhədlərin müəyyən edilməməsi kimi məsələləri Ermənistan müxalifəti haqlı olaraq ortaya atır, amma qeyd olunduğu kimi, həmin müxalifət də bu kimi hallara rəvac verib axı. İnzibati resurslardan sui-istifadə iddiaları, kampaniya ilə bağlı qeyri-adekvat hesabatlar məgər bundan əvvəlki hakimiyyətə, indiki müxalifətə aid deyildimi? Hazırki müxalifət bir zamanlar hakimiyyətdə olduğu zaman maliyyə hesabatları şəffaf idimi? Əlbəttə ki, şəffaf deyildi və qaranlıq məqamlar olduqca çox idi. İndi ortaya atılan məsələlər Köçəryanın və Sarkisyanın hakimiyyəti illərində baş verənlərlə hər hansı bir şəkildə müqayisə edilirmi? 2008-2018-ci illərdə hakim respublikaçılar ilə hazırki hakimiyyət, Paşinyan komandası arasında hansısa aydın bir fərq görürmü erməni xalqı? Görmür. Ona görə ki, çirkabı elə həmin o Sarkisyanlar, Koçaryanlar özləri də qəbul ediblər və bu da Ermənistan vətəndaşlarının gözləri önündə cərəyan edib. Haylar şahidi olublar ki, respublikaçıların deputatı Hovhannes Saakyan 2013-cü il seçkilərində seçicilərə rüşvət vermə faktını açıq şəkildə etiraf edib. Hətta onu da bilirlər ki, Sarukyan, Ohanyan, Oskanyan bloklarının nümayəndələri respublikaçılar tərəfindən döyülüb də. Bütün bunlara demokratiya adı vermək olarmı? Olmaz. Yaxşı, elə isə demokratiyanı öz hakimiyyətləri dövründə yaxın buraxmayanlar, insan azadlıqlarına məhəl qoymayanlar indi nədən dəm vururlar? Buna haqları çatırmı? Çatmır, çata da bilməz.

Bəli, heç şübhəsiz ki, istənilən dövlətə, xüsusən də öz dövlətini demokratik dövlət adlandıran hökumətə siyasi müxalifət lazımdır. Bundan imtina etmək də mümkün deyil, lakin gərək müxalifət də buna layiq olsun. On illər boyu hakimiyyətə olub demokratiyanı ayaq altına atanlar belə ali dəyərlərdən danışmaq hüququna sahib deyillər axı. Ermənistanda söz azadlığı məgər indi pozulub? Yoxsa demokratiya indi yoxa çıxıb? Belə ali dəyərlər olmayıb axı heç zaman və bu vaxta qədər həmin o müxalifət adlandırılan sabiqlər harda idilər? Özləri niyə bu məsələ ilə məşğul olmurdular öz hakimiyyətləri dövründə? İndi onlar deyirlər ki, Qərb, ümumilikdə bütün dünya bu ölkədə demokratiyanın olmadığını çoxdan bilirdi, amma susurdu. Yaxşı, əvvəla niyə susurdu? Digər tərəfdən də susduğunu bildikləri halda bundan sui istifadə edirdilərmi? Suallar, özü də məntiqi suallar olduqca çoxdur, amma buna kiminsə cavab vermək fikrində olmadığı da bəllidir. Bu gün nə Ermənistan hakimiyyətinin, nə də onun müxalifətinin reallıqları, həqiqətləri qəbul etmək fikrində oldmadığı göz önündədir. Göz önündə olan həm də odur ki, hər iki tərəfdə hakimiyyət hərisliyi birinci planda dayanıb. Ermənistanın real mənzərəsini göstərən güzgü məhz budur.

Ən gülünc məqam odur ki, haylar güzgüdə özlərinə baxmaq əvəzinə bütün dünyanı mühakimə edir, digər ölkələri demokratik norma və qaydaların müəyyən pozuntularına görə tənqid də edirlər. Ölüm hökmü, irqi ayrı-seçkilik, məhbuslarla pis rəftar, məhbusların açıq məhkəmə və istintaq olmadan saxlandığı Quantanamo həbsxanası barədə danışan ermənilər, bu məsələlərin BMT-nin İnsan Hüquqları Şurasının üzvləri tərəfindən mütəmadi olaraq qaldırıldığını da bildirirlər. Doğrudur, sadalanan hallar heç də demokratiyanı əks etdirmir, əksinə, insan azadlığının köbud şəkildə pozulması deməkdir. Məsələ burasındadır ki, həmin iradları heç olmasa demokratik ölkələr və onların vətəndaşları, müxalifəti, yaxud da iqtidarı etsəydi dərd yarı idi. Təsadüfi deyil ki, ABŞ-ın BMT-nin İnsan Haqları Şurasındakı o vaxtkı səfiri Keyt Harper Amerikanı tənqid edənlərə “özlərinə güzgüdə baxmağı” tövsiyə etmişdi. Bax elə ermənilər özləri güzgüyə baxmalı olanlardan sayılır. Ermənistanda heç zaman olmayan demokratiyanı göstərən güzgüyə haylar nəinki vaxtaşırı, durmadan baxmalı və nəticə çıxarmalıdırlar. Harperin bir zaman dediyi kimi, baxmalıdırlar ki, güzgüdəki görüntüləri, düşüncələrindəki vəhşi avtoritar təbəssüm hətta özlərini belə dəhşətə gətirsin, reallıqları barı anlasınlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə