Bu gün dünya mətbuatının əsas xəbərlərini Münxen Təhlükəsizlik Konfransında müzakirə edilən məsələlər təşkil edir. Bu konfrans 1962-ci ildən keçirilir. Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən 90 nazir iştirak edir. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən enerji məsələləri də gündəmdədir.
Qeyd edək ki, fevralın 17-19-da Avropa məkanında vacib siyasi diskussiya platforması sayılan Münxen Təhlükəsizlik Konfransına dəvət olunan az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidentidir. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib ki, Azərbaycan qaz təchizatını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verdi: "Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi".
Prezident İlham Əliyev bildirib ki, orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir: "2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək».
Ən əsas məqam isə, tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdilər. Bu isə, Azərbaycan Prezidentinin enerji diplomatiyasının uğurudur. Əlbəttə, öz enerji təhlükəsizliyini Azərbaycanın hesabına təmin etməyə çalışan Avropa ölkəmizdə siyasi sabitliyin davamlı və hər hansı bir təcavüzə qarşı dayanıqlı olmasında maraqlıdır. Bu fakt öz növbəsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və siyasi dəstək qazanmasına imkan yaradacaq.
Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın güclü siyasi iradəsini bir daha ortaya qoydu
Digər məqam isə, bu Konfransda Azərbaycan Prezidentinin iştirakı ölkəmizin tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunun təzahürü kimi xarakterizə edilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi bu tarixi görüşdür. Çünki ilk dəfədir ki, Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, artıq "Dağlıq Qarapbağ" ifadəsi etibarlı deyil: ""Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ» ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. "Naqorno" sözünün mənası dağlıq deməkdir".
Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: "Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur».
Dövlət başçısı onu da bildirib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi: «Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib".
Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduq: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq".
Bəli, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə Güclü Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin rəşadəti ilə 30 illik həsrətə 44 gündə son qoyuldu və Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
"Dağlıq Qarabağ" münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur,-deyən Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bildirib ki, biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə ünsiyyətimizi kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisinə bərabər ərazimizin tamamilə xarabalığa çevrilməsini, sadəcə, unuda bilmərik.
Dövlətimizin başçısı vurğulayıb ki, bu, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyub, 67 məsciddən 65-ni dağıdıb, murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər.
Digər məqam isə, həmişə olduğu kimi, bu dəfə də Ermənistanın baş naziri Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində «Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması» mövzusunda keçirilən plenar iclasında da özünü gülünc vəziyyətə qoydu. Xatırladaq ki, 3 il bundan əvvəl Münxendə Prezident İlham Əliyevlə birgə debatda da Paşinyan sərsəm çıxışı ilə savadsız olmaqla yanaşı, həm də yalançı olduğunu bir daha göstərmişdi.
Belə ki, Azərbaycan Prezidentinin işğal altında olmuş torpaqlarımızdakı 67 məsciddən 65-inin dağıdıldığını vurğulamasına Paşinyanın: «Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə min məscid dağıdılıb», - deməsi nə qədər məntiqsiz və düşüncəsizlikdir. Bir neçə min hara, 65 hara – bu qədər də ağ yalan, bu dərəcədə məsuliyyətsizlik olar?
Bəli, bir sözlə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir daha özü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Beləliklə, dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransı bu dəfə də Azərbaycan üçün uğurlu oldu. Və konfransda iştirak edən Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışlar etməsi bir daha dünyanın ölkəmizə olan marağını və Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etəklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
FUAD HEYDƏR,
siyasi icmalçı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB