MÜNXEN KONFRANSI: Azərbaycan üçün təşəbbüslər platforması - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır”
Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.
Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfər edib. Fevralın 17-də Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşü olub. Dövlətimizin başçısı görüş zamanı Azərbaycanda bərpa olunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirib.
Dövlət başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edib, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirib.Prezident İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib və ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar var.
ÖTƏN İL AZƏRBAYCANIN QAZ TƏCHİZATININ ARTIRILMASI AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ VERİLƏN TÖHFƏ İDİ
Bu fakt inkaredilməzdir ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bu gün real faktordur ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və xarici siyasət strategiyası sayəsində reallaşıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə əvvəldən gələcək üçün nəzərdə tutulmuşdu, layihənin ilk günlərindən potensialın genişləndirilməsi barədə artıq danışılırdı. Bu baxımdan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında dövlətimizin başçısı: "Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”.
Prezident İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb.
ORTA VƏ UZUNMÜDDƏTLİ PERSPEKTİVDƏKİ HƏDƏF CƏNUB QAZ DƏHLİZİNİN GENİŞLƏNDİRİLMƏSİDİR
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.
Dövlətimizin başçısı qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
AZƏRBAYCAN BUNDAN SONRA DA AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ VACİB ROL OYNAMAĞA DAVAM EDƏCƏK
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb.Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək. Bəli, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib. Bu gün Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.
Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB