Azərbaycanın enerji istehsalı sahəsində yeni uğuru

Azərbaycanın enerji istehsalı sahəsində yeni uğuru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVT gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak və çıxış edib. Cənab Prezident çıxışında qeyd edib ki, Azərbaycan enerji potensialına görə dünyanın öndə gedən ölkələri sırasındadır. Ölkənin elektroenergetoka sahəsində əsas rol oynayan Mingəçevirdə yeni 1280 MVT gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması ilə bu şəhər nəinki Azərbaycanın, ümumiyyətlə Qafqazın ən böyük enerji mərkəzinə çevrilmişdir. Cənab Prezident daha sonra qeyd edib ki, yeni istilik elektrik stansiyasının təməlinin qoyulması ölkəmizin enerji təhlükəsizliyinə verilən növbəti töhfədir. Stansiyanın tikilməsi və istifadəyə verilməsi ilə həmin ərazidə əhalinin məşğulluğu məsələsi də öz həllini tapacaq, yeni iş yerləri yaranacaq. Yeni stansiya işə düşdükdən sonra həm daxili tələbatımız ödənəcək, həm də xarici bazarlara enerji ixracını artıra biləcəyik. Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə tikəcəyik. Bu layihənin reallığa çevrilməsində İtaliya və Çin şirkətləri iştirak edəcək.

İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı da İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Təməlqoyma mərasimində iştirak etdiyimiz növbəti istilik elektrik stansiyası 2025-ci ildə fəaliyyətə başlayacaq və bizim enerji potensialımızı daha da gücləndirəcək. Mərasimdə çıxış edənlər qeyd etmişlər ki, enerji istehsalı sahəsində etibarlı tərəfdaş olduğu üçün Azərbaycanda işləmək onlar üçün çox xoşdur. Biz inanırıq ki, yeni stansiya vaxtında və yüksək keyfiyyətlə tikilərək, həm ölkənin, həm də Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəkdir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə