Milli-tarixi salnamənin başlanğıc nöqtəsi – HEYDƏR ƏLİYEV FAKTORU MƏQALƏ

Milli-tarixi salnamənin başlanğıc nöqtəsi – HEYDƏR ƏLİYEV FAKTORU MƏQALƏ

Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm

Ulu Öndər Heydər Əliyev

Nüfuzlu şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

XX əsrdə Azərbaycan xalqına öz dövlət müstəqilliyini iki dəfə bərqərar etmək nəsib olmuşdur. Təxminən bir əsrlik müstəmləkə həyatından sonra 1918-ci ildə elan edilən istiqlaliyyət cəmi 23 ay hökm sürsə də, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa ediləndə artıq 1970-1980-ci illərdə müstəqilliyin sosial-iqtisadi və maddi-mənəvi əsasları yaradılmışdı. Bu təməl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə tariximizə qızıl hərflərlə yazılmış intibah mərhələsində qoyulmuşdu.

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Məhz həmin dövrdə - 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Məhz bu çıxışda Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi. Belə ki, Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda Ulu Öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi.

Mübarizə mərhələsinin başlanğıcı...

O cümlədən, məhz belə bir dövrdə, 1969-cu ilin iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi baş verdi, Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən dərhal sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumu Azərbaycanın sonrakı inkişaf tarixində dönüş nöqtəsi oldu.

Daha bir danılmaz faktdır ki, XX əsrin 60-cı illərində ermənilər torpaqlarımıza qarşı ərazi iddialarını davam etdirmiş və mərkəzi hakimiyyətin fəal dəstəyi ilə bir sıra hallarda Azərbaycan ərazilərini qəsb etməyə nail olmuş, hətta yeni ərazilərin qəsbi barədə rəsmi mərkəzi hakimiyyətin dəstəyi ilə Azərbaycanın əvvəlki rəhbərliyi səviyyəsində qərar qəbul etdirməyə də nail olmuşdular. Beləliklə, bir tərəfdən respublikada illərlə yığılıb qalmış ciddi problemlər özünün təcili həllini gözləyirdi, digər tərəfdən bu problemlərin həlli üçün ilk növbədə siyasi idarəçilikdə, cəmiyyətdə qayda-qanun, nizam-intizam yaradılmalı və sosial-iqtisadi geriləmənin qarşısı dərhal alınmalı idi. Qarşıda isə respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu nəhəng sosialist dövlətinin sənayesinin təmin olunmasına xidmət göstərən xammal bazasından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye respublikasına çevirmək, monokultura xarakterli kənd təsərrüfatını qaldırmaq, paytaxt Bakı şəhərini abadlaşdırmaq və inkişaf etdirmək, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq və s. kimi həlli vacib vəzifələr dayanırdı...

Erməni məkrinin qarşısı alındı

Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmlətdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. İlk növbədə, yaranmış böhranlı vəziyyətin birbaşa və əsas səbəbkarı olan vəzifəli şəxslərin bir çoxunu tutduqları vəzifədən azad etdi. Azərbaycan KP MK-nın “Respublikada cinayətkarlığa qarşı mübarizəni gücləndirmək tədbirləri haqqında” 7 mart 1971-ci il tarixli qərarında bütün cinayət hallarının aşkarlanması, cinayətkarlığa qarşı vahid cəbhə təşkil edilməsi bir və­zifə kimi qarşıya qoyuldu. Aparılan ardıcıl mübarizə nəticəsində qısa müddətdə Azərbaycanda sağlam mənəvi-siyasi şərait yarandı. Ermənilərin Azərbaycana qarşı məkrli və təcavüzkar əməllərinin qarşısı Heydər Əliyev tərəfindən qətiyyətlə alındı. Respublikada uğurlu idarəçilik metodlarının tətbiqi, Azərbaycanda sosial-iqtisadi tənəzzülün qarşısının qısa zamanda alınması və sürətli inkişaf yoluna qədəm qoyulması Heydər Əliyevin ittifaq miqyasında nüfuzunu xeyli artırdı. O, 1976-cı ildə Sov.İKP-nin XXII qurultayında Sov.İKP MK üzvü və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi.

Sənayenin təməl prinsipləri – rəqəmlərlə...

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublika sənayesi sürətli yüksəliş dövrünə qədəm qoydu. 1971-1975-ci illərdə sənaye istehsalının həcmi 50 faiz, əmək məhsuldarlığı 34 faiz artdı. Sənayedə məhsulun istehsalı artımının 76 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə edildi. Məhsulun keyfiyyət göstəriciləri xeyli yaxşılaşdı, 64 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. 1970-ci ildə o dövrün mühüm istehsal göstəricilərindən biri kimi keyfiyyət nişanlı məhsul növlərinin sayı cəmi 9 idisə, 1975-ci ildə respublikada 219 məhsul dövlət keyfiyyət nişanı ilə buraxılırdı. 1975-ci ildə Azərbaycan SSR-də əsas fondların dəyəri 17 milyard 600 milyon manat, o cümlədən, əsas istehsal fondlarının dəyəri 12 milyard 400 milyon manat təşkil edirdi. Müstəqil balansda 824 sənaye müəssisəsi, sənayedə 22 istehsal və elmi-istehsal birliyi, 342 min nəfər sənaye istehsal işçisi var idi. 873 kolxoz, 496 sovxoz, 104 təsərrüfatlararası müəssisə, təşkilat və birlik, 54 təsərrüfatlararası kənd təsərrüfatı müəssisəsi var idi. 1971-1974-cü illərdə Azərbaycan 6 dəfə Ümumittifaq sosializm yarışının qalibi kimi keçici “Qırmızı bayraq”la mükafatlandırılmışdı.

Azərbaycanda neft sənayesi sürətlə inkişaf etməyə başladı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dərinlikdə işləyə biləcək 12 yeni qazma qurğusu gətirilmiş, yeni qurğuların (“Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş”, “Lider” – dövrün xüsusiyyətlərini nəzərə alsaq, bu adlardakı dərin mənalar heyrət doğurur) yaradılmasına 700 milyon ABŞ dollarından çox sərmayə qoyulmuşdu. 1970-1990-ci illərdə respublikanın neft-qaz hasilatı sənayesinin inkişafı üçün 3 milyard manat vəsait qoyuluşu həyata keçirilmiş, 42 perspektivli sahə və yataq kəşf edilmiş, dənizin 84 metr dərinliyində 6 min metr və daha çox dərinlikdə quyular qazılmışdı. Həmin vəsaitin 2 milyard manatı 1976-1980-ci illərin payına düşürdü. 70-80-ci illərdə neft emalı zavodlarında 90 adda müxtəlif neft məhsulları istehsal olunurdu. 1985-ci ildə istifadəyə verilən, dünyada yalnız Azərbaycanda inşa olunmuş Bakı Dərin Dəniz Özülləri zavodunun tikintisinə 450 milyon ABŞ dolları sərf olunmuşdu. Artıq 1990-cı illərin əvvəllərində Azərbaycan SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə sənaye istehsalının həcmi 2,6 dəfə artmış, 1981-ci ildə sənaye məhsulunun ümumi istehsalı 11 milyard manat təşkil etmişdi. Əvvəlki 50 il ərzində (1920-1970-ci illərdə) isə bu rəqəm cəmi 4 milyard manat olmuşdu. 70-ci illərdə istehsal olunan məcmu ictimai məhsulun 65,5 faizi sənayenin payına düşürdü. 1971-80-ci illərdə respublikanın qida sənayesinə 455 milyon manat kapital qoyuluşu həyata keçirilmiş, əsas istehsal fondları 2,3 dəfə artmışdı. 1970-80-ci illərdə respublikada sənaye məhsulu istehsalı 3 dəfəyə qədər artmış, Azərbaycan sənaye məhsulu istehsalı artımına görə SSRİ-də birinci yerə çıxmışdı. 1980-ci ildə dəyəri bir milyon manat olan məhsulun istehsalı üçün 1969-cu ildəki 73 adam əvəzinə 37 adam tələb olunurdu ki, bu da təqribən 398 min adamın əməyinə qənaət edilməsi demək idi. Bütün səviyyələrdə təsərrüfatçılığın yaxşılaşdırılması, maddi ehtiyatlardan və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsi hesabına bütövlükdə sənaye üzrə mənfəət 2,2 dəfədən çox artmışdı.

1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmış, əvvəlki 50 ildə olduğu qədər və ya son 30 ildəkindən təxminən iki dəfə çox – 101,5 mlrd. manatlıq məhsul istehsal edilmişdi. Xalq istehlakı malları istehsalı 3 dəfə çoxalmış, əmək məhsuldarlığı və sənayedə məhsul istehsalı 2 dəfə artmışdı ki, bu da 430 min insanın canlı əməyinə qənaət etmək demək idi.

1976-cı ildə respublikada fəaliyyətdə olan müəssisələrin 10 faizindən də azı (cəmi 64 müəssisə) 242 adda sənaye məhsulunu keyfiyyət nişanı ilə buraxırdısa, 1980-ci il oktyabrın 1-də 1307 məhsul keyfiyyət nişanına layiq görülmüş, Azərbaycan keyfiyyət nişanlı məhsulun xüsusi çəkisinə görə orta ittifaq səviyyəsini ötüb keçmişdi.

1970-80-ci illərdə respublikanın yanacaq-energetika kompleksinin inkişafına əvvəlki on ildəkindən 1,8 dəfə çox – 300 milyon manat kapital yönəldilmişdi. 1971-ci ildə Naxçıvanda Araz Su Elektrik Stansiyası (SES), 70-ci illərin ortalarında Tərtər SES, 1981-1984-cü illərdə 380 min kilovat gücündə Şəmkir SES və 1 milyon 200 min kilovat gücündə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası işə salınmış, 500 kilovoltluq elektrik xətləri çəkilmişdi. 1981-ci il oktyabrında Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri və Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES istifadəyə verilmişdi. Bu dövrdə hər il orta hesabla 2800 km elektrik xətləri çəkilmiş, elektrik enerjisi istehsalı 2 dəfəyədək artmış, 1990-cı ildə 23,2 milyard kilovata çatmış, Azərbaycanın enerji müstəqilliyi təmin edilmişdi. 1980-ci illərin əvvəllərində Azərbaycanın yalnız iki elektrik stansiyası – Mingəçevir və Şirvan elektrik stansiyalarının gücü SSRİ-də tikilməsi nəzərdə tutulan 30 stansiyanın gücünə bərabər idi. Respublikanın energetika kompleksinə 15,2 mlrd. kilovat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyası daxil idi.

Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ilə yaxın müddətdə onların sayı 1048-ə çatmışdı. Sənayedə elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunmuş, 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı.

Əmək ehtiyatlarını istehsalata daha geniş cəlb etmək üçün xırda və orta sənaye müəssisələrinin çoxu paytaxtdan kənarda tikilmişdi. 1970-ci ildə sənaye məhsulunun 32, 1985-ci ildə isə 42 faizi Bakı-Sumqayıt sənaye rayonunun hüdudlarından kənarda istehsal edilmişdi. Sovet hakimiyyəti illərində tikilən 465 iri sənaye müəssisəsinin paytaxt Bakıdan kənar ərazilər üzrə paylanması 70-80-ci illərdə 70 faizə qalxmış, Gəncə, Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Quba, Sumqayıt, Mingəçevir, Daşkəsən, Şirvan şəhərləri mühüm sənaye ocaqlarına çevrilmişdi.

Həyata keçirilən nəhəng tikinti-inşaat prosesləri

Heydər Əliyev Azərbaycan KP MK-nın 1976-cı il iyunun 23-də keçirilən plenumundakı məruzəsində tikinti sahəsini inkişafın prioritet istiqaməti elan etmişdi. Nəticədə 70-ci illərdə respublikanın paytaxtı Bakıda, iri şəhərlərdə və ayrı-ayrı rayon mərkəzlərində onlarla zavod və fabriklər, kombinatlar, sosial-mədəni və məişət təyinatlı obyektlər tikilib istifadəyə verilmişdi. 1970-80-ci illərdə tikintidə əmək məhsuldarlığı 46 faiz artmışdı ki, bu da artıq ittifaq üzrə göstəricidən (41 faiz) yüksək idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1969-1982-ci illərdə 18,5 milyon kvadratmetr mənzil sahəsi (376,1 min yeni tikilmiş mənzil) istifadəyə verilmiş, Bakı şəhərinin mövcud yaşayış fondu miqyasına bərabər yeni “şəhər” salınmışdı. Həmin mənzillərin hesabına 2 milyon 2 yüz mindən çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşmış və ya öz mənzil şəraitini yaxşılaşdırmışdı.

Kənd təsərrüfatı sahəsində qlobal dəyişikliklər

Heydər Əliyevin respublikaya uğurlu rəhbərliyinin nəticəsi idi ki, 1970-ci il iyulun 23-ü və 25-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-in kənd təsərrüfatının inkişaf tədbirləri haqqında” və “Azərbaycan SSR-in xalq təsərrüfatının inkişafı haqqında”, 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” və 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” dörd mühüm qərar qəbul etmişdi. Bu qərarların yerinə yetirilməsi Azərbaycanda kənd təsərrüfatının xüsusi çəkisinin yüksəlməsində mühüm rol oynadı.

1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği (2 milyard manat) əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən (800 milyon manat) 2,5 dəfə artıq idi. Bu sahədə görülən tədbirlər aqrar sahənin sürətli inkişafı üçün mühüm zəmin təşkil etmişdi. Kənd təsərrüfatının orta illik ümumi məhsulu 1971-1975-ci illərdə 1 milyard 400 milyon manata çatdırılmışdı ki, bu da əvvəlki beş ildəkindən 34 faiz çox idi. Kənd təsərrüfatını inkişaf etdirmək üçün 1 milyard 390 milyon manat vəsait ayrılmışdı. Kənd təsərrüfatının bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycan SSRİ-də ən iri üzüm istehsalçısına çevrilmişdi. 1976-80-ci illərdə əvvəlki beşilliyə nisbətən 3 milyard 2 milyon manatlıq əlavə kənd təsərrüfatı məhsulları istehsal edilmişdi. 1969-82-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdi. 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 1920-ci ildəkinə nisbətən 2,2 dəfə, o cümlədən, bitkiçiliyin dəyəri 2,6 dəfə, heyvandarlıq məhsullarının dəyəri 1,7 dəfə yüksəlmişdi.

Əhalinin tələbatını ödəmək üçün istehlak malları istehsal edən müəssisələrin şəbəkəsi genişləndirilmiş, 1970-1982-ci illərdə xalq istehlakı mallarının artırılmasına 1 milyard 200 milyon manat yönəldilmişdi ki, bu da əvvəlki dövrdəkinə nisbətən 3,6 dəfədən də çox idi. Kütləvi tələbat olan məhsul istehsalı 2,5 dəfə artmış, istehlak mallarının 10 mindən çox yeni növü və modeli buraxılmışdı.

Həmin illərdə 633 min yeni iş yeri yaradılmışdı

1970-82-ci illərdə iqtisadiyyatın inkişafına 23 milyard 900 milyon manat vəsait qoyulmuşdu ki, 1920-1982-ci illərdə sərf edilən vəsaitin 58,4 faizini təşkil edirdi və əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. Əsas fondlar əvvəlki 25 ildəki daxilolmaları 1,6 dəfə üstələyərək 18 milyard 600 milyon manata yüksəlmiş, fond verimliliyi 1,3 dəfə artmışdı. Həmin illərdə 633 min yeni iş yeri yaradılmış, fəhlə, qulluqçu və kolxozçuların sayı 1985-ci ildə 813 min nəfər (1,5 dəfə) artaraq 2 milyon 360 min nəfərə çatmışdı. Belə ki, əhalinin demoqrafik artımında və sosial strukturunda da müsbət istiqamətdə ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, əhalinin sayı 1970-ci ildəki 5 milyon 117 min nəfərdən 1980-ci ildə 6 milyon 202 min nəfərə, 1987-ci ildə isə 6 milyon 811 min nəfərə çatmış, şəhər əhalisi 1970-ci ildəki 50 faizdən 1987-ci ildə 54 faizə yüksəlmişdi.

Azərbaycanlı gənclər müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislər olaraq SSRİ miqyasında nüfuz qazandılar

Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə vermiş olur. Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların ölkənin gələcək inkişaf strategiyasına hesablandığı duyulur. Hələ sovet dönəmindəki hakimiyyət illərində Azərbaycandan kənarda respublikamız üçün ən zəruri olan ixtisaslar üzrə 15 mindən artıq yüksəkixtisaslı mütəxəssis hazırlanması faktını təhlil edən Rusiya analitikləri bu nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görürmüş.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafında Azərbaycan müəllimlərinin XI qurultayı zamanı "Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik..." deyə səsləndirdiyi fikir dövrünün təhsil strategiyasının siyasi taleyini ehtiva edirdi. Ulu Öndərin bu dövrdə hərbi məktəbin açılmasına nail olması, Onun sovet totalitar rejiminin ən möhkəm dönəmində bu addımı atması Azərbaycan üçün ən böyük töhfəsi idi. O dövrün nəhəng layihələrindən Kondisioner, Dərinlik Özülləri zavodları, obyektlərin tikintisi ulu öndərin iradəsinin, qətiyyətinin bariz nümunəsidir.

Fakt isə budur ki, xalqın kamal dünyasının formalaşdırılması, mənəviyyat sahələrinin inkişaf etdirilməsi Heydər Əliyevi milli özünüdərkimizin təkamülünə də üfüqlər açdı. Mənəviyyat xadimlərinin - yazıçı və şairlərin, rəssamların sosial həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan ehtiyaclarının təminatına xüsusi qayğı var idi. Azərbaycanda elmin-təhsilin inkişafına geniş meydan verərək vətəndaşların maariflənməsi üçün ulu öndər Heydər Əliyev müasir ölkənin gələcəyinə hesablanan tədbirlər sırasına daxil idi. Ümummilli lider elmin, təhsilin inkişafını xalqın gələcəyini təyin edən əsas şərtlərdən biri hesab edirdi. Xalqın, millətin, dövlətin gələcəyi təhsilin inkişafı ilə bağlıdır və elmi tərəqqi etməyən ölkə qüdrətli bir ölkə olmaq imkanına malik deyil.

1969-82-ci illərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. Bu dövrdə Heydər Əliyevin göstərdiyi mühüm xidmətlərdən biri də milli hərbi kadrların yetişdirilməsi olmuşdur. Azərbaycan KP MK 1969-cu il oktyabrın 21-də gənclərin hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi, hərbi sahəyə marağının artırılması məsələsini geniş müzakirəyə çıxararaq “Gənc hərbi-vətənpərvərlər məktəbinin yaradılması haqqında” qərar qəbul etmişdi. Ümummilli Lider Azərbaycanda ali hərbi məktəblər üçün müdavim hazırlayacaq orta ümumtəhsil məktəbinin yaradılması üçün bütün siyasi maneələri dəf edərək 1971-ci il iyul ayının 28-də C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. 70-80-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində 2 mindən çox azərbaycanlı zabit hazırlanmışdı.

Səhiyyə və mədəniyyət sahələrində irəliyə doğru böyük sıçrayış

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 44 muzey, 50 min yerlik 111 kinoteatr istifadəyə verilmişdi. 1980-ci ilin sonunda respublikada ümumi kitab fondu 31,7 milyon nüsxə olan 3858 kütləvi kitabxana (onlardan 3252-i kənd yerlərində idi), 3212 klub və mədəniyyət evi, 2300 kino qurğusu (1611-i kənd yerlərində) var idi.

Ulu Öndər Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Məşədi Əzizbəyovun, Nəriman Nərimanovun, Qəzənfər Musabəyovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu.

1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Eyni zamanda, Vaqifin məqbərəsi Qarabağ səmalarına ucaldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı.

Məxsusi bir qərarla repressiya qurbanlarının - əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı. Sonralar Heydər Əliyev bu illəri yada salaraq deyirdi: "...Biz 1973-cü ildə böyük şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən ötrü Bakının mərkəzi küçələrindən birində Nəsiminin heykəlini ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut və məktəblərə, küçələrə onun adını verdik".

Ulu Öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük diqqət və maraq göstərmiş, tez-tez teatr tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1970-1982-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı adının, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin böyük adlara məhz ulu öndər Heydər Əliyevin sayəsində layiq görüldü. Bütövlükdə mədəniyyət və incəsənətin - kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, heykəltəraşlığa da ulu öndər Heydər Əliyev ciddi qayğı göstərirdi.

1969-82-ci illərdə bütün digər sahələr kimi Azərbaycan səhiyyəsi də özünün sürətli inkişaf dövrünü yaşamış, Heydər Əliyevin rəhbərliyinin ilk on ili ərzində respublikada 21 min yerlik xəstəxana və poliklinikalar istismara verilmişdi. 1980-ci ildə Azərbaycanda 21 min çarpayısı olan 112 sanatoriya və istirahət ocağı, 20,6 min həkim, 50,9 min orta tibb işçisi var idi. Əhalinin hər 10 min nəfərinə 33,2 həkim, 82,1 orta tibb işçisi düşürdü.

Beləliklə, 1969-cu ildə Ulu Öndər Azərbaycanda öz hakimiyyətinin birinci dövrünə başlayarkən keçmiş sovet dövlətinə daxil olan 15 müttəfiq respublika içərisində bütün əsas iqtisadi göstəricilərə görə geridə qalmış, yalnız Türkmənistanı üstələyərək 14-cü yerdə qərarlaşmış bir ittifaq respublikasını öz sələflərindən təhvil almışdı. 1990-cı illərin əvvəllərində SSRİ-nin sürətlə süquta getdiyi bir dövrdə yalnız iki müttəfiq respublikanın müstəqil dövlət kimi özünü doğruldacağı qənaəti formalaşmışdı ki, bunlardan biri də məhz Azərbaycan idi (digəri isə Rusiya idi). Bu baxımdan, Ulu Öndər Heydər Əliyev özü respublikaya rəhbərliyinin birinci dövrünü ən lakonik və yüksək səviyyədə ifadə etmişdir: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Danılmaz həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. SSRİ-ni lərzəyə salan milli-azadlıq hərəkatının qüdrəti və əzəməti Dahi Şəxsiyyət Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi.

Bu barədə Azərbayca xalqının Ümummilli Lideri Heydər Əliyev bu məqamları belə vurğulayırdı: "... Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərək və bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm...".

Nazim İSMAYILOV,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə