Azərbaycan gəncliyinin gələcəyinə böyük inam TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, fəallığı ilə fərqlənən gənclərimiz mükafatlandırıldı

Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində fəal mövqe sərgiləyərək, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan gəncliyi, ölkədə gedən proseslərin önündə gedərək dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Hər zaman dövlət qayğısı ilə əhatə olunan gənclərimiz bu gün də 2 Fevral Azərbaycan Gəncləri Günündə də onlara ayrılan bu diqqəti görmüş oldular. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gəncə Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları veriləcək. Dövlət başçısının digər Sərəncamı ilə gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən bir neçə gənc 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə "Tərəqqi" medalı, eləcə də "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar.

AZƏRBAYCAN GƏNCLİYİ MÜSTƏQİL, DEMOKRATİK, HÜQUQİ, SİVİLİZASİYALI DÖVLƏT QURUCULUĞU İŞİNƏ CƏLB EDİLDİ

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Ulu Öndər müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclər ölkəsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir".

GƏNCLİK YENİ NƏFƏSDİR

Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Onun layiqli davamçısı, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün "Prezident Mükafatı"nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam ifadə edərək bildirib ki, hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: "Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev"ləri (mərkəzləri), olimpiya idman mərkəzləri gənclərin maraq dairəsini genişləndirib, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə qürurla yüksəlir. İdmançılarımız Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutdu. Müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər.Gənclik gördüyü işlə, qazandığı nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Bu gün hər kəsə yaxşı məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda da, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizdə sağlam gənclik yetişib. Sağlam gənclik isə sağlam nəsil deməkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində yetişən sağlam gənclik ölkəmizdə bütün sahələrdə fəallıqları ilə seçilirlər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib.

AZƏRBAYCAN GƏNCLƏR SİYASƏTİ DÜNYADA MÜASİR VƏ UĞURLU MODELDİR

Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər ruhlu gənclərdir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara geniş imkanlar açılır. Təbii ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunan dövlət proqramları gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayır.

MİNGƏÇEVİR 2023-CÜ İL ÜÇÜN "GƏNCLƏR PAYTAXTI" SEÇİLDİ

Gənclərə ayrılan daha bir diqqətdir ki, ölkəmizin bir neçə şəhəri müxtəlif illərdə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib. Məlumat üçün bildirək ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Gənclər Günündə Mingəçevir 2023-cü il üçün "Gənclər Paytaxtı" seçildi.

Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Bu gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir. Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə uğurla təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə