Gerçək sahiblərini gözləyən torpaqların əsl sahiblərinin “BÖYÜK QAYIDIŞ”I
Bəli, iki il əvvəl, sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müharibədən sonrakı dövrün yaratdığı reallıqlar ölkəmizin qarşısında yeni çağırışlar müəyyən etdi. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir. Məhz Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mütərəqqi beynəlxalq təcrübə əsasında, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı strateji hədəf və məqsədlərdən ibarətdir. Həmçinin, Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı mühüm prioritet vəzifələr müəyyən olunmuşdur. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Təbii ki, təhlükəsizlik tədbirləri görülmədən bərpa-quruculuq işlərini həyata keçirmək mümkün deyil. Təhlükəsizlik məsələsinə, eyni zamanda, dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması daxildir.
GENİŞMİQYASLI LAYİHƏLƏR QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN SÜRƏTLƏ DİRÇƏLMƏSİNƏ, ƏHALİNİN DAYANIQLI MƏSKUNLAŞMASINA XİDMƏT EDİR
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub. Həmçinin, Dövlət Proqramında Qarabağ və Şərqi Zəngəzurda qayıdışın birinci mərhələsində vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün sistemli və ünvanlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün, ilk növbədə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işləri ən müasir standartlara əsaslanacaq və bölgənin coğrafi-iqtisadi, tranzit, bir sözlə, bütün imkanları kompleks qaydada nəzərə alınacaq. Proqramın əsas hədəfləri infrastrukturun yenidən qurulması, iqtisadiyyatın formalaşması və inteqrasiyası, sosial inkişaf, eyni zamanda, ətraf mühitdə tarazlığın qorunması, yeni yaşıl iqtisadiyyatın formalaşdırılmasından ibarətdir.
Bir sözlə, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə inkişafına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun geniş nəqliyyat-tranzit potensialı vardır. Bu sahədə qurulacaq müasir infrastruktur isə əlavə imkanlar yaradacaq, ərazilərin inkişafı və reinteqrasiyası üçün əsas rolunu oynayacaqdır. Odur ki, işğaldan azad edilmiş ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialı xüsusilə nəzərə alınacaqdır. Bir tranzit imkanları deyil, bölgənin bütün imkanları nəzərə alınacaq ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanma təmin edilsin. Burada əsas hədəf isə bu ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.
Prezident İlham Əliyev bu barədə çıxışlarının birində vurğulayıb ki, Böyük Qayıdış proqramı uğurla icra edilir: "Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir". Bununla yanaşı, 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu qeyd edən Prezident deyib: "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq".
“BÖYÜK QAYIDIŞ” XALQIMIZIN QARŞISINDA DURAN MÜASİR TARİXİMİZİN AKTUAL ÇAĞIRIŞIDIR
44 günlük Vətən müharibəmiz Azərbaycanın 30 ilə qədər işğalda qalan torpaqlarının qayıtması ilə nəticələndi. Bununla da, Azərbaycan həm də beynəlxalq hüququ və ali ədaləti bərpa etdi. Artıq Böyük Qayıdış prosesinə start verilib və Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir. Prezident İlham Əliyev ölkənin birinci vitse prezidenti Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər edib. Burada çoxlu sayda infrastruktur layihələrinin təməlqoyma mərasimi, işlərin gedişi ilə tanış olublar. Bu gün görülən işlərin miqyası onu deməyə əsas verir ki, məcburi köçkünlərin yurd həsrətinə ən qısa müddətdə son qoyulacaq. Bu insanların təhlükəsiz və ən əsası, ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtması təmin ediləcək. Bunu azad edilmiş ərazilərə səfərlər edən diplomatlar, xarici jurnalistlər də təsdiq edir. Ən əsası isə Azərbaycan insanı özü buna tam əmindir. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək. Bu ərazilərdə böyük təbii potensial olan böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu var. Onların da bərpası tezliklə həll olunacaq. Bu qayıdış “Böyük Qayıdış” olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlara qayıdışını əhatə edəcək. Bu uğurlar Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyinin və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək.
Bəli, iğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış daha da tezləşəcək. Bu gün həmin arzu, istək reallaşır. Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük uzaqgörənliyi, müzəffər ordumuzun gücü və qüdrəti, xalqımızın birliyi nəticəsində 30 ildən sonra həmin torpaqlar işğaldan azad olundu və bu gün öz sakinlərini gözləyir, özü də 30 il həsrətində olduğumuz o torpaqlara – cənnət-məkana çevrilən torpaqlara qayıdırıq. Bəli, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB