Lavrov azərbaycanlı həmkarına başsağlığı verib

Yanvarın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə