“İran dövlətinin bu cinayətini lənətləyirəm” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün İranda Azərbaycanın səfirlik işçilərinə qarşı törədilən vəhşilik bütün Azərbaycan xalqını qəzəbləndirib. İlk əvvəl şəhid olan vətəndaşımızın xatirəsini dərin hüznlə yad edir, yaralı vətəndaşlarımıza Allahdan şəfa diləyirəm. Biz bir müstəqil dövlət olaraq hər zaman İranla qonşuluq münasibətlərinə hörmətlə yanaşmışıq. Beynəlxalq hüquq normalarına da riayət etmişik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, təəssüf ki, İrandan Azərbaycana qarşı aparılan böhtançı təbliğat bir Azərbaycan vətəndaşının şəhid olması ilə nəticələndi: “Bir millət vəkili olaraq İran dövlətinin Azərbaycan vətəndaşına qarşı bu cinayətini pisləyir və lənətləyirəm.

Əminəm ki, bütün bəşəriyyət, o cümlədən Azərbaycan xalqı heç vaxt terroru dəstəkləməyib, terrorçulara qarşı mübarizə aparıb. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı terrorçu siyasəti sonda elə özünün darmadağın olması ilə nəticələnib”.

Deputat sözlərinə belə davam edib: “Qonşu İran dövləti Azərbaycana qarşı düşmən münasibəti bəsləyib, bunu təbliğ edirsə, onun acı nəticəsini İran dövləti görəcək. Çünki Azərbaycan tərəfi hər zaman öz haqqını müdafiə edib. Heç vaxt başqa xalqın torpağında gözü olmayıb. Amma bəzi qonşu dövlətlər uzun illər Azərbaycan torpağını işğal altında saxlayan dövlətin siyasətini müdafiə edir. Ümid edirik ki, İranın kifayət qədər sülhsevər ziyalıları bu hərəkətlərindən peşman olduqlarını bildirəcək".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə