Tərtərdə 20 Yanvar faciəsinin ildönümünə həsr edilən rəsm sərgisi keçirilib FOTOLAR
YAP Tərtər rayon təşkilatı, rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tərtər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev və Tərtər rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev iştirak etmişlər. Rəsmlərdə məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilmişdir. Müsabiqə çərçivəsində çəkilmiş rəsm əsərləri Tərtər rayon Təhsil Sektorunun inzibati binasının qarşısında nümayiş etdirilmişdir.Tədbirdə çıxış edənlər 20 yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açıb. Bildiriblər ki, xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub. 20 Yanvar günündə 130-dan çox insanın amansızcasına qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu bildiriblər. Bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar. Keçirilmiş rəsm müsabiqəsinin nəticəsinə əsasən, Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin XI sinif şagirdi Qasımlı Aysu Azər qızı, Tərtər rayon Azər Məmmədova adına Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Haqverdıyev Nurlan Saleh oğlu və Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin V sinif şagird Sultanova Leyla Taleh qızı YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB