Postmüharibə və postpandemiya dövrünün Azərbaycanı TƏHLİL

Postmüharibə və postpandemiya dövrünün Azərbaycanı TƏHLİL

Dünya və region ölkələrindən fərqli olaraq Azərbaycan 2020-ci ildən bu günədək, yəni iki il müddətində iki dəhşətli müharibə ilə üz-üzə qaldı. Bunlardan biri gözəgörünən düşmən, yəni qonşu Ermənistanla olan, digəri isə gözəgörünməyən, yəni koronavirus pandemiyası ilə olan müharibə idi. Koronavirus həyatımıza daxil olanda Azərbaycanda heç kim təsəvvür belə etməzdi ki, bu ağır virusla mübarizə başa çatmamış digər bir virusla- 30 il torpaqlarımızı işğal altında saxlayan, ötən yüzilliklər boyu isə xalqımıza qarşı deportasiya və soyqırımı həyata geçirən qonşu düşmənlə müharibəyə başlayacaq. Yəni 2020-ci ilə bu gündən baxdıqda, gözlər qarşısında ağır, çətin bir il canlaır. Bu, bütün dünya üçün belə olsa da, lakin Azərbaycan üçün ikiqat çətin və ağır oldu. Ölkəmizin iqtisadi gücü sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfər və pandemiyanın aradan qaldırılmasında həyata keçirilən hərtərəfli tədbirlər bu gün, yəni 2023-cü ildə postmüharibə və postpandemiya dövründə müharibə və pandemiya dövründə qazanılan qələbədən alınaçıqlığı ilə danışmağa imkan verir.

Tarix vərəqləndikcə yaddaqalan olur. Bu səbəbdən də pandemiya və müharibə dövrünü xatırlamaqla tarixin o üzündən bugünkü Azərbaycana bir körpü salmaq istədim bu yazı ilə. Tarixin o üzü və bu üzü...

Biz birlikdə güclüyük!

2020-cu il həyatımıza pandemiya ilə daxil oldu. Bir-biri ilə iqtisadi, mədəni əlaqələri, dostluq münasibətləri və ya ziddiyyətləri, münaqişələri ilə gündəmdə olan dünya dövlətlərini bu tarixdən ortaq bir məsələ birləşdirdi: koronavirus pandemiyası. Qısa zaman kəsiyində 200-dən çox dövləti əhatə edən “Covid-19” adlandırılan virus hər gün minlərlə insanın bu epidemiyaya yoluxması, xəstəxanalara yerləşdirilməsi, müalicə olunması və ya həyatını itirməsinə səbəb oldu. Sərhədlərimizin açıq olması, dünya dövlətləri ilə geniş iqtisadi və mədəni əlaqələrimiz səbəbindən bu epidemiya ölkəmizin də çağırılmamış qonağı oldu.

Hələ dünya dövlətlərində epidemiya yenicə başlanandan “Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik”, – deyən dövlət rəhbərimizin tapşırığı ilə ölkəmizdə həyata keçirilən tədbirlər, bu problemin aradan qaldırılması üçün dövlət tərəfindən ayrılan vəsait, bunun ardınca koronavirusla mübarizəyə dəstək fondunun yaradılması, ilkin olaraq dövlət başçımızın atdığı addımla bu fondun qısa zaman ərzində zənginləşməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, alınan laboratoriyalar, tibbi avadanlıq və preparatlar, Bakıda yeni klinik xəstəxananın koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə verilməsi, yeni modultipli xəstəxanaların qurulmasına başlanılması, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması və digər önləyici tədbirlər Almaniya, İtaliya, İspaniya, Fransa, Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş dövlətləri pandemiya ilə mübarizədə geridə qoydu.

Bütün bunlar hələ illər öncə söylənmiş “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam…” vədini hər bir Azərbaycan vətəndaşına bir daha xatırlatmaqla təsdiq etdi ki, bütün çətinliklərdə – harada bu və ya digər səbəbdən, fəlakətdən əziyyət çəkən vətəndaş varsa, dövlət başçısı ordadır, vətəndaşın yanındadır. Dövlətin siyasətinin mərkəzində insan amili dayanır. Pandemiya ətrafında cərəyan edən hadisələr digər əsas bir məsələni də gündəmə gətirdi. Digər məsələ millət yanğısı idi ki, içdən gələn bu hissi dövlət başçımızın üzündə, sadəcə, baxanlardan fərqli olaraq baxıb görməyi bacaranlar çox gözəl duya bildi. Prezidentimizin ölkə vətəndaşları üçün bu yanğısını ilkin olaraq Novruz bayramı münasibətilə xalqı təbrikində gördük. O nitqdə hərilki bayram əhval-ruhiyyəsi yox idi. Ölkəmizin ötən bir ildə əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər sadalansa da, çox təəssüf ki, təbrikin sonu əvvəlki illərdəkinə bənzəmirdi. Prezidentimiz böyük yanarlıqla deyirdi: “Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”.

Daha sonra Prezidentimizin televiziya müsahibəsində, xalqa bu bəladan qorunmaqla bağlı dəfələrlə etdiyi müraciətlərdə, dövlət başçımızın təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə, sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə, pandemiya ilə bağlı videogörüşlərdə, açılış təbirlərində hər dəfə bu narahatlığın doğurduğu yanğını açıqca gördük: “Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın”.

Məlum olduğu ki, pandemiya dövründə müxtəlif sahələrdə işlərin dayandırılması yüzlərlə insanı olmazın çətinlikləri ilə üz-üzə qoydu. Dövlətimizin başçısı buna da çıxışlarından birində münasibət göstərərk deyirdi: “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.

Ölkəmizdə pandemiya dövrü üçün hazırlanan sosial paketlər açıqlandı və icrasına başlandı: Birinci mərhələdə 600 min şəxsi əhatə edən birdəfəlik ödəmələrə start verildi. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 80 minə çatdırıldı ki, bu da 330 min şəxsin təminatı demək idi. 65 yaşdan yuxarı 15 min tənha insana evlərində sosial xidmətlər göstərildi. 35-40 min aztəminatlı ailəyə ərzaq yardımı edildi. Aztəminatlı ailələrdən olan 24 min tələbənin təhsil haqlarının ödənilməsini dövlət öz üzərinə götürdü və bunun üçün 40 milyon manat vəsait ayrıldı. Elektrik enerjisi limiti 100 kilovat-saat artırıldı. Sahibkarlara dəstək proqramı həyata keçirildi, vergi ödəyicilərinə güzəştlər tətbiq olundu. Sonrakı mərhələdə isə daha bir yeni sosial paket hazırlanıb həyata keçirildi ki, bu, yuxarıda sadalananlar ilə birlikdə 2,5 milyon əhalini əhatə etdi.

Ümumilikdə isə labüd pandemiya dövründə bütün təbəqələrdən olan insanı düşünən dövlətimizin düzgün siyasəti nəticəsində hər bir Azərbaycan vətəndaşı bu bəla qarşısında əzmlə durmağı bacardı. Ölkəmizdə gündən-günə koronavirusa yoluxanlar ilə müqayisədə sağalanların dəfələrlə çox olmasını, ürək yanğısı ilə qarşıladığımız həyatlarını itirənlərin digər ölkələrlə müqayisəolunmaz göstəricisini nəzərə alaraq böyük qürur hissi ilə demək olar ki, kiçik ölkəmiz böyük ölkələrə örnək oldu. Biz birlikdə güclü olduq və pandemiyaya qalib gəldik. Ardınca isə bizim bir yumruq kimi bir birləşməyimiz yeni bir mərhələdə yeni gücə çevrildi.

Dəmir yumruq ətrafında

Bu yeni mərhələ isə hələ pandemiya başa çatmamış, üstəlik virusun ən qızğın vaxtında başlandı. Sentyabrın 27-də ermənilərin azərbaycanlılara qarı yeni torpaq iddiaları irəli sürmələri nəticəsində səbr kasamızın dolması ilə başlanan Vətən müharibəsində bir qədər öncə birlik yumruğumuz dəmir yumruğa çevrildi və bütün xalq bu yumruq ətrafında yeni əzmlə birləşdi. Bu yumruq dövlətimizin başçısının yumruğu idi. Onun ətrafında birləşən isə milli ordumuz və Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyən mübariz xalq idi.

Beləliklə sentyabrın 27-də ölkəmizdə İkinci Vətən müharibəsi başlandı. Bu müharibə 30 il əvvəl- Birinci Vətən Müharibəsində itirilmiş torpaqlarımızın geri alınmasına xidmət edirdi. 30 il əvvəl ölkəmizdə hakimiyyətdə olan səriştəsiz rəhbərliyin ermənilərə satdıqları torpaqları geri almaq üçün xalq öz Prezidenti ətrafında birləşərək mübarizəyə qalxmışdı. Bu, dünyada, eləcə də ölkəmizdə tüğyan edən pandemiya dövrünə təsadüf etsə də, tarixi an artıq yetişmişdi və bunun üçün pandemiyanın bitməsini gözləmək mümkün deyildi. Bu səbəbdən də xalqımız üçün yeni, həm də ağır bir mərhələ başlandı. İki müharibə bir-birinə qarışdı. İki düşmən bir-birinə qarışdı. Biz həm müharibə meydanında, həm də yaşadığımız rayon, şəhər və kəndlərdə düşmənlərlə üz-üzə qalmalı olduq. Sözün həqiqi mənasında, qısa zamanda pandemiya yaddan çıxdı. Bütün diqqətlər pandemiyadan da dəhşətli düşmənə yönəldi.

Bu gündən yenə də dönüb 2020-ci ilə nəzər saldıqda görmək olur ki, virus 1-2 il ərzində azala bildi. Lakin digər virus-erməni virusu isə 30 il davam etmişdi. Bu gün də o virusdan hələ də yaxa qurtarmamışıq. Çünki bəlkə də dünyada erməni adlı virus qədər dəhşətli virus yoxdur ki, bu da bizim qoşuluğumuzdadır. Lakin ətrafında birləşdiyimiz dəmir yumruq bu virusun da parçalanmasına, kiçik zərrəciklərə çevrilməsinə səbəb oldu. Kiçik zərrəciklərin sonu isə Qarabağda qazandığımız Zəfərlə gəldi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qəhrəman əsgərləri 44 günlük müharibə dövründə düşmənin başına dəmir yumruq endirməklə torpaqlarımızı bir-bir düşmən əsarətindən azad etdilər. Üçrəngli bayrağımızı qədim yurd yerlərimizdə dalğalandırdılar. Minlərlə şəhidimiz və sağlamlığını itirən qazimiz hesabına əzəli ata-baba yurdlarımız işğaldan azad olundu.

44 günlük zaman kəsiyində Azərbaycan tarixi bir yol keçdi. 2020-ci ilə qədər dövlətimizin başçısının 17 illik fəaliyyətinin nəticəsi olan Qarabağ Zəfəri ötən illərdə bu qələbəyə necə hazırlaşdığımızı, torpaqlarımızın azad olunması üçün yolların necə axtarılmasını və tapılmasını ortaya qoydu. O yollar ki, dövlətimizin başçısı bunun üçün illərlə beynəlxalq təşkilatlara üz tutmuşdu, beynəlxalq kürsülərdən dünyaya çağırış etmişdi, lakin sülh yolu ilə torpaqlarımızı azad edə bilmədik. Çünki səsimizə səs verən olmadı. Sonuncu yol isə öz gücümüzə qaldı. Bu isə müharibə yolu oldu. Bəli, biz pandemiya dövründə müharibəyə başladıq. Və qalib xalq olaraq adımızı tarixə yazdırdıq.

Bu gün, yəni 2023-cü ildə pandemiya və müharibədən ötən iki ildə postpandemiya və postmüharibə dövrünün Azərbaycanı kimi uğurlarımızdan söhbət açarkən bu söhbətə qürurumuz da qarışır. Çünki biz iki böyük hadisəni uğurla geridə qoymuşuq.

2021-ci ildə 3 min, 2023-cü ildə isə ən azı 1500 mənzil

Dövlətimizin iqtisadi gücü pündemiya dövründə vətəndaşını çətinlikdən xilası ilə, Vətən müharibəsindən dərhal sonra isə şəhid və qazi ailələrinə dəstəyi ilə özünü təsdiqlədi. Bu barədə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: Bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Dövlətimizin başçısının dəyərli fikirlərində biz postpandemiya və postmüharibə dövründə vətəndaşlarımıza göstərilən diqqət və qayğını görürük. Hansı ki, pandemiyanın ağır dövründən bizi çox qısa zaman, müharibədən isə iki il ayırır. Bu zaman kəsiklərində həyata keçirilən bu qədər tədbirlərin hər biri isə vətəndaş rifahına, ümumilikdə isə insan amilinə hesablanmış addımlardır.

60 min ailə özünüməşğulluq proqramına cəlb edilib

İstər pandemiyadan və müharibədən əvvəl, istər də hazırkı postpandemya və postmüharibə dövründə özünüməşğulluq proqramlarına ölkəmizdə xüsusi diqqət göstərildiyi məlumdur. Çünki özünüməşğulluq müvəqqəti işsiz əhalinin məşğulluğuna, nəticədə isə sosial rifahına xidmət edir.

Dövlət başçısının “Sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək” kimi dəyərli fikirləri bu sahənin ölkəmizdə daha da genişləndiriləcəyini, əhalinin rifah halına xidmət edəcək tədbirlərin davamlı olacağını təsdiqləyir.

Ölkə rəhbərinin yerli televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibədə bu barədə digər dəyərli fikirləri ilə də tanış olduq: Mən 2022-ci ilin yekunları ilə bağlı geniş danışsam, onda qalan suallara yer qalmayacaq. Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik.

Minimum əməkhaqqı 345, minimum pensiya 280 manata çatdırıldı

Postpandemiya və postmüharibə dövründə əhalinin sosial rifahı naminə atılan zəruri addımlardan biri də minumum əmək haqqının və pensiyanın müəyyən həddə qaldırılması oldu. Yəni çox yaxın keçmişi təşkil edən pandemiya və müharibə dövrünün ardınca bu kimi artımlar yenə də ölkəmizdə insan amilinə verilən dəyəri təsdiqləyir. Digər tərəfdən isə bütün dünyada, eləcə də olkəmizdə baş verən inflyasiyanın müəyyən dərəcədə qarşısını alır. Bu barədə də dövlət başçısının müsahibəsində maraqlı məqamlar var: Bəli, mən qeyd etdiyim kimi, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Ancaq bununla paralel olaraq, biz, ilk növbədə, qeyd etdiyiniz kimi, sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.

Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Biz heç kimdən yardım almamışıq

Dövlətimizin başçısının müsahibəsində toxunduğu əsas məsələlərdən biri də postmüharibə dövründə ölkənin öz gəliri, öz gücü hesabına yaşaması, Qarabağda bərpa işlərinin həyata keçirilməsi ilə bağlı oldu: Mən bunu artıq səsləndirmişəm. Biz müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq. Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik. Amma hələ ki, buna böyük ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.

Müharibə bitsə də, mübarizə hələ davam edir

Prezident cənab İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.

Bəli, postpandemiya və postmüharibə dövründə yaşasaq da, hələ də hər iki tərəfdə mübarizələrimiz davam edir. Pandemiya hələ də tamamilə bizi tərk etməyib. Ona görə də ayıq-sayıq olmalı, özümüzü, ətrafımızı qorumalıyıq ki, bu çağırılmamış qonaq qapılarımızı açıq yenə yuxarı başlarda əyləşməsin.

Vətən müharibəsi bitsə də, dövlətimizin başçısının dediyi kimi, mübarizə hələ də davam edir. Çünki Ermənistan 10 noyabr 2020-ci ildə ağ bayraq qaldırıb təslim olduğu vaxt Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan üçtərəfli Bəyannamədə üzərinə götürdüyü öhdəliyi həyata keçirməkdən boyun qaçırır. Bu, Naxçıvan Muxtar Respublikası ilə bağlı bənddir.

Nə qədər ki, Ermənistan öhdəlikdən boyun qaçırır, mübarizəmiz davam edəcək. Çünki bu mübarizənin sonunda əsaslı nəticələr dayanır. Bu nəticələrdən Ermənistanın özü də bəhrələnə bilərdi. Lakin hansısa bir qruplaşma erməni xalqının yaxşı yaşamasının qarşısını almaqdadır. Lakin onların istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi reallaşacaqdır.

Mətanət Məmmədova

P.S. Postpandemiya və postmüharibə dövrünün bəzi məqamlarına nəzər salmaqla ölkəmizin nailiyyətlərindən söhbət açdıq. Lakin uğur və nailiyyətlərimiz haqqında danışdıqlarımızdan dəfələrlə çoxdur. Bir qəzet yazısına yox, onlarla belə yazılara sığmayacaq dərəcədə.

Bütün xəbərlər Facebook səhifəmizdə