Müasir Azərbaycan, davamlı inkişaf, yüksələn rifah, güclü dövlət - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır”
Azərbaycan 2023-cü ilə böyük uğurlarla qədəm qoydu. Və geridə qoyduğumuz 2022-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Vətən müharibəsinin bitməsindən qısa dövr ötməsinə, habelə pandemiyanın hələ də davam etməsinə baxmayaraq, ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. Elə yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin Azərbaycanda 2022-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
ÖTƏN İLİN UĞURLARI BU İLİN PROQNOZLARI ÜÇÜN NƏ DEYİR?
Dövlət başçısı ötən ilin uğurlarından danışaraq bildirdi ki, 2022-ci ilin 11 ayın yekunlarının nəticələrinin uğurların gözlənilən idi: “İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.Prezident İlham Əliyev, həmçinin sənaye istehsalında da uğurların olduğunun söylədi: “Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir”. Dövlət başçısı valyuta ehtiyatlarımızın da artdığını deyərək vurğuladı ki, keçən il xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb: “Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”. Azərbaycan Prezidenti onu da söylədi ki, Azərbaycan nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir: “Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.
İKİNCİ QARABAĞ MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ DÜNYA TƏRƏFİNDƏN QƏBUL EDİLİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi: “Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik”. “Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik», - deyə dövlətimizin başçısı bildirib.
BU GÜN AZƏRBAYCAN DÜNYADA ÇOX ETİBARLI VƏ CİDDİ TƏRƏFDAŞ KİMİ TANINIR
Dövlət başçısı bu gün Azərbaycannın dünyada etibarlı və ciddi tərəfdaş kimi tanındığını söylədi: «Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır”. Dövlətimizin başçısı onu da söylədi ki, müharibədən sonrakı proseslərdə bir daha bunun şahidiyik: “Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
BÖHRANLI VƏZİYYƏTİ XALQIMIZ ÜÇÜN SOSİAL LAYİHƏLƏR VƏ SOSİAL PROQRAMLARLA YÜNGÜLLƏŞDİRMƏYƏ ÇALIŞIRIQ
“Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq»,- deyən dövlətimizin başçısı deyib ki, dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq: “Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”.
KEÇƏN İL BİZİM ÜMUMİ DAXİLİ MƏHSULUMUZ REKORD HƏDDƏ - 134 MİLYARD MANATA ÇATIB
Azərbaycan Prezidenti müsahibəsində onu da vurğulayıb ki, bu günə kimi bütün işlər öz hesabımıza edilib: “Biz bütün işləri öz hesabımıza edirik, müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq”. “Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
AZƏRBAYCANIN XARİCİ BORCU ÜMUMİ DAXİLİ MƏHSULA NİSBƏTDƏ KƏSKİN AZALARAQ 9,5 FAİZƏ ENİB
“Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”. Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Bunun səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik”. Azərbaycan Prezidenti iqtisadi və sosial sahələrə də toxunaraq söyləyib ki, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. Dövlətimizin başçısı, həmçinin onu da deyib ki, o ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
AZƏRBAYCANDAKI İNFLYASİYA İDXAL EDİLMİŞ İNFLYASİYADIR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dünyada yüksək qiymət artımının və inflyasiyanın Azərbaycana təsirinin azaldılması istiqamətində atılan addımlarla bağlı sualı cavablandırarkən bildirib: “İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir”. Azərbaycandakı inflyasiyanın idxal edilmiş inflyasiya adlandıran dövlətimizin başçısı deyib: “Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.
MİNİMUM ƏMƏKHAQQININ 15 FAİZ ARTMASI İNFLYASİYANIN FƏSADLARININ YUMŞALDILMASINA HESABLANIB
“Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib.“Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.
BU İL AZƏRBAYCANDA ORTA AYLIQ ƏMƏKHAQQININ 900 MANATDAN ÇOX OLACAĞI GÖZLƏNİLİR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb: “Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb”. “Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk», - deyə dövlətimizin başçısı vurğulayıb. Dövlət başçısı ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atıldığını deyib: «Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək”. Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.
AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin edildiyini deyən dövlət başçımız onu da vurğulayıb ki, cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib: «Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir”. Sosial sahənin çoxşaxəli olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar. “Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək”.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ HƏM ORTA DƏHLİZ, HƏM DƏ ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ İLƏ BAĞLI BÜTÜN ƏSAS İŞLƏR YEKUNLAŞIB
“Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır»,deyən dövlət başçımız Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı sualı cavablandırarkən söyləyib. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən dövlətimizin başçısı deyib: “Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.
ZƏNGƏZUR DƏHLİZİNİN İQTİSADİ SƏMƏRƏSİ HEÇ KİMDƏ ŞÜBHƏ DOĞURMAMALIDIR
Prezident İlham Əliyev Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq: “Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək”. “Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
ZƏNGƏZUR DƏHLİZİ AZƏRBAYCAN ÜÇÜN TƏKCƏ İQTİSADİ VƏ NƏQLİYYAT LAYİHƏSİ DEYİL, STRATEJİ LAYİHƏDİR
“Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur»,-deyən dövlət başçımız onu da söyləyib ki, bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapmışdır: «Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”. Prezident İlham Əliyev deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. “Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.
NƏQLİYYAT SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR BİZİM MÖVQEYİMİZİ DAHA DA GÜCLƏNDİRƏCƏK
Nəqliyyat sahəsində bu günə qədər görülən işlərlə bağlı dövlət başçımız söyləyib ki, artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. «Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”, - deyə dövlətimizin başçısı qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun».
BİZ TAM HAQLI OLARAQ QƏRBİ AZƏRBAYCANLILARIN HÜQUQLARI MÖVZUSUNU BEYNƏLXALQ ARENAYA ÇIXARMIŞIQ
“Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq»,-deyən dövlət başçısı deyib: “Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”. Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.
RUSİYA-UKRAYNA MÜHARİBƏSİ BAŞLAYANDAN SONRA AZƏRBAYCANA QAZLA BAĞLI 10-DAN ÇOX ÖLKƏ MÜRACİƏT EDİB
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlətimizin başçısı deyib: “Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir”. Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımızın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, diqqət Azərbaycan üzərinə yönəldilir: “Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”.
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN TRANSXƏZƏR LAYİHƏSİ İLƏ BAĞLI MÖVQEYİNİ ŞƏRH EDİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən bildirib: “Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir”. “Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
“Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil»,- deyə dövlət başçısı vurğulayıb.
AZƏRBAYCAN PREZİDENTİ TRANSXƏZƏR QAZ KƏMƏRİ MÖVZUSUNUN SİYASİLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏ OLDUĞUNU BİLDİRİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən söyləyib ki, Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir: “Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam”. Dövlətimizin başçısı qeyd edib ki, hələ bir çox açıq suallar var və onlara cavab veriləndən sonra bu layihə həyata keçirilə bilər. “Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalamalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
BU GÜN AZƏRBAYCANIN ENERJİ RESURSLARINA MARAQ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIB
Azərbaycan Prezidenti müsahibəsində Azərbaycanın Avropa ittifaqı ilə enerji sahəsində əməkdaşlığının perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub: «Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb”. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına marağın əhəmiyyətli dərəcədə artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq”.Prezident qeyd edib ki, həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözlənilir: “Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” hasilatına başlamağı planlaşdırırıq”.
BÜTÖVLÜKDƏ BU İL 24 MİLYARD KUBMETRƏ YAXIN QAZ İXRACI GÖZLƏNİLİR
“Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın qaz ixracı potensialı barədə danışarkən deyib. “Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni, xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı bildirib. Prezident İlham Əliyev deyib ki, bütövlükdə bu il 24 milyard kubmetrə yaxın qaz ixracı gözlənilir: “Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük”.
STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA DÖRDTƏRƏFLİ SAZİŞ BİR ÇOXLARI ÜÇÜN GÖZLƏNİLMƏZ OLDU
“Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqları Strateji Tərəfdaşlıq haqqında dördtərəfli Sazişin mahiyyəti hələ ki, tam geniş təhlil edilməyib. Çünki bu, bir yenilik oldu və bir çoxları üçün gözlənilməz oldu», deyən dövlət başçısı onu da söyləyib ki, əlbəttə ki, biz bu layihə üzərində işləməyə başlayanda çox açıq-aydın görürdük ki, onun reallaşması üçün hansı addımlar atılmalıdır: «Ona görə biz bu layihəyə qoşulandan sonra faktiki olaraq bu layihə gerçəkləşməyə başlamışdır. Çünki bir fikir, bir ümumi konsepsiya olaraq bu layihə artıq uzun illər idi ki, mövcud idi. Hətta texniki-iqtisadi əsaslandırma da aparılır və ilkin variantda o layihənin ötürmə qabiliyyəti bir min meqavat elektrik enerjisinə hesablanmışdır. Biz layihəyə qoşulandan və bütün təhlil işlərini aparandan sonra təklif etdik ki, bir halda biz buna qoşuluruq, bunu daha genişmiqyaslı şəkildə həyata keçirək. Təklif etdik ki, 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun”, - deyə dövlətimizin başçısı bildirib. Prezident qeyd edib ki, bu layihənin həyata keçirilməsi, eyni zamanda, Azərbaycana olan investisiya marağından doğur. Çünki bizim hazırda bu qədər elektrik enerjisini ixrac etmək imkanlarımız yoxdur. Biz ixrac edirik, bizim orta hesabla ixrac imkanlarımız təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.
AZƏRBAYCANDAN ELEKTRİK ENERJİSİNİN ÖTÜRÜLMƏSİ QLOBAL LAYİHƏDİR VƏ TAM REALLAŞA BİLƏR
“Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik”. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib: “Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və tam reallaşa bilər”. Prezident vurğulayıb ki, Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, eyni zamanda, ixrac üçün imkanlar yaranacaq.
ERMƏNİ TƏRƏFİ DANIŞIQLAR PROSESİNİ POZUR VƏ BUNUN SƏBƏBLƏRİ MƏNƏ MƏLUMDUR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla danışıqların davam etdirilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən söyləyib: «Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur”. Dövlətimizin başçısı deyib: “Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.
MÜHARİBƏDƏN SONRAKI İKİ İL ƏRZİNDƏ ERMƏNİSTAN GÖRMƏLİ OLDUĞU İŞLƏRİN HEÇ BİRİNİ GÖRMƏYİB
“Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlətimizin başçısı deyib: “Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.
Dövlət başçısı, həmçinin bildirib ki, Ermənistan hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır: «Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb».
“Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident vurğulayıb ki, nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda.
ERMƏNİSTAN YƏQİN Kİ, HANSISA GEOSİYASİ DƏYİŞİKLİKLƏR, KİMİNSƏ VƏD ETDİYİ NƏLƏRİSƏ GÖZLƏYİR
Dövlətimizin başçısı deyib: “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.
Prezident vurğulayıb ki, Ermənistanın Azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. “Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.
DELİMİTASİYA MƏSƏLƏSİ AZƏRBAYCANDAN ÇOX ERMƏNİSTANI MARAQLANDIRMALIDIR
“Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik»,-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu, masa üzərində bir müddət olacaq: «Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır”.
DÜŞÜNÜRƏM Kİ, ONLAR MƏNİM MESAJLARIMI EŞİDƏCƏK VƏ DÜZGÜN NƏTİCƏ ÇIXARACAQLAR
“Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - deyə dövlətimizin başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.
AZƏRBAYCAN ORDUSU MÜHARİBƏ ZAMANI ÖZ GÜCÜNÜ GÖSTƏRDİ
“Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi»,- deyən dövlətimizin başçısı deyib: “Yadımdadır, biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın”. Prezident qeyd edib ki, verdiyimiz siqnallar ünvana çatmadığı üçün biz məcbur olub öz gücümüzü göstərdik, müharibədə Ordumuzun gücünü göstərdik: «44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir».
AZƏRBAYCAN ARTIQ ELƏ BİR SİLAHLI QÜVVƏ YARADIB VƏ YARADACAQ Kİ, BUNUNLA HESABLAŞMAMAQ ÖZÜNƏQƏSD SAYILMALIDIR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib: “Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir”. Dövlətimizin başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb: «Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır».
BİZ ERMƏNİSTANLA MƏSƏLƏNİ HƏLL ETMİŞİK, AMMA TƏHDİDLƏR ARADAN QALXMAYIB
“Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlətimizin başçısı deyib: “Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”. Prezident qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir. Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar: «İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik».
AZƏRBAYCANDA YERLİ HƏRBİ SƏNAYENİN YENİ DÖVRÜ BAŞLAYIR, BU, EYNİ ZAMANDA İXRACYÖNÜMLÜ SƏNAYE OLACAQ
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başladığını deyən Azərbaycan Prezidenti onu da söyləyib ki, eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq. Dövlətimizin başçısı deyib ki, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik: “Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq”. Prezident bildirib ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik: «Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?».
ERMƏNİSTANA İSTƏNİLƏN SİLAH VERİLƏRSƏ, ONLARA KÖMƏK ETMƏYƏCƏK
“Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”, - deyə dövlətimizin başçısı qeyd edib. Prezident vurğulayıb ki, biz lazımi tədbirləri görürük və Ermənistanın bizim üçün təhlükə yaratmasına heç vaxt imkan verə bilmərik.
AZƏRBAYCAN PREZİDENTİ: ERMƏNİSTAN NƏHAYƏT ANLAYACAQ Kİ, SÜLH MÜQAVİLƏSİ QAÇILMAZDIR
“Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını qeyd edən Prezident İlham Əliyev deyib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: “Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
FRANSANIN ANTİ-AZƏRBAYCAN MÖVQEYİNİN ƏSAS SƏBƏBİ ONLARIN PLANLARINI ALT-ÜST ETMƏYİMİZDİR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib: “Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər”. Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik: “Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”.
FRANSA FRANKOFONİYADA UĞURSUZLUĞA DÜÇAR OLDU, BMT-DƏ HEÇ NƏ ƏLDƏ EDƏ BİLMƏDİ
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib: “Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı”. Praqa görüşünü xatırladan dövlətimizin başçısı deyib: “Bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər”. Prezident İlham Əliyev qeyd edib ki, bu, qeyri-normal bir vəziyyətdir və onu bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq.
LAÇIN-XANKƏNDİ YOLUNDA BAŞ VERƏN HADİSƏLƏRƏ BLOKADA DEMƏK İNSAFSIZLIQDIR
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində etiraz aksiyası barədə danışarkən söyləyib: “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”. Dövlətimizin başçısı qeyd edib ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib: “Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”. Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlətimizin başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
AVQUSTUN 26-DA LAÇIN ŞƏHƏRİNƏ GİRDİK VƏ O UNUDULMAZ HİSSLƏRİ BİR DAHA YAŞADIM
“Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. “Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb. İndi Laçın şəhərində geniş quruculuq-bərpa işlərinin getdiyini bildirən Prezident İlham Əliyev deyib: “İndi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq”.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Dövlət başçımızın söylədiyi kimi: “Əsl siyasət konkret, real iş görməkdir”. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa-dayaq olub. Bütün bunlar onu göstərir ki, 2023-cü ildə qarşıda duran vəzifələr tam yerinə yetiriləcək, Azərbaycan beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB