Naxçıvan Ali Məclisinin sessiyası keçirilib

Naxçıvan Ali Məclisinin sessiyası keçirilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb. SİA-nın xəbərinə görə, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Qanunverici orqanın sessiyasına Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

İclasda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi barədə məsələlər deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra toplantının gündəliyinə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə