Qərbi Azərbaycana qayıdışın başlanğıcı ŞƏRH

Qərbi Azərbaycana qayıdışın başlanğıcı ŞƏRH

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır” – Ümummilli Lider Heydər Əliyev, 10 dekabr 1998-ci il

24 dekabr 2022-ci il tarixində cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və Qərbi Azərbaycan olan bir qrup ziyalı ilə görüşmüşdür. 1989-cu ildə yaradılan “Qərbi Azərbaycan Cəmiyyəti” İctimai Birliyi yaradılıb və yarandığı gündən etibarən qaçqınların problemləri ilə məşğul olub. 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 03 avqust 2022-ci il tarixində İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib. İcmanın yeni Nizamnaməsi təsdiq olunub. Nizamnaməyə əsasən “Qərbi Azərbaycan İcması”nda Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi və xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmaya göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkür etmiş və o, demişdir: “Yaratdığınız şəraitə görə bir daha Sizə təşəkkürümüzü bildiririk. Bu, bizə tarixi torpaqlarımıza qayıtmaq uğrunda apardığımız mübarizədə yeni güc verir. Əslində, bu mübarizənin təməlini 1997-ci il dekabrın 18-də imzaladığı “Deportasiya haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanları ilə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu mübarizəni davam etdirmək, sona çatdırmaq hər birimizin vətəndaşlıq borcu və Ulu Öndərin ruhu qarşısında övladlıq borcumuzdur”. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən, yəni 14 iyul 1969-cu il tarixindən 1982-ci il dekabr ayına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Dahi Lider 05 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında çıxışı zamanı hətta özünü xoşbəxt hesab edirdi, ona görə ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bilmişdi.

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Lakin buna baxmayaraq, xalqımız tarixin müxtəlif illərində öz ata-baba torpaqlarından məhrum edilmişdir. Məhz buna görə də keçən əsrdə xalqımız böyük faciələrə məruz qalıb. 1918-1920, 1948-1953 və nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Tədbirdə çıxış zamanı cənab Prezident bildirdi: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi”.

Həmin illərdə 170-dən çox kənddə azərbaycanlılar yaşayırdı. İndiki Ermənistan Respublikası ərazisində 90-a yaxın kənddə və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı qısa vaxt ərzində Ermənistandan qovulmuş, öldürülmüş, zorla çıxarılmış və onlara işgəncələr verilmişdir. Bütün bunlar sovet hökumətinin dövründə baş vermişdir. 1991-ci ilin avqust ayında Nüvədi kəndi deportasiyaya məruz qaldı. Artıq həmin illərdən etibarən Qarabağda da xalqımıza qarşı cinayətlər törədildi.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Tarix, zaman bizi addım-addım Qərbi Azərbaycana yaxınlaşdırır. Biz tarixi torpaqlarımız olan Qərbi Azərbaycana mütləq qayıdacağıq və buna da inanırıq. Biz güclü siyasi liderimiz cənab Prezident İlham Əliyevə güvənirik və arxalanırıq.

Nigar İmaməliyeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə