Böyük Qayıdış əbədi olacaq

Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər Prezidentin də vurğuladığı kimi layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Prezident İlham Əliyevin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-nın açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək.

Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk növbədə, bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda baş nazirin müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastruktur orqanizmini canlandırmaqla yanaşı həm də Cənubi Qafqazı yeni simalı geopolitik regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək. Qarabağın 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış əraziləri bərpa olunduqca bölgədə insanlar arası kommunikasiyaların canlanması və ərazidə yaşayan milli azlıqların multikultural Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz həllini tapacaq. Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən, Xankəndiyə, Xocavəndə, Ağdərəyəvə Xocalıya da öz doğma evlərinə qayıdacaqlar.

Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

Aynur Quliyeva
Xəzər rayonu, H.Z.Tağıyev adına 123№li məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə