Qələbə ilə yekunlaşan 44 günlük müharibədən sonra azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı" qəbul edildi. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən özü tanış olur. 44 günlük vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il sonra "Ağıllı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Sakinlər yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundular.
Vətən müharibəsi zamanı xatırladıq ki, Azərbaycan xalqı qalib xalqdır. İnsanlar müzəffər Ali Baş Komandanın ətrafında, qələbəmizin simvoluna çevrilən "dəmir yumruq" kimi birləşdi. Yaşlıdan gəncə qədər, peşəsindən, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı cəbhədən gələn sevindirici xəbərləri gözləyir, tez-tez dəyişilən xəritəyə nəzər salır, şanlı ordumuzun hansı ərazilərimizi işğaldan azad etdiyinə sevinirdi. Hazırkı mərhələdə isə həmin ərazilərdə yenidənqurma işləri daavam etdirilir. Hələ müharibə davam edərkən ölkə başçısı qeyd etmişdi ki, hərbi əməliyyatların ardından bu ərazilərdə başlanacaq işlər üçün yerli və xarici şirkətlərin təcrübəsindən istifadə ediləcək. Müharibənin ardın¬dan biz bunun şahidi oluruq. Tezliklə öz sahələri üzrə peşəkarlaşmış xarici şirkətlər yenidənqurma işlərinə cəlb edildi, bununla da Qarabağın bərpa prosesi başlandı.
Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən Azərbaycan əraziləri olan indi Ermənistan ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Rəsmi ststistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarlması üçün işlər aparılır. Azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirilir. Eyni zamanda, elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur. Ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır. Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib.
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verəcək. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi-təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün şərait yaradır.
Zahid CƏFƏROV,
YAP Yasamal rayon Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB