Türk birliyindən dünyaya mesaj TƏHLİL

Türk birliyindən dünyaya mesaj TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycanın həm Türkiyə, həm Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir"

Dünya siyasi gündəmini müəyyənləşdirən ölkələrdən birinə çevrilən Azərbaycan dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xətti, uğurlu diplomatik addımlarının nəticəsidir ki, müasir dünyamızda Avropadan Asiyaya qədər olan məkanlarda Azərbaycan böyük nüfuza sahibdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə səfərləri, reallaşan layihələr çərçivəsində özünü büruzə verir. Dövlət başçısının beynəlxalq tribunalardan çıxışları, verdiyi mesajlar yeni çağırışlara cavab olaraq yürüdülən siyasət Azərbaycanın nüfuzunun gündən-günə artmasına səbəb olub. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi kimi, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, paytaxtımızda keçirilən möhtəşəm beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Əlbəttə ki, siyasi sabitlik və təhlükəsizlik, məhz irimiqyası layihələrin reallaşdırılmasında əsas faktorlardır. Güclü və dinamik iqtisadiyyat, inkişaf elə bu və ya digər layihələrin həyata keçirilməsində vacib amillər sırasındadır. Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Müasir dünyamızda türk dünyası ilə əməkdaşlıq və birlik, həmrəyliyin nümayişi bu münasibətləri yeni müstəviyə yüksəldib. Strateji, müttəfiqlik səviyyəsində olan münasibətlər hərtərəfli əməkdaşlığın daha genişlənməsinə səbəbdir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfər çərçivəsində əməkdaşlığa dair sənədlərin imzalanması əlbəttə ki, müasibətlərin dostluq və əməkdaşlığa söykəndiyini özündə ehtiva edir. Dövlət başçısının təkcə bu il ikinci dəfə qardaş Türkmənistana səfər etməsi əlaqələrin davamlılığına əsaslanır.

"BİZ HAQLI OLARAQ XALQLARIMIZIN ZƏNGİN TARİXİ-MƏDƏNİ İRSİ VƏ BƏŞƏR SİVİLİZASİYASINA VERDİYİ BÖYÜK TÖHFƏLƏRİ İLƏ QÜRUR DUYURUQ"

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı "Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır", - deyə bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir". Əlbəttə ki, qurulan münasibətlər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafına geni imkanlar açıb. "2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir" - deyə Cənab Prezident bildirib.

"BÜTÜN İŞLƏR 2024-CÜ İLDƏ TAMAMLANACAQ VƏ NƏTİCƏDƏ YENİ NƏQLİYYAT DƏHLİZİ YARANACAQ"

Regionda yeni reallıqların müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik fonunda siyasət həyata keçirərək iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək, beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Ölkə başçısı çıxışında bildirib ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Bildiyimiz kimi, Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. "2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq" – deyə Cənab İlham Əliyev iştirakçıların diqqətinə çatdırıb. Təbii ki, hər bir ölkənin tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır. Etibarlı tranzit ölkə kimi xidmət göstərən Azərbaycan məhz bu münasibətlərin davamlı olmasına təkan verir. "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq"- deyə bildirən dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub: " Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur".

"BELƏ GÖRÜŞLƏR BUNDAN SONRA MÜNTƏZƏM OLARAQ KEÇİRİLƏCƏK VƏ QARDAŞ ÖLKƏLƏRİMİZ ARASINDA MÜNASİBƏTLƏRİN DAHA DA İNKİŞAF ETMƏSİNƏ BÖYÜK TÖHFƏ VERƏCƏK"

Cənab Prezidentin Türkmənistana səfəri çərçivəsində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi dövlət başçılarının güclü iradəsini ortaya qoymuş oldu. Tarix və dil baxımından, ümumi köklərə malik olan üç xalqın əməkdaşlığımızın genişləndirilməsi üçün geniş imkanlar var və bu gələcək uğurlu şaxəli əlaqələrin daha genişlənməsinə töhfə olacaq. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib: "Belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək" – deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə