“Volkov aksiyaçılarla görüşə niyə gəlmir” - AÇIQLAMA

“Volkov aksiyaçılarla görüşə niyə gəlmir” - AÇIQLAMA

“Laçın yolunda baş verən aksiyalar Azərbaycanın ekologiyaya verdiyi böyük əhəmiyyətindən irəli gəlir. Ermənilər Qızılbulaq və Dəmirli filiz mədənlərində Azərbaycanın milli sərvətlərini talayır və ekoloqiyaya böyük zərər vurur”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bizim ekoloqlarımız vəziyyəti yerində öyrənmək üçün monitorinq keçirməyi istəyir: “Sülhməramlılar Azərbaycan ekoloqlara şərait yaratmalı və monitorinq keçirilməsi üçün təhlükəsizlik təmin etməlidirlər. Sülhməramlılar əvvəl razılaşsalar da sonra sözlərinin arxasında dayanmadılar və ekoloqlarımız mədənlərə buraxılmırlar. İkinci gündür ki, ekoloqlarımız, QHT nümayəndələri və aktivistlər Laçın yolunda aksiya keçirirlər və sülhməramlıların komandanı Volkovu görüşə dəvət edib ekoloqlarımızın doğma torpaqlarımıza buraxılmamasının səbəbini öyrənmək istəyirlər. Çox təəssüf ki, Volkov gizlənib və aksiyaçılarla görüşə gəlmir. Aksiyaçılar da Volkov gələnə qədər və ekoiloqlarımız monitorinq keçirilməsi üçün əraziyə buraxılana qədər aksiyanın davam etdirilməsinə israrlıdırlar. Sülhməramlıların komandanın aksiyaçıları dinləməməsi və ekoloqların monitorinqə buraxılmaması sülhməramlıların öz səlahiyyətlərinin aşması deməkdir. Sülhməramlılar əgər öz vəzifələrini icra edə bilmirsə açıqca bildirsinlər və torpaqlarımızdan çıxıb getsinlər”.

A.Badamov onu da bildirdi ki, Azərbaycanın kifayət qədər hərbi gücü var ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etsin: “Biz bu işi sülhməramlısız da icra edə bilirik. Hesab edirəm ki, sülhməramlılar sülhün yaranmasına və etimad mühitinin formalaşmasına ən böyük maneədir. Sülhməramlılar birtərəfli münasibət bəsləyərək ermənilərin cinayət əməllərini qorumaqda davam edərlərsə, Azərbaycan buna imkan verməyəcək və ümumiyyətlə rusların sülhməramlı missiyasından imtina etməlidir. Ekoloqlarımızın və aktivistlərin qışın soyuquna baxmayaraq Laçın yolunda aksiyaya davam etdirməsi xalqımızın yüksək vətənpərvərlik ruhunun göstəricisidir. Bu o deməkdir ki, hər bir azərbaycanlı vətən torpaqını öz canından da çox istəyir və heç kimə torpaqlarımızda ağalıq etməyinə imkan verməyəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə