"Bu, günümüzün aktual məsələlərdəndir" - DEPUTAT ŞƏRH ETDİ

"Şübhəsiz ki, əlilliyi olan şəxslərin müəyyən kateqoriyaları var və onların arasında ayrı-seçkiliyin olması bizim qanunlarımıza görə qadağandır. Bu insanlarının təhsilinin inkluziv şəkildə həyata keçirilməsi, imkan daxilində sağlam uşaqlarla təhsilinin təşkil edilməsinə imkan verilməlidir və bu da gələcəkdə bu şəxslərin cəmiyyətə inteqrasiyası da asanlaşdıracaq". Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu şəxslərin gələcəkdə işlə təmin edilməsi də vacib məsələdir və dövlətin diqqət mərkəzindədir: "Əlilliyi olan şəxslərə qayğı və diqqətin göstərilməsi, onların müalicəsi, reablitasiyası, təhsili, cəmiyyətə intaqrasiyası və məşğulluğunun təmin olunması Azərbaycan dövlətinin daxili siyasətində həyata keçirilən mühüm addımlardır. Azərbaycan əlilliyi olan şəxslərin hüquqları ilə bağlı BMT konversiyasını radifikasiya etmiş və milli qanunvericiliyimizi də BMT konversiyasına uyğunlaşdıraraq əlilliyi olan şəxslərin hüquqları haqqında qanun qəbul etmişdir. Bu qrupdan olan şəxslərə həm dövlətin, həm də cəmiyyətin qayğısı vacibdir və daimi olmalıdır.

Bu şəxslərin gediş-gəlişinin asanlaşdırılması üçün pandusların qoyulması, yaşayış binalarında, liftlərdə əlil arabalarına görə uyğunlaşdırılması kimi məsələlər də vacib məişət məsələləridir. Əsas məsələ əlilliyi olan şəxslərin müavinət alması, pensiya təminası və bununla paralel onların məşğulluğunun həyata keçirilməsidir. Bu işlər də ölkəmizdə qaydalara uyğun olaraq həyata keçirilir. Xüsusilə də Azərbaycan Prezidentinin göstərişi ilə fəaliyyət göstərən özünəməşğulluq proqramında əlilliyi olan şəxslərə üstünlük verilir. Əlilliyi olan şəxslərin yeni peşələrə cəlb edilməsi də bu gün aktual məsələlərdəndir. Xüsusilə II Qarabağ müharibəsində sağlamlığını itirmiş qazi əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması, onların məişət şəraitinin yaxşılaşdırılması da dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu qəbildən olan insanların ən müasir reablitasiya vasitələri ilə təmin olunması, müasir protezlərlə təmin edilməsi, sanatoriya-kurort müalicəsinə cəlb olunması, Azərbaycanda müalicəsi mümkün olmayan qazilərin xarici ölkələrdə müalicəsinin davam etdirilməsi, matorlu arabalarla və minik maşınları ilə təmin edilməsi, mənzillərlə təmin edilməsi məsələsi də dövlətimiz tərəfindən yerinə yetirilir. Ümumiyyətlə dövlət siyasətinin əsas məqsədi ayrı-seçkiliyə yol vermədən bütün əlilliyi olan şəxslərin Azərbaycanın digər vətəndaşları ilə bərabər hüquqlara nail olması və özlərini cəmiyyətə faydalı üzvləri kimi hiss etməsidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə