"Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir" - DEPUTAT ŞƏRH ETDİ

"Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi: "Bir Fransız siyasətçinin dediyi kimi, son proseslər bir daha göstərdi ki, Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi-cəhdlə çalışması bunu bir daha təsdiq edir. Bu, eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir.
Bu zaman belə bir sual yaranır. Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək, ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi var.
Vətən müharibəsində qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətləri olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkanlar yaranmışdı. Ermənistan yenə bu imkanlardan yararlana bilmədi və yenə düşmənçilik yolunu seçdi.
Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətləri bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar.
Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər yanılır. Azərbaycan xalqının və Prezidentinin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə