Zəngin irsi milli sərvətimiz olan Heydər Əliyev fenomeni TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib

Yaşadığımız tarixi gerçəkliklərin müqayisəsi Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi, fonemen bir siyasətçi olduğunu bir daha təsdiqləyir. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini yazıb. Ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atıb.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilib. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Tarixin dönəmləri bir daha təsdiqləyir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış Siyasi Liderdir. Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədikcə, Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini, böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanıldı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi.

ÖLKƏMİZ DEMOKRATİYA, HÜQUQİ DÖVLƏT QURUCULUĞU YOLU İLƏ İRƏLİLƏDİ, XALQ BİRLİYİ YARANDI

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli mübarizə aparırdı. Tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. Bütün bu və ya digər hadisələr göstərir ki, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək ehtimalı olduğu zamanda xalq çıxış yolu axtararaq mövcud vəziyyəti nizama salmaq yollarını araşdırdı. Bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. 15 İyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni düçar olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Milli neft strategiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" imzalandı. Neft strategiyasının beynəlxalq layihələrin və iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac verdi.

XALQIMIZ YENİ ƏSRƏ, MƏHZ HEYDƏR ƏLİYEV ZƏKASININ İŞIĞINDA QƏDƏM QOYDU

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər salmış olan Heydər Əliyev azərbaycanlı olması ilə ömür boyu fəxr etmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

BU GÜN AZƏRBAYCANI İNAMLA GƏLƏCƏYƏ DOĞRU APARAN YOL DAHİ ÖNDƏRİN MÜƏYYƏNLƏŞDİRDİYİ YOLDUR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol Dahi Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək. Tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzi tərəfindən "Heydər Əliyev İli" ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarlar keçiriləcəkdir. Tədbirlər planı çərçivəsində 2023-cü ildə bu və ya digər təşkilatlarla birgə yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər təşkil edilərək, Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salınacaqdır. Bütün bunlarla yanaşı, Azərbaycanın şəhər və rayonlarında "Heydər Əliyev İli"nə həsr olunmuş müxtəlif müsabiqələr, sərgi, festival və düşərgələr, konsert və tamaşalar təşkil olunacaq."Heydər Əliyev İli" çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi, ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması və s. silsilə tədbirlər təşkil ediləcəkdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyev tariximizin müstəqillik təməllərini möhkəmləndirib və belə bir şəxsiyyətin irsi zaman-zaman öyrəniləcəkdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə