AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR TƏHLİL

AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu konfrans bizə Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”

Azərbaycan yenə də növbəti beynəlxalq tədbirə evsahibliyi etdi – noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları konfransın açılışında iştirak edib. Bu mühüm tədbirdə ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edib. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə, bu baxımdan, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.

PREZİDENT İLHAM ƏLİYEV MÖTƏBƏR BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞƏBBÜSKARI VƏ TƏŞKİLATÇISI KİMİ TANINIR

Bəli, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Dövlətimizin başçısı ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında bildirib ki, bugünkü konfransın əsas mövzusu Orta Dəhliz olsa da, iştirakçıları nəzərə alsaq, biz, həmçinin siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərini də müzakirə edəcəyik: “Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”.Dövlət başçısı onu da bildirib ki, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugünkü reallığın yaradılmasına kömək edib.

AZƏRBAYCANIN ƏLVERİŞLİ COĞRAFİ MÖVQEDƏ YERLƏŞMƏSİ BİZƏ ƏLAQƏLƏRİN QURULMASI MƏSƏLƏSİNDƏ MÜHÜM ROL OYNAMAQ İMKANI VERİR

Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışında deyib ki, Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir: «Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq”. Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”. Prezident İlham Əliyev Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başladığını söyləyərək bildirib ki, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir. Azərbaycanın, həmçinin beynəlxalq neft şirkətləri ilə də işi davam etdirdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Biz istismarda olan və növbəti ildən istismara veriləcək yeni yataqlardan, o cümlədən Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırırıq”.

AĞALI KƏNDİ QARABAĞIN YENİDƏN QURULMASININ NÜMUNƏVİ MODELİ OLACAQ

Dövlət başçısı həmçinin işğaldan azad olunmuş torpaqlarda görülən işlərdən də danışıb və bildirib ki, Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq. Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

BİZ ZƏNGƏZUR DƏHLİZİNİN REALLAŞDIRILMASINI İSTƏYİRİK

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, beynəlxalq görüşlərində, müsahibələrində dönə-dönə vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik və buna da nail olacağıq. Dövlət başçısı noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında da bildirib ki, biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin.«Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın», - deyə dövlətimizin başçısı qeyd edib. Prezident İlham Əliyev deyib: “Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

ERMƏNİLƏR ÖVLADLARINI TÜRKİYƏYƏ VƏ AZƏRBAYCANA NİFRƏT RUHUNDA TƏRBİYƏ EDİRLƏR

“O ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”,-deyən Prezident İlham Əliyev onu da bildirib ki, türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur: «Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır».

AZƏRBAYCAN XALQI PAKİSTANIN SİYASİ VƏ MƏNƏVİ DƏSTƏYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

“Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?” Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan Prezident İlham Əliyev deyib: “Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib”.

AZƏRBAYCAN AVROPA İTTİFAQINI VACİB TƏRƏFDAŞ HESAB EDİR

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir: «Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik”.Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.

BİZ HƏR ZAMAN İSTƏNİLƏN ANTİ-AZƏRBAYCAN BƏYANATINA VƏ HƏRƏKƏTİNƏ CAVAB VERMİŞİK VƏ VERƏCƏYİK

Dövlət başçısı son vaxtlar İranda azərbaycanlılara qarşı baş verənlərlə bağlı bildirib ki, heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi: «Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”. Dövlətimizin başçısı bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

İRANDA TƏDRİSİN ERMƏNİ DİLİNDƏ APARILDIĞI MƏKTƏBLƏR VAR, LAKİN AZƏRBAYCANDİLLİ MƏKTƏBLƏR YOXDUR

“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

FRANSA SÜLH DANIŞIQLARINDA İŞTİRAK EDƏ BİLMƏZ VƏ BU, ONUN GÜNAHIDIR

Dövlət başçısı erməni müdafiəçisi Fransa prezidenti Makronunu Azərbaycana qarşı əsasız fikirləri ilə bağlı bildirib ki, Praqa görüşündən bir həftədən də az sonra Fransa prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu: “Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır”.Dövlətimizin başçısı qeyd edib ki, qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil.“Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”, - deyə Prezident İlham Əliyev qeyd edib.Dövlətimizin başçısı vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.

GƏLƏN İL İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN TİKİNTİSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ÜÇÜN VƏSAİT AYRILACAQ

Prezident İlham Əliyev həmçinin onu da bildirib ki, gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq. ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş universitetinin rektorlarının tikintisi artıq başlanmış İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdiklərini xatırladan dövlətimizin başçısı bildirib: “Növbəti ilin büdcəsində İtaliya-Azərbaycan Universitetinin yeni binasının maliyyələşdirilməsi üçün müəyyən vəsait ayrılıb. Həmin universitet bizim ikitərəfli əməkdaşlığımızın və təhsilimizin vacib tərkib hissəsi olacaq. Çünki İtaliyanın beş aparıcı universiteti bu ali təhsil müəssisəsinin həmtəsisçisi olur”.

HEÇ BİR XARİCİ AKTORUN ÖZ STANDARTLARINI VƏ İRADƏSİNİ BİZƏ DİKTƏ ETMƏSİNƏ İMKAN VERMƏYƏCƏYİK

Azərbaycan Prezidenti bildirib ki, heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik: “Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq”.Bəli, biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq. Çünki qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə