YAP-ın 30 il – inkişaf, tərəqqi amalları uğrunda! ŞƏRH

Yeni Azərbaycan Partiyası siyasi sistemin avanqard institutudur

Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolunun olması ötən 30 ildə özünü bir çox istiqamətlərdə sübuta yetirib. Tamamilə məntiqlidir ki, dövlətimizin xaos və anarxiyadan, tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas edilməsində, davamlı sabitlik və inkişaf yoluna çıxarılmasında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü Azərbaycanın hər bir guşəsində - rayon və şəhərlərində xalqımız tərəfindən təntənəli olaraq qeyd olunmaqdadır. Məhz 30 il əvvəl Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi, liderliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu hazırkı dövrə qədər dəfələrlə sübuta yetirmişdir.

Ulu Öndər ali hakimiyyətə geri döndü və bu tarixi qayıdışı ilə başlanan xilaskarlıq missiyası xalqımızın və dövlətimizin gələcək taleyini müəyyən etdi

O cümlədən, ən əhəmiyyətli məqam budur ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfəsidir. Lakin mühüm amillərdən biri də budur ki, YAP yaradılarkən, eləcə də Ulu Öndərin ətrafında sıx birləşərkən xalqımız öz gələcəyinə inamla baxmağa başlayıb, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata, Liderə və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlanıb, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul edib. Əbəs deyil ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından bir neçə ay sonra xalqın təkidli tələbi ilə Ulu Öndər ali hakimiyyətə geri döndü və bu tarixi qayıdışı ilə başlanan xilaskarlıq missiyası xalqımızın və dövlətimizin gələcək taleyini müəyyən etdi.

İlham Əliyev: "Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi"

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə bağlı keçirilən yubiley tərdbirində vurğulamışdır: "Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

YAP ən böyük milli sərvət olan müstəqillik faktorunun qorunub-saxlanılmasında müstəsna xidmətlərə malik siyasi təşkilat kimi adını qürur tariximizə qızıl hərflərlə həkk edib. Belə ki, əsrin əvvəlində dövlət müstəqilliyimizi birinci dəfə qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın dövlət müstəqilliyi bərpa olunduqda və həmin müstəqilliyimiz yenidən təhlükə ilə qarşı-qarşıya qalanda onu məhz Heydər Əliyev xilas etmişdir.

Bu da bir gerçəklidir ki, 30 il ərzində Yeni Azərbaycan Partiyası şərəfli yol keçərək monolitliyini qorumuş və daha da güclənmiş, ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində qalib gəlib

Daha bir fakt budur ki, Azərbaycanın strateji inkişaf yolu bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının təmsilçilərindən formalaşmış iqtidar komandası isə qarşıya qoyulan hər bir mürəkkəb vəzifənin öhdəsindən gəlməyə qadir olduğunu əməli işləri ilə nümayiş etdirirlər. Bu da bir gerçəklidir ki, 30 il ərzində Yeni Azərbaycan Partiyası şərəfli yol keçərək monolitliyini qorumuş və daha da güclənmiş, ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində qalib gəlib, habelə referendumlarda irəli sürülən təşəbbüslər xalqımız tərəfindən ən yüksək şəkildə dəstəklənib.

Ötən dövrdə Azərbaycanın həyatında bir çox mühüm hadisələr baş verib həmin hadisələrin ən mühümü 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qarabağ Zəfərimizdir. Bu Zəfər tarixi ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasının ən önəmli hadisəsidir. Söz yox ki, qarşıdakı illərdə də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarixi nailiyyətlər qazanacaq, daha yüksək strateji zirvələri fəth edəcəkdir. Mütərəqqi Liderimiz və qalib xalqın zəfərlərə imza atan hakim siyasi təşkilatı - Yeni Azərbaycan Partiyası da ümummilli vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etməklə, təşəbbüsləri reallaşdırmaqla göstərməklə, ölkəmizin dayanıqlı və dinamik nkişafına dəyərli töhfələr verəcəkdir.

Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxcəhətli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dərin rəğbətlə qarşılanır

Daha bir mühüm amil budur ki, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxcəhətli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dərin rəğbətlə qarşılanır. Belə ki, onun həyata keçirdiyi işlərin hər biri bütün digər məsələlərlə yanaşı, partiyaya ictimai dəstəyin daha da artmasına böyük dəstəklər göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə çiyin-çiyinə ölkəmizin inkişaf və tərəqqisinə, beynəlxalq aləmdə nüfuzun artmasına nəhəng töhfələr bəxş etmişdir.

Beləliklə, o da danılmaz bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin avanqard institutudur, ölkəmizdə siyasi mədəniyyətin inkişafına, siyasi sistemin təkmilləşməsinə birbaşa töhfələr verən ümumxalq partiyasıdır.

Cənubi Qafqazın ən güclü və mütəşəkkil siyasi qüvvəsi

YAP eyni zamanda, ölkədəki bütün siyasi təşkilatların lokomotividir və daim öz mühüm ideyaları, təşəbbüsləri ilə irəliyə doğru mütərəqqi addımlarını atmaqdadır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası malik olduğu müxtəlif və çoxsaylı resursları ilə, eləcə də 800 minlik üzvləri ilə ictimai-siyasi nüfuzuna, fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə görə Cənubi Qafqazın da ən güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq regionun inkişafına töhfələrini verməkdədir.

YAP paralel olaraq gənclərə geniş imkanlar yaradır, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına böyük diqqət yetirir. Bu baxımdan da partiya cəmiyyətə və dövlətə yararlı olmaq istəyən istedadlı gəncləri öz ətrafında birləşdirməklə, yeni nəslin hərtərəfli inkişafı üçün mühüm işlər görür. Əbəs deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında bu amilə xüsusi olaraq toxunur və həmin gerçəkliyi alqışlayır.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məramını məhz bu amallar – inkişaf, tərəqqi, qələbə və zəfərlər gerçəkliyi təşkil edir

Yeni Azərbaycan Partiyası Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində də mühüm rol oynamaqdadır. Partiyamız həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirdir, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunur.

Söz yox ki, ölkəmizin inkişafının indiki tarixi mərhələsində qarşımızda növbəti əhəmiyyətli və mühüm vəzifələr dayanır. Bizlər həm də Vətənimizə, dövlətimizə sadiq vətəndaşlar olaraq ölkəmizin nüfuzunu yüksəltmək, daha qüdrətli etmək, Azərbaycan vətəndaşlarını firavanlığa qovuşdurmaq, sabitliyi və inkişafı qorumaq, uğurlarımızı daha da artırmaq əzmindəyik. Ona görə də yeni azərbaycançılar daim ən əsas reallığı dəyərləndirərək fəaliyyətlərini də həmin istiqamətdə qururlar. Çünki Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məramını məhz bu amallar – inkişaf, tərəqqi, qələbə və zəfərlər gerçəkliyi təşkil edir.

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə