Azərbaycan QHT-ləri Fransanın qərəzli mövqeyinə qarşı etiraz Bəyanatı qəbul etdi - FOTO

Azərbaycan QHT-ləri Fransanın qərəzli mövqeyinə qarşı etiraz Bəyanatı qəbul etdi - FOTO

Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Fransanın Azərbaycana qarşı yönəlmiş hərəkətlərinin müzakirəsinə həsr edilmiş toplantı keçiriblər.

SIA xəbər verir ki, yığıncaqda Fransa Senatının, Milli Assambleyasının, eləcə də, bu ölkənin bir sıra siyasi dairələrinin açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətlərinin qəbuledilməz olduğu vurğulanıb.

Qeyd olunub ki, Fransa rəhbərliyi bu ölkədə fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyd yanaşıblar. Fransanın müvafiq dövlət orqanları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidçi hərəkətlərini stimullaşdırıblar.

Yığıncaq iştirakçıları vurğulayıblar ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa siyasi dairələri və ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.

Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı aktları bənzərdirlər.

Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə qeyri-obyektiv, qərəzli olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.

Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır.

Yığıncaq gərgin müzakirələr fonunda keçib, sonda QHT-lərin qeyd olunanlar əsasında hazırlanmış etiraz bəyanatı qəbul edilib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə