1988-ci ilin fevralından başlayaraq Azərbaycanda ictimai-siyasi proseslər nəzarətdən çıxırdı. Erməniləri Dağlıq Qarabağın Ermənistana birləşməsi məqsədi ilə Xankənddə mitinqlərə başladılar. Ölkədə permanent hakimiyyət dəyişiklikləri baş verdi. Ə.Vəzirovdan sonra ölkəyə A.Mütəllibov, Y.Məmmədov İ.Qəmbər və Ə.Elçibəy rəhbərlik etdilər. Əhalidən ov tüfəngləri belə yığışdırılmışdı. Rayonlarımız erməni silahlı qüvvələr tərəfindən zəbt edilirdi. Hər gün həm cəmiyyət, həm də dövlət üçün həlli çətin problemlər qarşıya çıxırdı. Xalqın şairi Bəhmən Vətənoğlu “Xilaskar oğul ver, Azərbaycanım”, - deyərək Allahdan kömək istəyirdi. Azərbaycanın Z.Bünyatov, X.R.Ulutürk, F.Maqsudov, S.Təbrizli kimi tanınmış 91 ziyalısı bu vəziyyətə biganə qalmayaraq, Heydər Əliyevə müracət etdilər. Onu problemin həllinə köməyə çağırdılar. Naxçıvanda yeni siyasi partiya - YAP yarandı və sürətlə təşkilatlanırdı. Bunu görən Azərbaycan prezidenti Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalır. Heydər Əliyevin Bakıya tarixi qayıdışı xalqımızın tarixi taleyində müstəsna rol oynadı. Ancaq heç kəs bilmirdi Heydər Əliyev nə edəcək, amma hamı bilirdi ki, nə etsə gözəl edəcəkdir. Belə də oldu. Heydər Əliyev hakimiyyətə gəldi və YAP iqtidar partiyasına çevirdi. Bu gün də YAP iqtidar partiyasıdır və əsas milli problemlər demək olar ki, həll olundu. Həm YAP-ın yaranmasında, həm də hökümət tədbirlərində talenin hökmü ilə dəfələrlə Ulu Öndərlə yaxın təmaslarım olub. Bu bayram günündə 30 ildən sonra o görüşlərin bəzilərini oxucularla bölüşmək istəyirəm. Əvvala qeyd edim ki, Heydə Əliyevin adını ilk dəfə Leninqradda eşitdim. 1969-cu ilin avqustu idi. Azərbaycanlı aspirantlar evində eşitdim ki, Azərbaycan Mərkəzi Komitənin o vaxtkı I katibi Vəli Axundov vəzifəsindən çıxarılıb, yerinə Təhlukəsizlik Komitəsinin sədri Heydər Əliyevi qoyubdur. Heydər Əliyevlə ilk görüşüm də 1969-cu ilin oktyabr ayında oldu. Bakı Dövlət Universitetində müəllim işləyirdim. Həmin il universitetin 50 illik yubleyi təmtəraqla qeyd edilirdi. O zaman BDU-nun Fizika fakültəsinin dekanı professor Faik Sadıqov dedi ki, hər kəs öz laboratoriyasında təcrübi qurğunun yanında olmalıdır. Mən də labaoratoriyada qurğumu işlədirdim. Birdən qapı açıldı, içəriyə Heydər Əliyev, rektor Mehti Əliyev və digər şəxsər daxil oldular. Mənim qurğum işləyəndə lümunofor lama kimi işıq veridiyindən Heydər Əliyev birbaşa qurğuya yaxınlaşdı və mənə suallar verdi. Tədqiqatın tətbiqini soruşdu və uğurlar dilədi. Bu mənim Heydər Əliyevlə ilk görüşüm idi.
Ulu öndər Heydər Əliyevlə ikinci görüşüm 23 ildən sonra, 1992-ci ilin soyuq bir payız günündə Naxçıvanda oldu. YAP-ın təsis konfransına getmişdik. 20.11.92- ci ildə saat 23.30 hotelə xəbər gəldi ki, Heydər Əliyev Bakıdan gələn təsisçiləri qəbul edəcəkdi. 40 nəfərə yaxın insan kabinetdə sıx oturduq. Heydər Əliyev qısaca çıxış etdi və məni yeni yaranan partiyaya niyə sədr görmənizi əsaslandırın, dedi. S.Təbrizli, F.Maqsudov, M.Ələsgərov, S.Musayevdən sonra söz mənə verildi. Heydər Əliyevlə növbəti görüşüm 1993-cü ilin fevralında, prezidentin qardaşı akademik Həsən Əliyevin qırx mərasimində oldu. Həmin gün gecə saat 22.30-da ölkə prezidenti Əbülfəz Elçibəy, İsa Qəmbər və Rəhim Qaziyev ilə birlikdə baş sağlığı vermək üçün hüzr yerinə gəlmişdilər. YAP yaradılmasının təşkilat komitəsinin üzvü kimi Ə.Nağıyev, S.Təbrizli, S.Musayev, M.Musayev və mən biz də məclisdə iştirak edirdik. Çox maraqlı temalar ətrafında (Naxçıvanski hərbi məktəbin yaradılması, Azərbaycanlı kosmonavt axtarışı, Xəzərdə “Malyutka” axtarışı və s.) söhbətlər getdi. 1996-cı il dekabrın 6-da Prezident sarayında Azərbaycan Prezidenti Heydər Əliyev respublika ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdi. Bu görüşdə çıxış etmək üçün Milli Məclisin deputatı kimi mən də çıxış etdim və çıxışımı bu sözlərlə bitirdim:
“Şeir-sözlərin birölçülü fəzada, rəsm-rənglərin ikiölçülü fəzada, musiqi- səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Siyasət dördölçülü fəzada baş verir. Üçü məkan, biri zaman. Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir. Bu səbəbdən də ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlə, bəstəkarlar onlarla, siyasətçilər tək-tək olurlar. Çünki, siyasət- hadisələrin, olayların, proseslərin, tarixi faktların xalqın xeyrinə nizamla, naxışla düzülüşüdür. Siyasətçi bu işləri görməyi bacaran, zaman və məkandan uğurla istifadə edən şəxsiyyətdir”. 2002-ci ilin iyunun 6-da saat 12.00-da Prezident sarayında təltif mərasimi keçirildi. Mən də Məmməd Aslanla bu tədbirə getmişdik. Cənab Prezdent məni “Şöhrət” ordeni ilə təltif edərək ordeni döşümə taxaraq dedi:
- 60-ı başa vurdun.
-Bəli, cənab Prezident, vurdum.
- İndi gedirsən 70-ə doğru?
- Bəli, cənab Prezident, Sizin rəhbərliyinizlə.
- Mənim arxamcan.
-Bəli, cənab prezident.
- Mütləq 70-i də təltif edəcəyəm.
- Təşəkkür edirəm, cansağlığı arzu edirəm, cənab Prezident.
Allah rəhmət eləsin, hər kəsin əməyini dəqiq qiymətləndirirdi. Unudulmaz görüşlərdən digəri 2002-ci ilin 28 may bayramında baş verdi. Tədbirdə nazirlər, deputat korpusu və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər. Prezident Heydər Əliyev Şəhidlər xiyabanı abidəsinə əklil qoydu və şəhəri seyr etdikdən sonra arxa tərəfə qayıtdı. Prezident biz istiqamətdə gəldi. 75 metr qalmış hiss etdim ki, biz tərəf gəlir. Ətrafıma baxdım. Ətrafimda Şahbaz Muradov, Anar Rzayev və digərləri var idi. Lap yaxınlaşanda bir addım qabağa çıxdım və salamlaşdım. Əlimi ovcunun içinə alaraq kefimi soruşdu. Nə isə demək istəyirdi, ancaq ətraf çox sıxlaşdı. Gözümün içərisinə baxdı. Üzündə razılıq hiss etdim. Təhsil qanunu soruşdu. Fürsətdən istifadə edərək Təhsil qanunu ilə bağlı Prezidentdən görüş istədim. Fatma xanımı çağırdı və dedi: Mənimlə Şahlar müəllim və Murtuz müəllimin görüşünü təşkil edərsən. Ancaq o görüş baş tutmadı, çünki görüş Fatma xanıma sərf etmirdi. Heydər Əliyevin dəfələrlə işlətdiyi təkcə bir fikri var: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır”. 30 ildir ki, bu yolla müstəqillik yolu ilə gedirk. Bu yaxınlarda müstəqillik günümüzü bayram etdik. İndi YAP-ın 30 illiyini bayram edirik. Hamımızın bayramı mübarək olsun! Yüz il neftimizin əvəzini vermədən apardılar... 30 ildir ki, nefitimiz özümüzdədir. Bakını hər gün gözəlləşir, tanımaq olmur. Üstəlik Qarabağı da geri aldıq. Milli qürurumuz özümüzə qaytarıldı. Bu günümüzə min şükür. Qarşıda bizi yeni-yeni uğurlar gözləyir. Çünki yolumuz Heydər Əliyev yoludur. Ulu öndər bu yolu belə görürdü: Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edibdir ki, biz Heydər Əliyev yoluna sadiqik. Şükürlər olsun bu günə: Qarabağ Azərbaycandır!
Şahlar Əsgərov,
Professor, əməkdar elm xadimi,
YAP Veteranlar Şurasının və "91-lər"in üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB