"YAP xalqın sevgisinə və dəstəyinə söykənən ümumxalq partiyasıdır" - DEPUTAT ŞƏRH ETDİ

"YAP xalqın sevgisinə və dəstəyinə söykənən ümumxalq partiyasıdır" - DEPUTAT ŞƏRH ETDİ

“Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, hətta, milli varlığımız belə real təhlükə qarşısında idi: "Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur "91-lər"in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu".

K.Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə, tək bir səbəbi var idi: Xalqın partiyanın liderinə olan böyük inamı: "Zaman göstərdi ki, xalq Ümummilli Liderin ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Ölkədə bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Ulu Öndərin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində "Əsrin müqaviləsi" imzalandı, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Deputat diqqətə çatdırıb ki, Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün sahələrin inkişafında öz aydın ifadəsini tapdı. Dövlətçiliyin əsasları yaradıldı, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlara yol açdı. Yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması və sair kimi demokratik təsisatların inkişafı təmin olundi. Azərbaycan beynəlxalq aləmdə yerini və mövqeyini möhkəmləndirdi. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin inkişafı Azərbaycan həqiqətlərinin təbliğində, erməni diasporunun Azərbaycanın ətrafında yaratdığı informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi inkişafını təmin edən strategiyanı işləyib hazırladı və həyata keçirdi".

K.Bayramov onu da qeyd edib ki, Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi: "Dahi şəxsiyyət cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi «dünənin, bu günün və sabahın partiyası» səviyyəsinə yüksəltdi. 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP, xalqın sevgisi və dəstəyinə söykənərək ümumxalq partiyasına çevrilib. Partiyamızın böyük ənənələri var. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni, şanlı səhifələri yazılır. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər bu imkanları şərtləndirir. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olmaq qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən bir cəhət də onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni əldə etməklə öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb. Artıq biz Yeni Azərbaycan Partiyasının ildönümlərini torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Bu şanlı tarixi yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyev cənablarına borcluyuq və ona dərin minnətdarlığımızı bildiririk".

K.Bayramov xüsusi olaraq qeyd edib ki, 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırıldı. Möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Deputat bir daha əmin olduğunu bildirib ki, partiya üzvləri bundan sonra da fəal olacaqlar. Yeni Azərbaycan Partiiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi kimi daimi olaraq qalması üçün hər kəs üzərinə düşən vəzifələri yüksək dəqiqliklə icra edərək, ümumi məqsədlərə öz töhfələrini verəcəklər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə