Azərbaycanın öz haqq işi, öz haqları uğrunda apardığı mübarizəsi, öz torpaqlarının, ermənilər tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarının geri qaytarılması uğrunda mücadiləsi tarixi ədalətin bərpası ilə, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi və bu, məntiqi nəticə olaraq bütün dünyada qəbul edilməlidir. Sözsüz ki, bu nəticə erməniləri və ermənipərəst qüvvələri qəti şəkildə qane etməyə bilər, amma bu, onlar arasında heç kimə əsas, yaxud da haqq verə bilməz ki, Azərbaycan adlı qüdrətli bir ölkənin əleyhinə sayıqlasın. Xüsusən də, danışıqlar üçün öz havadarlarına yalvararaq kömək istəyən və ölkəsinin məğlubiyyətinə rəsmi şəkildə, özü də tələsik halda imza atan, bununla da daha böyük faciəyədən yaxa qurtardığına sevinən birinin, erməni baş nazirinin, Nikol Paşinyanın Ermənistanın ictimai televiziyasına verdiyi müsahibəsi zamanı ölkəmiz əleyhinə sayıqlaması isə siyasi həyasızlıqdır.
Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparıb və qalib gəlib. Başda elə baş nazir Paşinyan olmaqla bütün ermənilər bilirlər ki, Azərbaycan özünə məxsus olanı geri qaytarıb və tarixi ədaləti bərpa edib, hansıki buna mane olmağa erməni cəmiyyətinin öz havadarlarının köməyi ilə belə gücü çatmayıb. Ermənilər bilirlər ki, hər müstəvidə, özü də rüsvayçı şəkildə məğlubiyyətə uğrayıblar və bu damğa alınlarında bütün mövcudluqları dövründə qalacaq. Bilirlər ki, qələbəmizə, Zəfərimizə kölgə salmağa belə onların imkanı, gücü çatmaz, bu mümkünsüzdür və Azərbaycan tərəfi, bu ölkənin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev istənilən platformada keçirilən görüşdə qalib olaraq iştirak edir və bundan sonra da belə olacaq. Ölkəmizin qələbəsinə rəsmi şəkildə imza atan dövlət başçımızın bütün görüşlərdə ifadə etdikləri də ermənilərə verilən mesaj, hətta deyərdik ki, dərsdir, amma görünür bunu başa düşməkdə ermənilərin baş naziri belə çətinlik çəkir, əks halda, sayıqlamalar etməzdi. Küçə nümayişlərinin köməyi ilə avantüristcəsinə hakimiyyəti qamarlayan səriştəsiz biri, yəni Paşinyan görünür anlamır ki, belə sayıqlamaları ilə siyasi həyasızlıq edir, çünki nəticə çıxarmaq əvəzinə yenə də avantüraya əl atır.
İşğalçı ölkənin ictimai televiziyasına müsahibəsində Nikol Paşinyan yenə də artıq keçmişdə qalan Qarabağ münaqişəsinin bitmədiyi fikrini formalaşdırmağa çalışırsa, buna nə ad vermək olar? “Əgər, Azərbaycan Prezidentinin dediyi kimi, Qarabağ münaqişəsi bitibsə, Qarabağdakı ermənilər niyə bunu hiss etmirlər”, deyən erməni baş nazirin yenə də siyasi həyasızlıq etdiyi ortaya çıxır. Nikol bilmirmi ki, bu münaqişənin bitdiyini Qarabağda yaşayan ermənilərə hiss etməyə imkan verməyən elə Ermənistanın özüdür? Bilmirmi ki, sərhədlərin delimitasiyasını və demarkasiyasını, bununla da sülh müqaviləsini ləngidən də məhz Ermənistandır? Bilir, özü də buna rəvac verən belə özüdür. O halda bu siyasi həyasızlıq nəyə lazımdır? Axı belə həyasızlıqlar onu da, ölkəsini də xilas edən deyil və hansısa dəyişikliyə ümid etməsi də ağılsızlıqdır.
Bu zamana qədər Nikolun hansı fikirlər səsləndirdiyi, özü də biri-birinə zidd olan fikirlər ifadə etdiyi təkcə ermənilərə deyil, bütün dünya ictimaiyyətinə bəllidir. Bütün dünya bu avantüristin ziddiyyətli fikirləri və mövqeyi ilə tanışdır. Hələ hakimiyyət kürsüsünü qamarlamazdan öncə Qarabağın Azərbaycan ərazisi olduğunu Ermənistan Parlamentində səsləndirən Paşinyan özü deyildimi? Sonra da hakimiyyəti ələ keçirdikdən sonra daxili auditoriyaya hesablanan çıxışlarında, müxtəlif platformalarda öz sözünün əksini söyləməsi, gedib bir zamanlar işğal altında olan torpaqlarda sayıqlaması, sərxoş olub və əl açıb oynaması yadından çıxıbmı Nikolun? “Şuşa ermənilərə məxsus idisə, niyə 30 il ərzində həmin şəhərdə bir dənə də tikili tikilməyib, yalnız dağıdılıb və Azərbaycanın bu torpaqları abadlaşdırdması bunun əksini deməyə əsas verir”, deyən də Paşinyan idi. Bəlkə erməni baş nazirə xatırladılmalıdır ki, o dəfələrlə bir birinə zidd fikirlər səsləndirib? Yaxud, onun vaxtaşırı sayıqladığını, özü də bir-birinin əksinə söz söylədiyini erməni cəmiyyəti bilmir? Bilir, özü də lap yaxşı bilir. O zaman bu avantüristin sonuncu dəfə ölkəsinin ictimai televiziyasına verdiyi müsahibəsi zamanı Azərbaycan əleyhinə, xüsusən də Qarabağla bağlı söylədiklərini siyasi həyasızlıq adlandırmaq tam yerinə düşür.
Nikol Paşinyanın müharibə bitdikdən sonra üzündəki ifadə belə dəfələrlə dəyişib. Bütün dünya bunun beynəlxalq platformalarda keçirilən görüşlər zamanı çox şahidi olub. Hər bir görüşdə onun sifətində məğlubiyyətin, rüsvayçılığın ifadəsi dominantlıq təşkil etdiyi də yaddaşlardan silinən deyil. Hətta sonuncu dəfə Soçi görüşündə məzlum bir obrazda olduğunu da hamı gördü. Bu, əslində məğlubiyyətinin təzahürü idi və hakimiyyət üçün səriştəsiz birinin sifətində təzahür etməsi də gözlənilən hesab olunurdu ki, bunu başa düşmək çətin deyil. Amma, beynəlxalq görüşdə hamının gözü qarşısında yazıq bir görünüşdə, başını aşağı sallayan birinin sonradan yenə də Qarabağ barədə sayıqlaması növbəti həyasızlıqdır, özü də siyasi həyasızlıq.
“Bir sualın cavabını təkcə Ermənistan deyil, həm də beynəlxalq ictimaiyyət almalıdır ki, Qarabağ sakinləri niyə həmişə təhlükə altındadır?” deyən Paşinyan hansı təhlükədən danışır və bu təhlükəni bundan sonra onların özləri yaratdığının fərqində deyilmi? Fərqində deyilmi ki, belə həyasızlıqla ifadə səsləndirməsi həqiqətən təhlükə yaradır? Qarabağ sakinləri qanunlarımızı qəbul etdikləri təqdirdə onların Azərbaycanın müdafiəsində, mühafizəsində olduqlarına görə təhlükə altındadırlar, yoxsa Paşinyanın həyasızlıqla səsləndirdiyi fikirlər və bununla da məsələni qızışdırdığına görə? Həmin ərazilərdə gedən abadlıq-quruculuq işləri aparıldığına görə Qarabağ sakinləri təhlükə altında olmalıdır, yoxsa həyasızlıqla işlənən bu axmaq fikirlər səbəbindən?
“Biz Qarabağ məsələsinin həll olunmasının əleyhinə deyilik”, deyərkən belə Nikol siyasi həyasızlıq edir. Axı dolayısı ilə bu məsələnin guya hələ də həll olunmadığı fikrini formalaşdırmağa çalışır və qıcıq doğuran ifadələr səsləndirir ki, bu da nəticə etibarı ilə həyasızlıqdan, avantüradan başqa bir şey deyil. Sülh danışıqlarına hazırlaşılmalı, bu danışıqlar gerçəkləşdirilməli halda niyə nifaq toxumu səpməyə çalışır və bu tərzi nəyə hesablana bilər? “Əleyhinə deyilik” deyən erməni baş nazir ilk növbədə elə sülhün, Qarabağdakı ermənilərin təhlükəsizliyinin əleyhinə danışır və onlar üçün təhlükəni məhz təxribatlara təhrikedici ifadələri ilə yaradır.
“Bütün bunlar Qarabağdakı erməni əsilli əhalinin genosidi üçündür”, deməklə isə Paşinyan görünməmiş həyasızlıq edir. Əvvəla ona görə ki, Qarabağdakı erməniləri elə özü qorxudur, onlara guya təhlükədə olduqlarını çatdırır, onları qızışdırır və bunun fonunda da utanmadan onların təhlükəsizliyi barədə danışır. Digər tərəfdən də, iki il ərzində Qarabağın erməni əsilli əhalisi naminə bircə dənə də addım atmayan bir baş nazir nə üzlə onların təhlükəsi barədə fikir səsləndirir? Paşinyan hansı vədinə əməl edib ki, təhlükəsizlik barədə hansısa iddiada olsun? Qarabağdakı erməni əsilli əhalinin təhlükəsizliyi barədə düşünən bir baş nazir ilk növbədə həmin əhali üçün əlindən gələni edərdi. Ən azından danışıqlara uyğun şəkildə razılaşmalara əməl edərdi, bu danışıqların ruhuna uyğun danışardı ki, sülh istiqamətində addım atılsın. Amma təkcə biz yox, bütün dünya görür ki, Nikol və onun hakimiyyət komandası bunun əksini edir, hələ bir üstəlik həyasızlıqla uyğunsuz, həqiqətdən uzaq ifadələr səsləndirir.
Birincisi, Azərbaycan məhz Ermənistandan fərqli olaraq genosid törədən bir dövlət, xalqımız da hansısa xalqa soyqırım yaşadan xalq deyil və öz mövcudluğu dövründə heç bir genosidə, heç bir soyqırıma imza atmayıb. Halbuki, ötən əsrin əvvəllərində 31 mart qırğınına imza atan ermənilər həmin əsrin sonunda Xocalı soyqırımı kimi insanlıq dramını da törətdilər. Qonşu dövlətin torpaqlarına təcavüzkarcasına soxulan erməni silahlıları isə qoca, yaşlı, uşaq, körpə, hətta hamilə qadın demədən kütləvi şəkildə insanların qırğınını törətməklə bu xislətə özlərinin sahib olduqlarını göstərdilər. Körpə uşaqların, qocaların, hamilə qadınların cəsədləri üzərində təhqiramiz hərəkətlər etmələri də foto və video materiallarda öz təsdiqini tapır. Bu vəhşilikləri törədən bir toplumun nümayəndəsi, buna rəvac verən bir ölkənin baş naziri hansı üzlə Azərbaycanın genosid törədəcəyini söyləyir və bunu söyləmək üçün nə qədər həyasız olmaq lazımdır? Paşinyan bilmirmi ki, genosidi törədən eyni ilə öz erməniləri kimi, özgə torpaqlarına soxulub orada qırğın törədir?
Əvvəla Qarabağ Azərbaycan torpağıdır və öz torpağında heç bir xalq genosid törətməz, üstəlik Azərbaycan xalqı kimi sülhsevər bir xalqın bunu edəcəyini iddia etmək həyasızlığın hədsizlik dərəcəsidir. Digər tərəfdən, həmin ərazilərdə yaşayan erməniləri hədəfə almaq üçün Azərbaycanın məhz müharibə dövründə şansı yox idimi ki, bunu indi etməyi planlaşdırsın və erməni baş naziri bu iddianı hansı ağılla ortaya atır? Əgər 44 günlük müharibə dönəmində, döyüş ermənilərin məğlubiyyəti ilə başa çatdığı zaman bunu etmək mümkün olduğu halda, Azərbaycan bunu etmədisə, deməli, Nikolun dedikləri cəfəngiyyatdır və bunun cəfəngiyyat olduğunu erməniləri özləri də yaxşı bilirlər. Daha doğrusu, ermənilər özləri də bilirlər ki, bu iddiaları, bu fikirləri ilə baş nazirləri həyasızlıq həddini aşır. Əslində, Azərbaycanın öz ərazisində, Qarabağda yaşayan ermənilər üçün nə isə etmək, onları həmin ərazilərdən uzaqlaşdırmaq, qovmaq, deporttasiya etmək, ümumiyyətlə, etnik təmizləmə siyasəti yürütmək niyyəti olsaydı, 44 günlük müharibə bitdiyi zaman belə onların həmin ərazilərdə yerləşməsinə niyə imkan verirdi? Bütün bunlar, bu suallar, bu məntiqi ardıcıllıq və yanaşma təsdiq edir ki, Azərbaycan barədə erməni baş nazirinin iddiaları siyasi həyasızlıqdır və sülh gündəliyi ilə ziddiyyət təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB