"Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Azərbaycan xalqı 30 ilə yaxın bir zamandan sonra işğaldan azad olunmuş torpaqlarımızda erməni vəhşiliyinin izləri ilə daha yaxından tanış olur. Ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri vandallığın nəticəsi olaraq tarixi-mədəni milli irsinə qarşı böyük zərbələr endirilib. İşğal altında olan ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub.
Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Real sənədlərə nəzər salsaq görərik ki, həmin ərazilərdə təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz kimliklərini nəinki Azərbaycan xalqına, eləcə də bütün dünyaya göstərdilər. Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistan mədəni soyqırımı törədib, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv edilib.
DAĞIDILMIŞ DAŞINMAZ MƏDƏNİ İRS NÜMUNƏLƏRİ ERMƏNİ VANDALLIĞININ GÖSTƏRİCİSİDİR
Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.
Ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışıblar. Bu məqsədlə, ermənilər hər bir yola, hətta cinayətə də əl atıblar. Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi üçün ciddi addımlar atılıb.Azərbaycan ərazisindəki bütün abidələr isə dövlət səviyyəsində qorunur. Multikultural və tolerant yaşam tərzi ilə dünyada tanınan Azərbaycanda bu mühitin formalaşması dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insana olan bərabər münasibətin nəticəsidir. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə öz təsirini göstərir. Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir.
Erməni barbarlığının nəticəsi olaraq dağıdılan abidələrimiz qısa bir zamanda bərpa olunacaq və törətdikləri əməllərə görə, qanun qarşısında cavab verəcəklər. Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur.Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış dini, tarixi və yerli memarlıq abidəsi hesab edilən binaların bərpası və yenidən qurulmasına xüsusi önəm verirlər.
ƏZƏLİ TORPAQLARIMIZDA ZƏNGİN İRSİMİZ YENİDƏN BƏRPA OLUNUR, QURULUR
Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, "Qafqazın konservatoriyası" adlandırılan Şuşa şəhərində memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır. İşğal zamanı dağıdılmış dini abidələr sırasında Yuxarı Gövhər ağa məscidi də yer almışdır. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır. Qəbul edilmiş layihələrə əsasən, Heydər Əliyev Fondunun rəhbərliyi və "Paşa Holdinq"in maliyə dəstəyi ilə məsciddə ötən ilin noyabr ayından bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş və görülən işlərlə yaxından tanış olmuşlar.
Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə işlər keyfiyyətlə davam etdirilir. Məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb.Qeyd edək ki, Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimiz - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri əzəli torpağımıza gətirildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu.
Onu da vurğulayaq ki, Heydər Əliyev Fondu tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihəyə başlayıb. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB