Reket jurnalistikası niyə çiçəklənir? - ANALİZ

Baş Prokuror: “Reket jurnalistikası cinayətkar fəaliyyətdir”

“Reket jurnalistikası ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür”. Bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bəzi jurnalistlər və sosial media istifadəçiləri işin detallarını, incəliklərini bilmədən qəti fikirlər irəli sürürlər: “Mənə elə gəlir ki, bizim sosial media istifadəçiləri, mətbuatda çalışan əməkdaşlar özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Bəzi mürəkkəb məsələlərə bəzən elə asanlıqla rəy verirlər, fikir yürüdürlər ki, bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir.

Sadə göründüyü qədər də mürəkkəbdir. İşi bilmədən, işin incəliklərini bilmədən... Məsələn Tərtər işi ilə bağlı bəzi fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir. Bu istiqamətdə media orqanları ilə birlikdə tədbirlər planı hazırlayaraq həyata keçirməliyik".

Baş prokuror qeyd edir ki, reket jurnalistikası hədə-qorxu ilə tələb etmə faktıdır. Bunlar jurnalistika ilə heç bir əlaqəsi olmayan, sırf cinayətkar fəaliyyətdir.

O bildirib ki, gündəmə gəlmək üçün sensasiya xarakterli məlumatlar olmamalıdır:

“Prokurorluq İnsan hüquqlarının qorunmasını da təmin edir. Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib. Bəzi hallar olub ki, biz media nümayəndələrini, bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik. Bəzən barələrində inzibati işlər başlatmışıq.

Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır”.

O qeyd edib ki, media nümayəndəsinin peşəkarlığına üstünlük verilir: “Prokurorluq orqanı olaraq düşünürük ki, media fəaliyyətində sifarişli yazı, kiminsə kiməsə qarşı əsassız ittihamları doğru deyil. Gündəmdə qalmaq üçün sensasiya xarakterli məlumatlar yaratmaq üçün belə addım atılmamalıdır”.

Son illərdə ölkə mediasının qara yarasına çevrilən “reket mətbuat” sektoru sürətlə inkişaf edir. Azərbaycanda qəzet-jurnal təsis etmək, informasiya saytı açmaq o qədər asan və rahatdır ki, çoxları bu həvəsə düşərək pul qazanmağın çirkli üsullarından istifadə etməyə çalışırlar. Mətbuatla, jurnalistika ilə heç bir bağlılığı, bu sahədə nə təhsili, nə təcrübəsi, nə də gücü olmayan adamlar bir qəzet və ya sayt açıb başlayırlar özləri kimi fırıldaqçılara jurnalist vəsiqələri paylamağa və şantajla pul qazanmağa.

Əsasən bu işlə saytlar məşğul olur. Bu saytları bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin başa düşəsən. Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın “acından ölməsi”, sosial problemlərin “partlayış” həddinə gəlib çatması, məmurların şantajı kimi materiallar yer alır.

Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Ölkədə elə bir məmur yoxdur ki, mətbuatda təhqir və ya tənqid olunmasın. Kimin kefi nə istəyir və necə istəyir elə də yazır. Bu gün sözügedən mətbuat cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldur. Bütün bu hallar sonda mətbuatın, jurnalistikanın nüfuzuna xələl gətirir, medianın “4-cü hakimiyyət” statusunun itirilməsini şərtləndirir.

Bəzilərinə sərf edir ki, media sahəsində tam anarxiya yaransın və nəticədə təhqir və şantaja görə cəzasız qalsınlar. Belə bir analogiya dünyanın heç bir ölkəsində yoxdur. Örnək kimi gördüyünüz Avropa və Amerikada hər ay onlarla jurnalist qanunsuz əməlinə görə qanuni olaraq cəzalandırılır.

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin (ehtiyac yarandıqda həm də ekspertlərin) fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.

Bu gün mətbuatda çalışanların bəziləri məhz elə öz imzasına hörmət etməyən bu cür jurnalistlərdir. Ona görə də, onların yazılarının faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.

Bir çox hallarda sifarişçilər həmin jurnalistlərə şantaj xarakterli yazılar sifariş edirlər. Yaxşı pul müqabilində vicdanlarını arxa plana keçirən bu “peşəkarlar” isə, dilimizin imkanlarından və informasiyanın psixoloji təsir texnologiyasından geniş istifadə edərək yazınının faktoloji yükünün olmadığını və qeyri-obyektivliyini ört-basdır edirlər.

Bir sıra qəzetlər və internet resursları isə, xaricdən maliyyələşərək ölkə daxilində öz missiyalarını həyata keçirirlər. Belələri, ölkədə milli, dini ayrı-seçkilik salmaq, cəmiyyəti parçalamaq, siyasi böhran durumu yaratmaq və s. bu kimi çirkin işlərlə məşğuldurlar.

Dəfələrlə deyilsə də, yazılsa da bu sahədə hələ ki, ciddi tədbir görülməyib. Hökumət bu məsələdə hədsiz dözümlülük nümayiş etdirir. Dövlət bu sahədə nizamlayıcı tədbirlərə əl atsa, o saat həmin “jurnalistlər” bir haray-həşir qoparacaqlar ki, “vay qoymayın, söz azadlığı pozuldu”.

Mətbuat nümayəndələri cəmiyyətdə gedən prosesləri dolğun və düzgün qiymətləndirməlidirlər. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkilməlidir.

Əslində, insanların öz hüquqlarını, şərəf və ləyaqətlərini qorumaları təbii sayılmalıdır. Ona görə də, belə hallarda məhkəmə qanuna əsaslanan cəzalanma qərarı verməyə bilməz.

Ölkədə müxalif fikirli adamlar özləri də tənqidə dözmürlər. Azad mətbuatın davasını döyənlər, azad və doğru sözü həzm edə bilmirlər. Müxalifət liderlərini hansısa mediada tənqid edəndə çox sərt reaksiya verirlər, amma öz saytlarında, qəzetlərində kimi istəyirlər təhqir və şantaj etdirirlər.

Qeyd etdiyimiz kimi, bu hallar medianın inkişafına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə jurnalistlərə olan inamın azalmasına gətirib çıxarır.

Beləliklə, Azərbaycan jurnalistikasının təcili həll edilməsi gərəkən bir sıra problemləri var ki, bunların həlli 3 müstəvidə baş verməlidir, dövlət tənzimləməsi, ictimai qınaq, həmkarlıq boykotu. Bunların hər üçün eyni zamanda həyata keçirilməsə, bu sahədə vəziyyəti yaxşılaşdırmaq mümkün olmayacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə