Azərbaycanın son 10 ildəki sosial-iqtisadi vəziyyəti – STATİSTİK TƏHLİL
Azərbaycanın sosial-iqtisadi inkişafının ən yüksək mərləhəsi- son 10 ildəki vəziyyəti nəzərdən keçirməklə bu haqda düzgün fikrə gəlmək olar. Beş fundamental nəticə- qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin.
Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Ölkədə möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət son 10 ildə qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynamışdır. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artmış, iqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya etmişdir.
Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. 2012‒2021-ci illərdə qeyri-neft/qaz ÜDM-i hər il orta hesabla 3,5% artaraq, 2011-ci ildəki 25,4 mlrd manatdan 2021-ci ilə 57,8 mlrd manata, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən 2021-ci ildə 62,2%-ə çatmışdır. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyümüşdür.
Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyümüşdür. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olmuş, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötmüşdür. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olmuşdur. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatmışdır. İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir. Xüsusilə, dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatmışdır.
Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır. 2011‒2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılmışdır. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilmişdir. Xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirmişdir.
Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011-2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artmışdır.
Dövlət borcunun daxili və xarici seqmentləri makroiqtisadi sabitlik və büdcə dayanıqlığı hədəflərini dəstəkləmişdir. 2021-ci ilin 31 dekabr tarixinə məcmu dövlət borcu ÜDM-in 18,2%-ni təşkil edir ki, bu da fiskal dayanıqlıq baxımından məqbul səviyyədir. Daxili borclanmanın son illər genişlənərək 2021-ci ilin 31 dekabr tarixinə 2 mlrd 507 mln manata çatdırılması maliyyə bazarlarının inkişafı və effektiv fəaliyyəti baxımından əhəmiyyətlidir. Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur. Bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olmuşdur.
Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Bu şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlmiş, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 mlrd manatdan artaraq 17,1 mlrd manata çatmışdır. Depozitlərin həcmi (maliyyə sektoru çıxılmaqla) 3,9 dəfə artaraq 2011-ci ildəki 6,9 mlrd manatdan 2021-ci ildə 27,1 mlrd manata çatmışdır.
İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılmışdır.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.
Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalmışdır. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə 5,9%-ə enmişdir.
Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşmışdır. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1‒5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 5 ildə 16% bəndi artaraq 32%-ə çatmışdır.
Müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərmişdir. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır. 2003‒2021-ci illərdə 3400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir.
Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalmış, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artmışdır. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil etmişdir.
Hazırda qlobal iqtisadiyatda təlatümlər, böhranlar müşahidə olunur, lakin bu dəyişikliklərin ölkəmizə təsirlərini minimallaşdırmaq üçün ölkədə yüksək sosial-iqtisadi rifah və potensial formalaşdırılmışdır. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Elçin
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB