Uşaqlar Covid 19 virusundan sonra 1 il onlayn təhsil ilə oxumalı oldular. Xüsusilə yeniyetmələrin həyatında sosiallaşmanın vacib olduğu bir dövrdə bu məhdudiyyət onların psixologiyalarına təsirsiz ötüşmədi. Pandemiyanın hələ bitmədiyi, məhdudiyyətlərin nbisbətən aradan qaldırıldığı sonrakı dövrlərdə uşaqların saysız intiharı da bu səbəbdən qaynaqlanırdı.
İnsanlarla ünsiyyətdə qalmaq, həyata davam etmək üçün onlayn iş, təhsil vacib idi, lakin öz müsübət tərəflərinin ardında mənfi təsirlərini də danmaq olmaz. Uşaqların internetdə zaman keçirmələri üçün müəyyən sərhədlər qoymayan, qoya bilməyən valideynlər üçün virtual təhsil real kabusa döndü.
Mütəxəssislər deyir ki, uşaqlara yumşaq və güvən aşılayan bir ünsiyyət forması ilə yaxınlaşmaq, onları kobud, zorakılıqla dolu ünsiyyət formasından uzaqlaşdırmaq deməkdir. Yəni ona necə yaxınlaşsan, ünsiyyəti necə qursan o da eynisini tətbiq edəcək. Bu həm də valideynin övladını qoruma üsuludur.
Media uşaqlara pis örnək olur?
Bəs mediada necə, uşaqların qorunması üçün nə işlər aparılır? Kütləvi inforrmasiya vasitələri onların hüququnu qoruya bilirmi?
Zorakılıq, təcavüz, qətl məlumatlarının bol olduğu saytlar baxış sayı, İP toplamaq naminə bir-biri ilə sanki yarışa girib. Saytların ən çox oxunanlar guşəsində istisnasız olaraq bu tip materiallar yer alır. Təəssüf ki, son dövrdə bunu həm də televiziya proqramlarında müşahidə edirik. Sosial yönümlü olduğu iddia edilən televiziya proqramlarında ailə dəyərləri, milli-mənəvi ənənələr nəzərə alınmadan reytinq xətrinə hər addım atılır.

Bəzən deyirlər ki əvvəllər cəmiyyət bu qədər korlanmamışdı, ölən-öldürən bu qədər çox deyildi. Qismən razılaşmaq olar. Düzdür, əvvəllər pis hadisələr indikindən dəfələlərlə az baş verirdi. Lakin internetin həyatımızda bu qədər hegemon olmadığı dövrlərdə baş verən az sayda pis hadisələr belə insanlara gec çatırdı və ya heç nüfuz etmirdi. Lakin indi sosial şəbəkələr, saytlar, canlı yayımlar bu məsələdə xüsusi canfəşanlıq göstərirlər. Kim kimi öldürüb, kim kimi doğrayıb, kim kimə sataşıb, kimin əli kimin boğazındadır– anında xəbər edilir.
Uşaqlarımızın azad internet məkanına çıxışının olduqca rahat olduğunu nəzərə alsaq bu vəziyyətin nə qədər təhlükəli olduğunun da fərqinə vararıq. Uşaqlar bir qətl hadisəsinin necə törədildiyini, izlərin hansı yolla itirildiyini, qatilin gizlənmək üçün hansı üsullardan istifadə etdiyini, habelə ailəli insanlıarın ailə dəyərlərini heçə sayaraq əxlaqsız davranışlarını əks etdirən materialları rahatlıqla oxuya, izləyə bilirlər. Dolayısı ilə uşaqların haqları reytinq, qazanc uğrunda heçə sayılır, zorakılıq aşılanır.
Uşaqları rəqəmsal tora salırlar
Uşaqların media mühitinə daxil olması halında təhlükəsizliyini təmin etmək vəzifəsi həm medai orqanlarının, həm də dövlətin nəzarətində olmalıdır. Mediada uşaqların yararına atılacaq bütün addımlar onları sözdə deyil, həqiqətən qorumalıdır. Uşaq hüquqları haqqında yazı hazırlayıb manşetdə zorakılıq görmüş uşaqlığın şəklini vermək nə etika, nə də uşaq hüquqları yararınadır.
Uşaqların mediada zorakılığa məruz qalmasının bir vasitəçisi də reklamlardır. Yaşından, cinsindən asılı olmayaraq hər insanın izləyə biləcəyi, əlçatanlığı adi olan reklamlarla uşaqlara qarşı zorakılıq, hədə-qorxu aşılaya bilirlər. Rəqəmsal dünyanın imkanlarından təcrübəsiz formada istifadə edən uşaqlar qeyri-qanuni yollarla qadağan edilmiş proqramlardan istifadə edə, təhlükəli dostluqlar qura, subliminal mesajlara, onlayn uşaq istismarına məruz qala bilər.
Uşaqlar mətbuata nə vaxt çıxır?
Diqqətli oxucular fərqində olur, uşaqlar adətən mətbuata zorakılıq, təcavüz, qətl və intihar xəbərləri ilə gündəm olur. Soz son illər hansısa uşağın əl işinə, bacarığın, üstün zəkasına, hər hansı bir uğuruna görə gündəm olduğunu görmüsünüzmü? Amma döyülən, təcavüz edilən, zorakılığa məruz qalan uşaqların haqqında mətbuat üzü açıq, adı məlum formada dərhal məlumat yayır. Bu uşaqların yararınadır? Əlbəttə yox. Virtual platformaya əbədi həkk olan fotolar uşaqların bundan sonrakı həyatına təsir edir, gələcəyində problem yaradır.
Rəqəmsal platformalarda uşaqların şəkilləri videoları paylaşılarkən bu paylaşımın hazırda uşaq olan, gələcəkdə yetkin insan olacaq fərdin həyatına təsir ehtimalları da nəzərə alınmalıdır. İndi bizə xoş gələn, uşaq məsumluğu ilə qəzəbi, kədəri əks etdirən, yaxud gülməli hesab etdiyimiz bu görüntülər gələcək həyatlarında onların həyatını korlaya, problem yarada bilər. Bu sadəcə öz uşağımıza adi deyil, həm fərd olaraq, həm də media başqasının övladının şəklini paylaşarkən, yayımlayarkən icazə almalıdır.
Lakin cəmiyyətin böyük hissəsinin məlumat qaynağı olan media öz öhdəliyini yerinə yetermək əvəzinə ucuz şou ilə məşğul olur. Döyülən, təcavüz edilən uşaqların fotosunu bir günlük oxuma sayı üçün öz maraqlarına qurban edirlər.
Jurnalistlərin bu məsələdə diqqətsizliyi isə təcrübə azlığı və peşə etikasından xəbərsiz olması ilə əlaqədardır. Uşaqların inkişafı, rəqəmsal dünyada təhlükəsizliyi üçün yazılan hər kəlmə diqqətli seçilməli, oxucu kütləsi arasında uşaqların da olacağı nəzərə alınmalıdır. Buna görə media nümayəndələri uşaqlarla bağlı təlimlərə cəlb edilməli, BMT-nın Uşaq Haqları Konvensiyasının tələbinə uyğun bütün şərtlərə əməl edilməsi üçün media orqanları qarşısında ciddi tələblər qoyulmalıdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB