Rusiya analitiki: “Cənubi Qafqazda vəziyyətin gərginləşməsi hər an mümkündür” – MÜSAHİBƏ
Dmitri Malışev: Hesab edirəm ki, Qarabağda müharibə mümkündür, çünki bu münaqişə 1990-cı illərdən bəri daim kəskinləşib
Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin dosenti, tarix elmləri namizədi Dmitri Malışev “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər haqda maraqli fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Dmitri Valeryeviç, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması imkanlarını necə qiymətləndirirsiniz, yaxın gələcəkdə hansısa irəliləyiş gözləmək lazımdırmı?
- Bu günə qədər Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyən əsas sənəd Rusiya Federasiyasının vasitəçiliyi ilə iki ölkə tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdır. Amma regionda vəziyyət tam normallaşmayıb və çox güman ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərində müəyyən status-kvo saxlanılacaq.
Üstəlik, situasiyasının müəyyən qədər ağırlaşması mümkündür. Amma həm Azərbaycanla Ermənistan arasında, həm də Ermənistanla Azərbaycanın əsas müttəfiqi olan Türkiyə Respublikası arasında tarixən çətin olan münasibətləri nəzərə alsaq, Azərbaycanla Ermənistan arasında qarşıdurmanın ciddi şəkildə kəskinləşməsi, eləcə də iki ölkə arasında yaxınlaşma olması ehtimalı azdır. Ermənistanla Azərbaycan arasında hələ də sülh müqaviləsinin imzalanmamasını, iki dövlət arasında sərhədin hələ də bağlı qaldığını nəzərə almamaq olmaz.
- Yəni, tərəflər arasında sülh sazişinin imzalanması ehtimalı azdır?
- Belə bir razılaşmanın olması ehtimalı azdır, baxmayaraq ki, bunu tamamilə istisna etmək olmaz. Belə bir müqavilənin bağlanmasına mane olan bir sıra amillər var. Birincisi, iki xalq arasında tarixən çətin münasibətlər.
İkincisi, Türkiyə bu respublika ilə əlaqələr qurmasa, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması çətin ki mümkün olsun. Və burada vəziyyət daha da çıxılmazdır. Türkiyə, bildiyiniz kimi, ermənilərin iddia etdiyi 1915-ci il “erməni soyqırımı”nı rəsmən tanımaqdan imtina edir və bunsuz İrəvan Ankara ilə diplomatik münasibətlərin qurulması ilə bağlı heç bir müqavilə bağlamayacaq.
1994-cü ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun praktiki olaraq fəaliyyətini dayandırdığı bir şəraitdə, prinsipcə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasının mümkünlüyündən danışmaq ümumiyyətlə çətindir. Baxmayaraq ki, iyunun ortalarında Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın, yəni Ermənistanla Azərbaycan arasında qanuni sərhəd rejiminin yaradılmasının birbaşa Qarabağ problemi ilə bağlı olmadığını bildirib.
- Ermənistandakı daxili siyasi prosesləri, müxalifət dairələrinin və keçmiş Qarabağ klanı nümayəndələrinin etirazlarını, revanşist əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz? Qarabağda yeni müharibə ehtimalı varmı, Ermənistanda təhlükə nədir?
- Ermənistandakı etirazlar həm ağır daxili siyasi vəziyyətlə, həm də ölkə üçün ağrılı Qarabağ problemi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bu problemin həlli həmişə respublikada daxili siyasi böhranlarla müşayiət olunub. Yada salmaq kifayətdir ki, birinci prezident Levon Ter-Petrosyanın vaxtından əvvəl istefası məhz Qarabağ probleminin kompromis həlli cəhdi ilə bağlı idi.
Ermənistanın ikinci prezidenti isə Robert Köçəryan olub. Nikol Paşinyanın bağlı olmadığı Qarabağ klanı Ermənistanda həqiqətən də ciddi mövqelərə malikdir. İndiki etirazlara səbəb Paşinyanın bu ilin aprelində Milli Assambleyada (parlament) çıxışı olub və o, beynəlxalq ictimaiyyətin Ermənistandan Qarabağ məsələsində “təzyiqi aşağı salmağı” tələb etdiyini bəyan edib.
Eyni zamanda, Brüsseldə Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqlara başlanılıb, lakin bu günə qədər bu danışıqlar praktiki olaraq nəticəsiz qalıb. Beləliklə, hesab edirəm ki, Qarabağda müharibə mümkündür, çünki bu münaqişə 1990-cı illərdən bəri daim kəskinləşib. Hələlik Paşinyan respublikada güc strukturlarına nəzarət etməyi bacarır, amma bunun nə qədər davam edəcəyi böyük sualdır.
- Bəs Bakı ilə İrəvan arasında danışıqlarda Avropanın vasitəçilik səylərini necə qiymətləndirirsiniz?
- Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələlərini həll etməyə cəhd etməkdə davam edir (hər halda belə bir görüntü yaradır). Və burada o, açıq-aşkar təşəbbüsü ATƏT-in əlindən almağa çalışır, bir halda ki, onun himayəsində yaradılmış Minsk Qrupu praktiki olaraq fəaliyyətini dayandırıb. Baxmayaraq ki, bu struktur əvvəlcədən səmərəsiz idi. Xüsusən də onun fəaliyyəti Azərbaycan tərəfindən daim tənqidlərə səbəb olub.
Nəzərinizə çatdırım ki, orada üç həmsədr var: Rusiya, ABŞ və Fransa, daha dəqiq desək, bu ölkələrdə ən böyük və nüfuzlu erməni diasporları var. Azərbaycan isə dəfələrlə Minsk Qrupunu ermənipərəst mövqe tutmaqda ittiham edib. 2022-ci il iyulun əvvəlində Aİ Şurasının (bu strukturun aparıcı orqanı) rəhbəri Çarlz Mişel Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb, burada Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması məsələləri müzakirə olunub. Amma hələlik bu sahədə real nailiyyətlər yoxdur. Digər tərəfdən, bu missiyanı ATƏT yerinə yetirə bilmədisə, Aİ nə üçün onu yerinə yetirə bilsin?
- Cənubi Qafqaz regionunda gələcək prosesləri necə təsəvvür edirsiniz? Ukraynadakı müharibə oradakı vəziyyətə mənfi təsir göstərə bilərmi?
- Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsi onun güclü münaqişə potensialını nəzərə alsaq, hər an mümkündür. Lakin ümid var ki, burada status-kvo qorunub saxlanılacaq, istənilən halda hərbi əməliyyatlar olmayacaq. Ukraynada mövcud vəziyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən xüsusi hərbi əməliyyat (SVO) keçirməsi postsovet məkanının bütün regionlarına, o cümlədən Cənubi Qafqaza mənfi təsir göstərə bilər.
Xatırladaq ki, Ermənistan Rusiyanın müttəfiqidir (KTMT və Aİİ üzvüdür), Gürcüstan ardıcıl olaraq anti-Rusiya mövqeyindədir (2009-cu ildə hətta MDB-dən çıxdı), Azərbaycanın Rusiya ilə kifayət qədər yaxşı münasibətləri var. Baxmayaraq ki, Azərbaycan Ukraynadakı əməliyyata açıq dəstək ifadə etməmişdir. Buna baxmayaraq, kənardan müdaxilə edilmədiyi təqdirdə Ukrayna müharibəsinin Cənubi Qafqazdakı vəziyyəti sarsıtması çətin ki mümkün olsun. Amma istənilən halda Rusiya həm Ermənistanı, həm də Azərbaycanı özünün strateji müttəfiqi hesab edir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB