"ABŞ-ın müsəlman ölkələrinə münasibəti təkəbbür, qorxutma və təzyiqdən ibarətdir"- Pakistanın keçmiş müdafiə naziri – MÜSAHİBƏ

General-leytenant Naim Lodhi: “Müsəlman ölkələrinə Amerikanın ancaq düşmən davranışını görəcəksiniz. Görün ABŞ NATO-dakı müttəfiqi Türkiyə ilə necə rəftar edir”

Pakistanın keçmiş müdafiə naziri general-leytenant Naim Lodhi “Caliber” analitik mərkəzinə müsahibəsində dünyada və regionumuzda gedən geosiyasi proseslərlə bağlı fikirlərini bildirib. Müsahibənin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.

- Bəzi rusiyalı ekspertlər iddia edirlər ki, Taliban hərəkatının Kabildə hakimiyyətə gəlməsi Pakistan və ABŞ-ın kəşfiyyat idarələrinin xüsusi əməliyyatının nəticəsidir, bu, bilərəkdən danışıqlar yolu ilə həyata keçirilən xüsusi əməliyyatdır. Onların fikrini bölüşürsünüz?

- Pakistan Talibanla açıq əlaqə saxladı, lakin bütün dünyanın diqqəti Taliban üzərində cəmləndiyi üçün hərəkata heç vaxt dəstək vermədi.

Düşünmürəm ki, Rusiya hökuməti və ya başqa bir məmur belə ağlasığmaz sözlər desin. Bunlar bəzi yanlış yanaşan psevdoanalitiklərdir. Amerikalılar və Taliban bir-birinin qanını axıdır və heç vaxt barışmayacaqlar.

- ABŞ prezidenti Co Baydenin administrasiyası Əfqanıstanda hərbi və kəşfiyyat əməliyyatları üçün ölkənin hava məkanından istifadəyə dair Pakistanla danışıqlar aparmağı gözləyir. Pakistan ABŞ-la bu əməkdaşlıq imkanını necə qiymətləndirir? İslamabad hansı şərtlərlə öz hava məkanını amerikalılara verməyə hazırdır?

- Pakistanın Əfqanıstana və ya Əfqanıstan ərazisinə qarşı hər hansı hərbi səylərə və ya əməliyyatlara dəstək verməsi ehtimalı azdır. Bu bəyanatın Pakistana təzyiqi artırması və İslamabadın Əfqanıstan və Çinlə fikir ayrılığı yaratması nəzərdə tutulurdu. Və ya sadəcə reaksiyanı yoxlamaq üçün edildi. Amma bizim Xarici İşlər Nazirliyi artıq buna cavab verib.

- Rusiya və Orta Asiya ölkələri ciddi şəkildə narahatdırlar ki, Taliban hakimiyyətə gələn kimi öz ideologiyasını yaymağa başlayacaq və onların regiona nüfuz etmə ehtimalı artacaq. Mərkəzi Asiya bölgəsi ilə bağlı Talibandan nə gözləmək olar?

- Mən Əfqanıstanın Müvəqqəti Hökumətindən Mərkəzi Asiya ölkələrinə hər hansı təhlükə barədə məlumatlı deyiləm. Əfqanıstanın yeni rejimi öz ərazilərinin başqa ölkəyə qarşı hər hansı ekstremist və ya terror aktları üçün istifadə edilməsinə icazə verməyəcəyinə söz verib. Biz Kabilə etibar etməliyik. Onlara öz sözlərini sübut etmək şansı verək. Hər halda, onlar Doha müqaviləsinin müddəalarını yerinə yetirməkdə amerikalılardan daha etibarlı olduqlarını göstərdilər.

- Son 10-15 ildə ABŞ-ın müsəlman ölkələrinə münasibəti necə dəyişib? Amerikanın müsəlman ölkələri ilə bağlı siyasətində hansı yeni tendensiyalar müşahidə olunur?

- ABŞ-ın bütün müsəlman ölkələrinə münasibətini belə xarakterizə etmək olar: təkəbbür, qorxutma, təzyiq və hökmranlıq. Görün Amerika NATO müttəfiqi Türkiyə ilə necə rəftar edir.

Əlcəzairdən, Suriyadan, Misirdən, Liviyadan, İraqdan, Yəməndən, Əfqanıstandan, Pakistandan, İrandan və sairdən başlayaraq, Amerikanın ancaq düşmən davranışını görəcəksiniz. Müsəlman ölkələri yalnız ABŞ-ın maraqlarına tamamilə tabe olduqda onun qəzəbindən qaça bilərlər.

- Şimal-Şərq Pəncab əyalətinin Lahor şəhərində qadağan olunmuş radikal İslam təşkilatı Tehreek-e-Labbike Pakistan (TLP) tərəfdarları ilə toqquşma zamanı 3 polis əməkdaşı həlak olub, bir neçəsi yaralanıb. Toqquşmaların səbəbləri nələrdir? Bu təşkilatın arxasında kim dayanır?

- Təəssüf ki, Pakistan bir çox təhlükəli təşkilatların ölkədə çiçəklənməsinə icazə verdi. TLP onlardan biridir. Magistral yolları bağlamaqla əhaliyə böyük diskomfort yaradırlar. Təbii ki, düşmənlər belə hallardan istifadə edirlər.

- Müharibədən sonrakı dövrdə Pakistan-Azərbaycan münasibətlərinin inkişafını necə görürsünüz?

- Pakistanla Azərbaycan arasında münasibətlər idealdır. Hər iki qardaş ölkə siyasi məsələlərdə, məsələn, Qarabağ və Kəşmirdə bir-birini dəstəkləyir. Biz artıq bir-birimizlə siyasi və hərbi əməkdaşlıq qurmuşuq. Cəmiyyətlər arasında iqtisadi əlaqələri, təmasları gücləndirmək lazımdır. Media, təhsil, elm, hərbi təlim sahələrində əməkdaşlığa ehtiyac var. Hər iki mərd xalqın gələcəyi mənə parlaq görünür.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə