3-cü Şuşa Qlobal Media Forumu xarici və yerli media nümayəndələrinin gözü ilə - SORĞU
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Hər kəsin bildiyi kimi 19 iyul tarixindən etibarən Şuşada 3-cü Şuşa Qlobal Media Forumu keçirilir. 3 gün ərzində nəzərdə tutulan forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir. SİA-nın əməkdaşı da forumda iştirak edən xarici və yerli mətbuat nümayəndələrindən və qonaqlardan forumla bağlı fikrlər öyrənməyə çalışıb.
"Euronews" kanalının müxbiri Tobi Qreqori: “Məncə, forum olduqca əhəmiyyətli və aktual məsələləri əhatə etdi. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş jurnalistlərin fikirlərini dinləmək, onların düşüncə tərzlərini və yanaşmalarını anlamaq baxımından olduqca faydalı idi. Belə tədbirlər müxtəlif perspektivlərin bir araya gəlməsinə imkan yaradır. Düşünürəm ki, rəsmi sessiyalar önəmlidir, lakin sessiyalardan kənarda baş verənlər bəzən daha dəyərli olur. Çünki bu zaman insanlar arasında daha açıq və qeyri-rəsmi fikir mübadiləsi aparılır, müxtəlif düşüncə tərzləri və iş prinsipləri paylaşılır, yeni ideyalar ortaya çıxır. Məhz bu cür qarşılıqlı təmaslar bu forumu dəyərli edən əsas amillərdəndir. Bununla yanaşı, Azərbaycanı bir qədər daha yaxından tanımaq fürsəti əldə etdik. Bu ölkə çox gözəl və qonaqpərvərdir. Burada müxtəlif insanlarla, müxtəlif təşkilatlarla zaman keçirmək, onları tanımaq və təcrübə mübadiləsi aparmaq bizim üçün çox maraqlı və faydalı oldu”.
"AnewZ" kanalının direktoru Rüfət Həməyev: “Şuşa Qlobal Media Forumu artıq üçüncü ildir ki, təşkil olunur və budəfəki forum iştirakçıların çoxluğu, müzakirə olunan məsələlərin aktuallığı, həmçinin media trendlərinin burada əksini tapması ilə diqqət çəkir. Bu, bir daha göstərir ki, Şuşa Qlobal Media Forumu yalnız aktual mövzuların müzakirə olunduğu deyil, eyni zamanda gələcəyin mediasının istiqamətlərinin müəyyən edildiyi mühüm bir platformaya çevrilib. Şuşanın mənəvi xüsusiyyəti və tarixi əhəmiyyəti barədə danışmaq artıq təsadüfi deyil, çünki bu şəhər Azərbaycanın milli kimliyində xüsusi bir yer tutur. Bu forumun qlobal media platformasına çevrilməsi isə ayrıca önəm daşıyır. Tarixi paralellər aparsaq, görərik ki, işğal dövründə Azərbaycan informasiya blokadasında idi. Zaman keçdikcə bu informasiya blokadasının necə yarıldığının şahidi olduq. Bu gün isə tam əminliklə deyə bilərik ki, Şuşada səsləndirilən həqiqətlər dünyaya çatdırılır. Eyni zamanda, forum qlobal media trendlərinin müzakirə olunduğu bir mərkəzə çevrilib. Burada jurnalistlər, redaktorlar, ictimai rəyə təsir edə bilən şəxslər, televiziya kanallarının və digər media qurumlarının nümayəndələri bir araya gəlir, fikir mübadiləsi aparır. Bu isə forumun həm əhəmiyyətini artırır, həm də onu beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir. Süni intellektin tətbiqi məsələsinə gəldikdə, mən onun müsbət tərəflərinə diqqət yetirməyin tərəfdarıyam.
Süni intellekt insan cəmiyyətinin inkişafı üçün texnoloji bir dəstək vasitəsi kimi dəyərləndirilməlidir. Əgər süni intellektə iş yerlərinin itirilməsi prizmasından baxsaq, bu, təbii ki, müəyyən mənada narahatlıq doğura bilər. Lakin onu mövcud iş prinsiplərinə dəstək vasitəsi kimi qiymətləndirsək, bu, tamamilə fərqli bir mənzərə yaradır. Mən ikinci yanaşmanın tərəfdarıyam və düşünürəm ki, süni intellekt jurnalistlərin işini asanlaşdırır, onlarla rəqabətə girmir. Öz təcrübəmdən danışa bilərəm: "AnewZ" televiziya kanalı süni intellekt texnologiyalarını həm vizual, həm də audio sahədə tətbiq etməklə çox yüksək səviyyədə nəticələr əldə edib. Süni intellektin istifadəsi zamanı məsuliyyət anlayışı xüsusilə vacibdir və "AnewZ" bu məsuliyyət prinsiplərinə ciddi riayət edən kanallardan biridir. Şuşa Qlobal Media Forumu yalnız mediasının gələcək trendlərinin müzakirə olunduğu bir platforma deyil, həm də regional ölkələrin media nümayəndələrinin əməkdaşlıq imkanları yaradan bir məkandır. Misal üçün, bu forum çərçivəsində "AnewZ" kanalı Qazaxıstan və Çin mediasının aparıcı qurumları ilə əməkdaşlıq sazişləri imzalayıb. Bu isə forumun nə qədər praktik və faydalı bir əməkdaşlıq mühiti yaratdığını göstərir. Sualınıza cavab olaraq, fikrimcə, bütün bu proseslər və forumun təşkili daha çox pozitiv nəticələr doğurur, nəinki əksinə”.
Beynəlxalq xəbərlər aparıcısı və jurnalist Nadira Tudor: “Mən panellərin moderatorluğu ilə məşğul olmağı çox bəyəndim. Mənimlə birlikdə olan panelistlərin hamısı əla idilər və mediaya dair indiki vəziyyətimizlə bağlı çox maraqlı fikirlər səsləndirdilər. Həmçinin, media sahəsinin gələcək inkişaf istiqamətləri barədə perspektivləri ilə bağlı dəyərli mülahizələr təqdim etdilər. Bundan əlavə, mənə çox xoş gəldi ki, bu paneldə əməkdaşlıq etmək, bir-birimizi anlamaq və birgə işləməyi öyrənmək kimi ümumi bir ruh var idi. Hər kəs texnologiyanın bizim üçün nə etdiyini və gələcəkdə bunun necə görünə biləcəyini anlamağa çalışırdı. Bu, həm mediada, həm də digər sahələrdə qarşılıqlı əməkdaşlıq və yeniliklərin önəmini vurğulayan çox müsbət bir yanaşma idi. Ümumilikdə, belə panellərdə fikir mübadiləsi aparmaq, yeni texnoloji tendensiyaları müzakirə etmək və gələcəyin media dünyasında bizi gözləyən dəyişikliklər barədə danışmaq mənim üçün olduqca faydalı və maraqlı təcrübə oldu”.
Litva Jurnalistlər İttifaqının üzvü Rikardas Lapaitis: “Mən hazırda çox önəmli bir beynəlxalq forumdayam, burada dünyanın 52 ölkəsi iştirak edir. Forumda süni intellektdən başlayaraq mediada dezinformasiyaya qarşı mübarizəyə qədər bir çox mühüm mövzular müzakirə olunur. Müxtəlif münaqişələr və vacib sosial-siyasi vəziyyətlər fərqli baxış bucaqları ilə dəyərləndirilir. Məsələn, İraq müharibəsində bütün Amerika və Avropa mediası kimyəvi silahın mövcudluğu barədə yazsa da, bu silah heç vaxt aşkar edilmədi. Eyni vəziyyət Əfqanıstanda da yaşandı, Talibanın pis təsviri ilə yanaşı, ABŞ-ın xüsusi bölmələrinin insan haqlarını pozduğu faktları ortaya çıxdı. Forumda dünyanın müxtəlif regionlarından, o cümlədən Şərqdən, Pakistandan, Mərkəzi Asiyadan, Qafqazdan olan jurnalistlər toplaşıb öz fikirlərini bildirirlər. Qərb və Amerika jurnalistləri də bu müzakirələri izləyir. Mən Xankəndi ilə ilk görüşümdə böyük təsir aldım.
Xankəndi uzun illər erməni separatçılarının işğalı altında olub, onlardan yayılan yalan informasiyalar burada açıq şəkildə müzakirə edilir. Ermənilərin Fransada və İtaliyada çəkdikləri cizgi filmlərində özlərinin qovulduqları və azərbaycanlıların bu ərazilərdə yaşadığı faktları gizlətmək cəhdləri təəssüf doğurur. 60 mindən çox sakini olan böyük sənaye şəhəri 30 il işğal altında qaldığı halda, işğalçılar orada yaşamayıblar. Xankəndiyə illərdir "Stepankert" deyilməsi isə tarixi faktlarla ziddiyyət təşkil edir. Azərbaycanın bu torpaqlar üzərində suverenliyi və tarixi haqları açıqdır. Dünyanın bir çox ölkələrində müxtəlif xalqlar bir arada yaşayıb, eyni qanunlara tabe olurlar, amma heç bir ölkədə icmalar üçün iki fərqli hüquq sistemi yoxdur. Hörmətli Prezidentin forumdakı çıxışı çox təsirli idi; o, məsələlərə insan kimi, həm də dövlət başçısı kimi yanaşdı.
AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı yalan iddiaların qarşısını faktlarla aldı. Bu forum mənim üçün unikal bir fürsətdir. Burada müzakirə olunan mövzuların ciddiliyi və iştirakçıların marağı çox yüksəkdir. Gənc jurnalistlərin müasir jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərməsi sevindiricidir. Sovet dövrünün köhnə yanaşmalarından uzaqlaşaraq faktlara əsaslanan xəbər yayımı önəmlidir. Forumda xəbərlərin diqqətlə yoxlanılması, təsdiqlənməyən informasiyaların yayımlanmaması da vurğulanır. İkinci Qarabağ Müharibəsində yayılan xəbərlərin doğruluğunun rəsmi qurumlar tərəfindən təsdiqlənməsini gözləmək təcrübəsi müsbət qiymətləndirilir. Mən Azərbaycanda 1993-1994-cü illər müharibəsindən sonra dərs götürüldüyünü və bu dəfə məlumatların daha şəffaf və etibarlı təqdim edildiyini müşahidə edirəm. Müharibə şəraitində məlumatların təsdiqlənməsi vaxt aldığı üçün bu yanaşma olduqca vacibdir. Burada olmaq mənim üçün böyük şərəfdir. Bütün azərbaycanlılara, Azərbaycan xalqına hörmət və salamlarımı çatdırıram. Azərbaycan Prezidentinə mənə bu önəmli konfransda iştirak etmək imkanı verdiyi üçün təşəkkür edirəm”.
ADA universitetinin müəllimi Kommunikasiya və Rəqəmsal Media proqramı fakultə üzvü Şəfəq Mehralıyeva: “Bu forum artıq üçüncü ildir ki, keçirilir və beynəlxalq peşəkar icma artıq kiçik bir peşəkar ailəyə çevrilib. Onları həm Şuşada, həm də Qarabağda görmək həmişə xoşdur. Bildiyiniz kimi, bu gün müzakirələrimizin üçüncü günüdür. Qlobal media mühitində yaranan çağırışlar barədə müzakirələr aparırıq və informasiya problemlərinin həlli yollarını axtarırıq. Bugünkü panelimiz media savadlılığına həsr olunmuşdu. Mən, ADA Universitetinin Kommunikasiya və Proqramlaşdırılmış Media üzrə professoru olaraq, ADA Universitetinin bu istiqamətdə gördüyü işlərdən danışdım. Qeyd etdim ki, gələcəyin jurnalistlərini hazırlamaq üçün akademik yanaşma çoxşaxəli və multidisiplinar olmalıdır. Çünki bu gün dünyamızda sosial media və süni intellekt informasiya mühitinə çoxlu faktlar və rəylər daxil edir. Bu səbəbdən, jurnalistin əsas bacarığı həmin geniş informasiya axınını düzgün istifadə edərək cəmiyyət üçün faydalı media məhsulu hazırlamaqdır. Bəs bunu necə edə bilərik? Əlbəttə, bu suala tam mənalı şəkildə cavab vermək çətindir. Lakin bir Azərbaycan vətəndaşı olaraq qürurla deyə bilərəm ki, bu ilin mart ayında Prezident İlham Əliyev ölkənin növbəti üç il üçün Süni İntellekt Strategiyasını təsdiqləyib. Bu isə o deməkdir ki, Azərbaycan hökuməti və Azərbaycan cəmiyyəti bu məsələyə çox proaktiv yanaşacaq. Adətən, hər hansı bir yenilik ortaya çıxanda biz sadəcə ona reaksiya versək və onu izləsək, nəticədə problemlər yarana bilər. Bu baxımdan düşünürəm ki, süni intellektin inkişafı sahəsində Azərbaycan qlobal mühitdə aparıcı ölkələrdən biri olacaq. Mən əminəm ki, Azərbaycanın süni intellekt sahəsində gələcəyi daha parlaq və sistemli olacaq”.
Özbəkistan Milli Media Assosiasiyasının İdarə Heyətinin sədri, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya universitetinin rektoru, professor Şerzodxon Kudratxucə: “Mən bu forumda iştirak etmək üçün Şuşaya Özbəkistandan gəlmişəm. Orada da bu mövzu çox müzakirə olunur. Süni intellektin media mühitində tətbiqi ilə bağlı eyni suallar, eyni narahatlıqlar bizdə də var. Jurnalistlər artıq yazılarını hazırlayarkən bu texnologiyadan istifadə edirlər, amma eyni zamanda bunun jurnalistikanın mahiyyətinə necə təsir edəcəyi, ictimai rəyə necə yön verəcəyi, informasiya manipulyasiyası risklərini necə artıracağı ilə bağlı suallar da ortaya çıxır. Mən inanıram ki, bu, yalnız bir ölkənin üzləşdiyi çətinlik deyil – bu, qlobal bir çağırışdır. Məhz buna görə də biz – fərqli ölkələrin media təmsilçiləri bu kimi forumlarda bir araya gəlib həm təcrübə paylaşmalı, həm də ortaq strategiyalar formalaşdırmalıyıq. Süni intellektin gətirdiyi dəyişikliklərə tək-tək deyil, birgə şəkildə cavab verməliyik. Gələcəkdə informasiya cəmiyyətinin daha sağlam, daha ədalətli və daha şəffaf olması üçün bu əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”.
Azərbaycan Respublikasının əməkdar jurnalisti Sahil Kərimli: “"Azərbaycanda təşkil olunmuş beynəlxalq bir tədbirdir və bu tədbirdə Azərbaycan media qurumlarının nümayəndələri ilə yanaşı, həmçinin xarici ölkələrdən gəlmiş media nümayəndələri də iştirak edir. Bu, o baxımdan xüsusilə önəm kəsb edir ki, xarici ölkələrdən gəlmiş media qurumlarının nümayəndələri Azərbaycan reallıqlarını, Azərbaycan həqiqətlərini öz gözləri ilə görürlər. Media forumu çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işləri ilə tanışlıq məqsədilə xarici media nümayəndələri ilə birlikdə səfərlər təşkil olundu. Bu səfərlər zamanı onlar Azərbaycan dövlətinin sıfırdan həyata keçirdiyi meqalayihələrlə tanış oldular. Bu da çox böyük önəm daşıyan bir hadisədir. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumun açılışındakı çıxışı, media nümayəndələrinin suallarını cavablandırması zamanı həm beynəlxalq aləmə, həm də siyasi dairələrə Azərbaycanın qətiyyətli, ədalətli mövqeyi bir daha çatdırıldı. Azərbaycan Prezidenti yenə də hər zaman olduğu kimi, Azərbaycanın haqq səsini dünya mediasına çatdırdı. Artıq iki gündür ki, forum davam edir və Prezidentin çıxışı dünyanın bir çox nüfuzlu media orqanlarında geniş şəkildə yayımlanır. Forumun gündəliyi hələ davam edir. Bu münasibətlə bütün media nümayəndələrini təbrik etmək yerinə düşər. Cənab Prezidentin media forumundakı çıxışı zamanı bir çox siyasi və sosial məsələlərə toxunuldu. Bu məsələlərdən biri də Qarabağda hər hansı müdaxilə ilə bağlı idi. Bildirildi ki, Qarabağda heç bir kənar müdaxilə yoxdur və bölgədə Azərbaycan dövlətinin tam və ciddi nəzarəti mövcuddur. Eyni zamanda Prezident Zəngəzur dəhlizi ilə bağlı səslənən suallara da cavab verdi və Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu. Zəngəzur dəhlizinin təhlükəsizliyinə dair beynəlxalq səviyyədə müxtəlif təkliflər səsləndirilsə də, Prezident qeyd etdi ki, bu məsələ Azərbaycanın daxili işidir və təhlükəsizlik elə Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə təmin olunur. Burada hər hansı kənar qüvvənin iştirakı qəbuledilməzdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə