Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti daim diqqət mərkəzində olub - TƏHLİL

Sağlam cəmiyyətin, demokratiyanın olduğunu təsdiq edən məhz hüquqi dövlətin, eləcə də vətəndaş cəmiyyətinin mövcudluğudur. Məhz bu hüquqi dövlət və vətəndaş cəmiyyəti qanunun aliliyini təmin edir ki, bununla da tərəqqiyə, inkişafa, yüksəlişə ümid etməyə dəyər. Elə bu səbəbdəndir ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və eləcə də vətəndaş cəmiyyəti daim diqqət mərkəzində olub.

Hüquqi dövlət demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyətidir və məhz buna görə hüquqi dövlət ümumi bəşəri sərvət hesab olunur. Bununla belə nəzərə alınmalıdır ki, həmin o hüquqi dövlət cəmiyyətin, eləcə də cəmiyyət də öz növbəsində dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Belə məlum olur ki, vətəndaş cəmiyyəti özü də ümumi bəşəri sərvət kimi qəbul edilməlidir və vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlətin demokratik olması mümkün deyil. Məhz buna görə də hər bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda maraqlıdır. Bu baxımdan da Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması, beləliklə də, ölkəmizdə demokratiyanın, demokratik cəmiyyətin mövcudluğu tamamilə başadüşləndir və vətəndaşlarımız üçün, bizim hamımız üçün qürurvericidir.

Hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması məhz 1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”-da öz əksini artıq tapmışdı. Amma heç də həmin andan etibarən bu istiqamətdə işlərin və tədbirlərin görüldüyü barədə danışmaq olmazdı. Məsələ burasındadır ki, məhz bu istiqəmətdə konkret işlərə, əməli tədbirlərin görülməsinə Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və rəhbərliyi ilə başlanıldı. Elə məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, ölkəmizdə vətəndaş cəmiyyətinin, eləcə də hüqiqu dövlət quruculuğunun da əsasını məhz Ulu Öndər Heydər Əliyev qoydu. “Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməli, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı-bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyə bəyan edən Ulu Öndər dövlətin möhkəmlənməsi, yüksəlişi üçün hüquqi dövlət quruculuğunun, demokratik cəmiyyət qurmağın, islahatların aparılmasının, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə uğurlu addımlar atdı, bu istiqamətdə görülən işlərin əsasını qoydu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, müstəqilliyin ilk illərində ölkə daxilində baş verən proseslər, ələlxüsus da hökm sürən xaos, özbaşınalıq, səriştəsiz hakimiyyətin, yaxud hakimiyyətsizliyin olması, qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm, ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi vəziyyəti çox ağırlaşdırmışdı və qarşıda duran həyati əhəmiyyətli vəzifələri yerinə yetirmək, vacib məsələlərin öhdəsindən gəlmək çətinləşmişdi. Günü-gündən də vəziyyət ağırlaşmaqda idi və bu zaman Azərbaycanda dövlət quruculuğu prosesinə başlanılması, ilk növbədə, ölkədə sabitliyin bərqərar olması həddənindən artıq zəruri addım idi. Bəli, hüquqi dövlət quruculuğu elə məhz həmin zamanın tələbi idi və xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev də məhz bunun üçün böyük işlər gördu. Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. İlk növbədə qarşıdurmalar, özbaşınalıqlar, qanunsuzluqlar aradan qaldırıldı, parçalanmaların, vətəndaş qarşıdurmalarının qarşısı alındı, atəşkəsə nail olmaqla ərazilərimizin davam edən işğalına son qoyuldu və bütün istiqamətlərdə, bütün sahələrdə yüksəlişin, inkişafın təməli qoyuldu. Hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan edən Ümummilli Lider Heydər Əliyev göründüyü kimi, öz məqsədinə nail oldu və biz bunun əyani şahidiyik. Onun da şahidiyik ki, Ulu Öndərin başladığı dövlət quruculuğu prosesinin məntiqi nəticəsi olan demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin sürətli şəkildə inkişafı, daha geniş şəkildə formalaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilir, bu proses uğurla davam etdirilir.

Əsası, təməli məhz dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq, milli mənafelərimizin, dövlətçilik maraqlarımızın üstün tutulması Azərbaycan Prezidentinin yürütdüyü siyasətin qayəsini təşkil edir və şahidiyik ki, vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” məhz Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunub və bu, insan, vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl, məqsədyönlü siyasətin parlaq nümunəsidir. Bu nümunə isə öz növbəsində təsdiq edir ki, ölkə rəhbərimizin yürütdüyü siyasətin mərkəzində məhz insan amili durur. Vətəndaş cəmiyyətini də xüsusi ilə vurğulamaq əlbəttə ki, yerinə düşür və indi ölkəmizdə bu məsələ öz aktuallığını qoruyur, məhz vətəndaş cəmiyyəti də diqqət mərkəzindədir.

Sözsüz ki, vətəndaş cəmiyyətindən danışdığımız zaman məsuliyyət məsələsinin ön planda olduğunu vurğulamaq gərəkir. Ümumiyyətlə, vətəndaşların hər biri öz növbəsində üzərinə düşən məsuliyyəti dərk etməli, əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalı, dövlət inistitutlarının sarsılmasına səbəb ola bilən, ölkədə anarxiya yarada bilən, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Məhz qarşılıqlı etimad və məsuliyyət gücləndiyi təqdirdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunin arzu olunan inkişaf səviyyəsi haqqında danışmaq olar. Dövlət vətəndaş qarşısında məsuliyyət daşıdığı kimi, vətəndaş da dövlət qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır və bu, hər bir vətəndaşın borcu hesab olunur. Məhz dövlətin və vətəndaşların bir-birinə təsir imkanları güclü olmalıdır ki, qarşılıqlı məsuliyyət qorunmuş olsun.

Nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur və davranış qaydalarının bir qisminin dövlət tərəfindən müəyyən olunması, eləcə də qanunlarda öz əksini tapması heç də təsadüfi deyil. Unutmaq lazım deyil ki, qanunların pozulmasına görə məsuliyyət daşınır və vətəndaşlar bunu nəzərə almalıdırlar. Hər bir insanın yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıdığı barədə İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində qeyd olunur. Məsuliyyətlə yanaşı, vətəndaşların əsas vəzifələri də Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb və Konstitusiyanın 72-ci maddəsində qeyd olunur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hər bir şəxs əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Qeyd olunanlardan da göründüyü kimi, məhz dövlət cəmiyyətlə, cəmiyyət də öz növbəsində dövlətlə sintez şəklində olmalıdır ki, köklü məsələlər öz həllini tapa bilsin. Bəli, məhz köklü məsələlər öz həllini tapa bilsin ki, denokratik cəmiyyət də formalaşsın. Etiraf etmək lazımdır ki, demokratik cəmiyyətin formalaşmasında, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində, ictimai maarifləndirmədə vətəndaş cəmiyyətlərinin rolu əhəmiyyətli dərəcədədir. İnsanların maariflənməsi, konkret sahələr üzrə hesabatların hazırlanması, təkliflərin verilməsi istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyəti olduqca vacibdir. Ona görə də cəsarətlə deyə bilərik ki, hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında vətəndaş cəmiyyətlərinin rolunu danmaq mümkün deyil və hər bir hüquqi dövlətdə vətəndaş cəmiyyətinin olması qaçılmazdır. Deməli, artıq isbata ehtiyac olmayan bir aksiom olaraq bəlli olur ki, hüquqi dövlər də, demokratik cəmiyyət də vacibdir. Görünür elə bu səbəbdəndir ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti daim diqqət mərkəzində olub...

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə