Ukrayna prezidenti Vladimir Zelenski çoxsaylı vətəndaşlığı leqallaşdıran qanunu imzaladığını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə ölkə başçısının Telegram-kanalında məlumat verilib.
Zelenski vurğulayıb ki, o, qanunun icrası ilə bağlı bütün qanunvericilik aktlarının dərhal işlənib hazırlanması və qəbul edilməsi barədə göstəriş verib.
Ukrayna prezidenti əlavə edib ki, çoxsaylı vətəndaşlığa icazə veriləcək ölkələrin siyahısının hazırlanmasına başlanılacaq. Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa bəyan etmişdi ki, ölkədə ikili vətəndaşlığın leqallaşdırılması ilə bağlı Ali Radanın qəbul etdiyi qanuna baxmayaraq, respublikanın məmurları və hakimləri hələ də başqa ölkədən pasport ala bilməyəcəklər.
İyunun 18-də Ali Rada ukraynalıların ikili vətəndaşlıq hüququnu nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi, həmçinin Rusiya Federasiyası Silahlı Qüvvələri sıralarına qoşulmuş, Rusiya pasportu almış və “Ukraynanın təhlükəsizliyinə və maraqlarına təhdid yaratmaqda”, yəni əməkdaşlıq və dövlətə xəyanətdə təqsirli bilinən şəxslərin Ukrayna vətəndaşlığından məhrum edilməsini nəzərdə tutur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə