"Münasibətlər hər iki ölkənin ortaq maraqları çərçivəsində inkişaf etdirilməlidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan-Suriya münasibətləri hazırkı tarixi mərhələdə yenilənmiş şəkildə bərpa olunaraq inkişaf etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Suriya Yaxın Şərqin açar ölkələrindən biri olmaqla yanaşı, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə sərhəd ölkədir: "Bu baxımdan, Suriyada sabitliyin bərqərar olması, ölkənin inkişafı və tərəqqisi həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Uzun sürən vətəndaş müharibəsindən sonra Suriyada keçid hökumətinin formalaşması bu ölkənin inkişafı ilə bağlı tamamilə yeni perspektivlər açmışdır. Belə bir şəraitdə Azərbaycan Suriyaya humanitar yardım göstərməyə və diplomatik əlaqələr qurmağa başlamışdır. Nəticədə qısa müddət ərzində Suriyanın Prezidenti Azərbaycana rəsmi səfər etmişdir. Bu hadisə Azərbaycanın Yaxın Şərqlə bağlı xarici siyasətində paradiqmal dəyişikliyin və istiqamət genişlənməsinin göstəricisidir. Azərbaycanın Yaxın Şərq və Şimal bölgələrinə açılması prosesində Suriya mühüm rol oynayır. Suriya həm də mədəni və tarixi arialımızın bir hissəsidir. Suriya dedikdə ilk növbədə Hələb şəhəri və Nəsimi yada düşür. Hələb bizim xalqımızın milli-mədəni yaddaşında xüsusi yer tutur. Bu səbəbdən Azərbaycan ilə Suriya arasında çox mühüm inkişaf perspektivləri mövcuddur".

Deputat bildirib ki, hazırda energetika və təbii qazla bağlı məsələlərin həlli istiqamətində danışıqlar aparılır."Suriyanın Prezidentinin Azərbaycana səfəri zamanı, həmçinin mədəni, tarixi və humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də razılıq əldə olunmuşdur. Bu, o deməkdir ki, Azərbaycan həm də Suriya mədəni irsinin mənimsənilməsi və qorunması sahəsində əməkdaşlığa hazırdır. Nəticə etibarilə, Azərbaycan və Suriya arasında əməkdaşlıq böyük perspektivlər vəd edir və bu münasibətlər hər iki ölkənin ortaq maraqları çərçivəsində inkişaf etdirilməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə