Milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gənclər gələcəyin təminatçısıdır – TƏHLİL

Sağlam təfəkkürlü gəncliyin yetişməsi üçün cəmiyyət mütləq zəmin yaratmalıdır, çünki dövrün hərəkətverici qüvvəsi olan gəncliyə, gənc nəsilə daim ehtiyac duyulur. Bu baxımdan, da sağlam gəncliyin yetişməsi, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, eləcə də vətənpərvərlik hisslərinin tərbiyəsi hər zaman qarşıda duran ən böyük vəzifələrdən biri hesab olunur. Həm də ona görə ən böyük vəzifələrdən biri hesab olunur ki, məhz milli mənlik şüuruna malik olan, vətənpərvərlik hissi olan sağlam təfəkkürlü gənclər gələcəyin təminatçısı sayılır.

Hər şeydən öncə ali dəyərlərin, məhz milli maraqlarımızın qorunması ən vacib məsələ olaraq, ən aktual hesab edilir. Sözsüz ki, gənclərin milli maraqlarımıza sayqı ilə yanaşması da onların vətənpərvərliyi ilə bilavasitə əlaqədardır və məhz vətənpərvər gənclik milli maraqların keşiyində duracaq gənclikdir. Elə buna görə də gənc nəsildə vətənpərvərlik hislərinin tərbiyəsi, onların vətənə məhəbbət ruhunda yetişdirilməsi ən vacib, ən önəmli məsələ hesab olunur. Əlbəttə ki, məhz bütün bunlar nəzərə alınaraq, ölkəmizdə gənc nəslin sağlam təfəkkürdə yetişməsinə, sağlam ruhda olmasına hər zaman xüsusi diqqət ayrılır və ölkəmizdə gənclər siyasətinə önəm verilməsi də bu mənada başadüşüləndir, hansıki bu da ümumilikdə cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

“Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”,- deyən cənab Prezident İlham Əliyev gənc nəslin tərbiyəsinə, xüsusən də sağlam təfəkkürdə yetişməsinə böyük önəm verdiyini bəyan edir. Bu, həm də ondan xəbər verir ki, ölkə rəhbərimiz milli mənlik şüuruna malik gənc nəslin yetişməsinə olduqca həssas yanaşır, bilikli, savadlı, dünyagörüşlü, vətəninə, doğma Azərbaycanımıza töhfə vermək əzmində, potensialında olan vətənpərvər gəncliyə hər zaman ehtiyac duyulduğunu diqqətə çatdırır. Bu baxımdan, ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət yetirilməsi başadüşüləndir və gənc nəslin sağlam yetişməsi ilə bağlı görülən işlər tam məntiqidir və məqsədəuyğundur.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, ötən əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın çətin durumunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yaratdığı ilk nazirlik, məhz Gənclər və İdman Nazirliyi oldu. Bu onu göstərir ki, Ulu Öndər Azərbaycan gəncliyinə, onun sağlam yetişməsinə böyük diqqət ayırırdı və ölkəmizin gələcəyini məhz sağlam təfəkkürlü gəncliyin yetişməsində görürdü və elə buna görə də savadlı, dünyagörüşlü, vətənpərvər, qəhrəman, milli dəyərlərə malik, milli mənlik şüuruna sahib gənclərin yetişməsi üçün lazım olanı etdi. Görünən odur ki, Ümummilli Lider Heydər Əliyevin gəncliyin vətənpərvər ruhda yetişməsi istiqamətində müəyyən etdiyi yol, məhz dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərimizlə bağlı ölkə rəhbərimizin bir çox dövlət proqramları, fərmanları və sərəncamları bunu deməyə əsas verir ki, gənc nəslin sağlam təfəkkürdə, milli mənlik şüuruna malik yetişməsi, onların vətənpərvər ruhda tərbiyə alması bu gün də öz aktuallığını qoruyur.

Gənc nəslin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin olması, milli-mənəvi dəyərlərə bağlılığı ölkənin suverenliyinin, ən ali dəyərlərinin qorunmasında xüsusi əhəmiyyət kəsb edir, çünki xalqın, millətin, dövlətin gələcəyinin sütunları məhz gənc nəsil hesab olunur. Azərbaycan gəncliyinin vətənpərvərliyini, milli dəyərlərə hansı səviyyədə hörmət qoyduğunu, vətəninə, torpağına necə bağlı olduğunu 44 günlük müharibə dönəmində və hətta ondan sonrakı dönəmdə də hər kəs gördü. Canından, qanından keçən, özünü vətən uğrunda fəda edən gənclərimiz bütün dünyanı heyrətə saldı. Dünya ictimaiyyəti gördü və şahidi oldu ki, Azərbaycan torpağının hər qarışı uğrunda tərəddüd etmədən can verməyə hazır gəncliyimiz var. Vətən torpağını hər şeydən, öz canından da çox sevən, uğrunda ölümə belə hazır olan gəncliyimiz dünyaya sübut etdi ki, vətənpərvərlik hissinə, milli maraqlara hörmət duyğusuna sahib olan gənclik, məhz bizdədir və belə gəncliyi olan ölkə basılmaz, sarsılmazdır. Bu vaxta qədər işğal altında olan Qarabağ torpaqlarını bircə dəfə də olsun görməyən gənclərin həmin torpaqları işğaldan azad etmək üçün son nəfəsinə, son damla qanına qədər vuruşması, bu yolda şəhidlik məqamını ən uca zirvə hesab etməsi gəncliyimizin hansı ruhda tərbiyə aldığını göstərir və həqiqətən də belə gəncliyi olan xalqın və dövlətin fəxr etməyə haqqı çatır.

Vətəndaşlıq borcu vətəni sevmək, onu qorumaq, mühafizə etmək, vətən üçün əlindən gələni əsirgəməməkdir. Milli mənlik şüuru, vətənpərvərlik hissi bu borcun, vətəndaşlıq borcunun daha üstün şəkildə, layiqincə dərk edilməsi və ən böyük məsuliyyət hissidir. Müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün, vətənin hər qarış torpağının keşiyində durmaq, onu qorumaq vətənpərvərlik hissidir. Bu hiss milli mənlik şüurunun əsasını təşkil edir və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarcasına döyüşən, canını, qanını əsirgəməyən Azərbaycan gəncliyində milli mənlik şüurunun, vətənpərvərlik hissinin hansı dərəcədə, hansı səviyyədə olduğunun bütün dünya şahidi oldu. Öz doğma torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimiz uğrunda gənclərimiz məhz vətənpərvərlik hissi ilə canından, qanından keçdi və nəzərə alsaq ki, bundan sonra da ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması məsuliyyəti ən çox Azərbaycan gənclərinin üzərinə düşür, deməli, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi hər zamankı kimi prioritetdir. Məhz bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyəsinə dövlətimiz, dövlət başçımız, cənab Prezident İlham Əliyev xüsusi önəm verir və bunun üçün də müvafiq, lazımı işlər görülür. Bu isə o deməkdir ki, ölkəmizdə milli mənlik şüuruna, vətənpərvərlik hisslərinə sahib olan gəncləri yetişdirən cəmiyyət də mövcuddur və bu gün fəxr etdiyimiz kimi, gələcəkdə də öz gəncliyimizlə fəxr edəcəyimizə ümid bəsləməkdə haqlıyıq.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə