Virtual platforma: Bizi necə yönləndirirlər? - ANALİZ

Xəbər aclığını doyurmaq istəyənlər üçün hər növ xəbər vacibdir– sosial, kriminal, şou və s. Bunun üçün irili-xırdalı çox sayt, portal var. Amma məlumat almaq ehtiyacı duyanlar xəbəri gerçək ünvanından, ciddi mənbələrdən yox, sosial şəbəkələrdən almağa üstünlük verir. Səhərdən axşamadək virtual platformadakı şəbəkələrdə gəzən istifadəçi yalan-doğru olmasına əhəmiyyət vermədən qarşısına çıxan hər bir məlumatı acgözlüklə udur. Hadisələrdən xəbərdar olmaq istəyən insanlar bəzən onlara təqdim olunan məlumatların bir növ əsirinə çevrilirlər.

Gündəmdəki məlumatlardan davamlı xəbərdar olmaq üçün özündən nəyisə qurban vermək lazım gəlir– vaxtını, enerjini, sağlamlığını və s. Bir insanın ən qiymətli sərvəti onun vaxtı və sağlamlığıdır. Həyatımızdan axıb gedən hər saniyə bizim üçün çox dəyərlidir və bu vaxtın bizdən sağlamlığımızı, gəncliyimizi, enerjimizi, gözəlliyimizi də alıb apardığının fərqində olmuruq. Həyatımızdan əskilən hər dəqiqə əvəzində bizə hər hansı məlumatı, xəbəri, dedi-qodunu bəxş edir. Bu, bir növ barterdir, lakin adekvat olmayan alış-veriş. İnsan xəbər almaq və xəbər vermək, ehtiyac duyduğu səpkidə məlumat axtarışında olmaqla, əslində, özünün məmnuniyyət ehtiyacını ödəmiş olur, lakin bir çox halda bu mənuniyyətin ona baha başa gəldiyinin fərqində olmur.

Virtual dünyanın ən böyük bəlası özünü hər məsələdə fikir bildirməyə borclu hesab etməkdir. Ətrafında olanlardan xəbərsiz olması bir çox insanda gərginlik hissinə səbəb olur, bu isə öz növbəsində başqaları ilə münasibətinə təsir edir, hadisələrdən geridə qaldığını, insanların sürətinə yetişə bilmədiyini düşünür. Bu səbəbdəndir ki, insanlar sosial şəbəkədə məlumatının olduğu və ya olmadığı bütün hadisələr barədə fikir bildirmək üçün özünü məsul sayır.

Çox insanın meyilli olduğu dedi-qodu da beləcə yaranır əslində. Sadəcə, məkan fərqi var. Əvvəllər evlərdən, çayxanalardan, küçə qapılarının önündən ayaq açıb yayılan bu dedi-qodular indi sosial şəbəkələrdə doğulur, ayaq açır və yayılır. Dedi-qodunun cazibəsi eyni xəbəri yüz minlərlə adamın fərqli şərhlərlə yayması fonunda daha da artır. Bu da öz növbəsində o deməkdir ki, eyni xəbəri hər zəka başqa cür qəbul edir, fərqli analiz edir, çeşidli sayda yayılmasına səbəb olur.

İnsanların bu özəlliyi isə bu xəbərlərin yayılmasından külli miqdarda xeyir götürən menecerlərin, idarəçilərin, reklamçıların işini asanlaşdırır. Hamının hər hansı bir hadisə barədə fikir bildirməsi, mülahizə yürütməsi, şərh verməsi səni də buna təhrik edir, özünü buna borclu hiss edirsən. Daha sonra başqa bir xəbər, sonra digəri, sonra yenisi. Beləliklə, günün boş keçmir, hər gün yeni mövzu var, hər gün gündəm dəyişir və sən hər biri haqqında düşünərək zehnini məşğul edirsən. Yuxu yatmırsan, vaxtında yemirsən, günün kompyuter arxasında, əlində telefon, hadisələrə rəy bildirməklə keçir. Bütün bunların fonunda ailənin, çevrənin, ölkənin real problemləri görünməz olur, ətrafındakı daha ciddi problemlərin fərqində olmursan.

İdarəçilər, media patronları, menecerlər, reklamçılar hər gün yeni mövzu istehsal etməyə, dedi-qodu üçün material yaratmağa çalışırlar. Yaratdıqları məlumatları sosial şəbəkələrı ötürməyin yolu da xəbər saytlarından – vasitəçilərdən keçir. Xəbər yaymaqda vasitəçilik də vacibdir, çünki bu, qədimdən bu yana belədir. Necə ki, bir zamanlar padşahlar da hər hansı bir məlumatı saraydan kənara yaymaq istəyəndə əlində toxmaq-nağara olan carçını təlimatlandırırdılar. Bazar-dükan, küçə-meydan gəzən o carçılar padşahın istədiyi məlumatı tənbehlədiyi formada əhaliyə eşitdirir, əhali bir müddət o xəbərlə “yatır-qalxır”, xəbər “öləndə” carçı yenisini car çəkirdi.

O dövrdə sadəcə padşahlar deyil, tacirlər də o carçılardan istifadə edirdi. Bazara yeni mal gələndə carçı vasitəsi ilə şəhərə xəbər verən tacirlər mallarının daha tez satılmasına nail olurdu. Zamanla carçıların yerini dəllallar aldı və bunun üçün müəyyən məbləğdə ödəniş alırdılar. O dəllallar indi reklam sektorudur. Kütlə ilə əlaqə qurma sahəsində professional təlim alan reklamçılar hər hansı bir məsələ haqqında öz fikirlərini bildirən insanların birləşdiyi virtual platformalarda dəllallıq edirlər.

Məhz elə bu səbəbdən sosial şəbəkələr markaların, mağazaların, şirkətlərin və reklama ehtiyac duyan peşə sahiblərinin dəllallığını üzərinə götürə bilən nəhəng bir vasitə kimi işlədilir. Vasitəçilər sosial şəbəkə istifadəçilərinin yazdığı fikirlərdən pul qazanır. Kimdir bu vasitəçilər, dəllallar? Bir paylaşımları minlərlə insan tərəfindən qanun kimi qəbul edilən, alınmayan bir markaya müştəri qazandıran, tanınmayan markanı ulduz edən və özünü “influencer” adı ilə tanıdan sosial şəbəkə istifadəçiləri. İnfluencerlər və reklam etdiyi məhsulları təqdim edən markalar əməkdaşlıqdan yaxşı pul qazanır, izləyicilər bir çox halda aldadılır.

Şübhəsiz ki, sosial mediada istehsal olunan dedi-qodunu əsaslı xəbərlərdən fərqləndirən ən mühüm xüsusiyyət, xəbər istehsalı və istehlakının çoxtərəfli şəkildə reallaşmağa başlamasıdır. Başqa sözlə, bir çox fərqli insan eyni məlumatı fərqli formada dərk edir, fərqli formada şərh edir. Analiz qabiliyyəti, hadisələri öncəgörmə bacarığı bu məsələdə özünün göstərir, çoxluğun ciddi qəbul etdiyi məlumatın, əslində, sabun köpüyü olmasını çox az adam fərqinə varır. Hətta məlumat real və gerçək olsa da onu analiz edən beyinlər məlumatı dedi-qoduya çevirə bilir, dezinformasiya effekti yarada bilirlər. Virtual platformanın heyrətamiz təsir vasitələri – süni intellekt, ünvanlı reklam, alqoritm kimi üsullarla daha çox insan hədəflənir, hər gün yenisi yaradılan anketlərlə insanların hansı məlumata ac olduğu öyrənilir, xəbər, dedi-qodu menyusu ona uyğun təyin edilir.

Əslində xəbər bir tərəfdən insanı gərginləşdirir və stres keçirməsinə səbəb olur, digər yandan da ideoloji və politik istiqamətdən bir çox insanla eyni fikirdə və ya fərqli düşüncədə olduğunu ortaya çıxarır. Beləliklə analiz etmək olur ki, sosial şəbəkə istifadəçilərinin zəka səviyyəsi necədir, dərketmə və analiz qabiliyyəti hansı ölçüdədir, idealistlər və ya realistlərin nisbəti necədir, nə qədər istifadəçinin politik analiz qabiliyyəti var. Növbəti sosial şəbəkə dedi-qodusu bu analizə görə təyin edilir. Yeni müzakirə mövzusu elə olmalıdır ki, hazırda olduğundan daha çox diqqət cəlb etsin, daha çox müzakirə edilsin.

Məhşur deyim var: “xəbər itin insanı dişləməsi deyil, insanın iti dişləməsidir”. Bu ajiotajı yaratmaq onlara hər zaman müyəssər olmur. Bir çox halda alışılmış vəziyyət olur – it insanı dişləyir. Amma hadisələri dəyişmək, mövzunu konteksdən çıxarmaq üçün insanı iti dişləmiş kimi qələmə verirlər. Hadisə böyüyür, hər istifadəçi bir cür şərh edir və gerçək yoxa çıxır. Sən özün də inanırsan ki, əslində, insan iti dişləyib. İş o yerə gəlib çıxır ki, sakit başla düşünəndə bu vəziyyətin nə qədər absurd olduğunun fərqinə varır, küyə gedən olduğunu anlayırsan, dişlənənin insan olduğunu görürsən. Kütlə psixologiyasına uyduğun üçün özün-özünü qınayırsan. Bütün bunların, əslində, hansısa mərkəzdən idarə edildiyini anlayanda isə öz saflığına, səni belə asan tora saldıqlarına heyrət edirsən. Və çox təəssüf ki, səndən çox azdır və beləcə bunu fərqinə varan insanlar fərqinə varmayanların kölgəsində itib-batır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə