Azərbaycan Avrasiyanın nəqliyyat qovşağına çevrilir – ANALİZ

Prezident İlham Əliyev: Orta Dəhlizin parlaq gələcəyi var, Azərbaycan bunun üçün lazımi infrastruktura malikdir

Hazırda dünyanın iqtisadi sahələrində ən aktual məsələlərdən biri də Çindən Avropaya uzanan və Avrasiyanı birləşdirən “Bir kəmər- bir yol” şəbəkəsinin fəaliyyəti ilə bağlıdır. Qədim Böyük İpək yolu üzərində bərqərar olan bu şəbəkə Avrasiyanın şərq və qərbini birləşdirən 3 əsas nəqliyyat arteriyasından ibarətdir. Bunlardan biri şimal xətti, digəri orta dəhliz, daha biri isə Hind okeanından keçən cənub dəhlizidir. Son dövrdlərə Ukraynada yaranmış vəziyyətlə bağlı şimal xəttinin işində məhdudiyyətlər yaranıb, cənub dəhlizi isə daha uzun olduğundan orta dəhlizin mövqeyi güclənir. Azərbaycan da bu dəhliz üzərindədir və bu yolda çox strateji mövqeni tutur. Üstəlik, ölkənin nəqliyyat infrastrukturu bu məqsədlə xeyli təkmilləşdirilib. Orta dəhlizə tələbatın artması Azərbaycanın həm iqtisadi, həm də siyasi dividentlərini artıracaq. Burada Azərbaycanın Çinlə əməkdaşlığının inkişafı da mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bu məqamları geniş izah edib. Çin və Azərbaycan yaxşı dostlar adlandıran Prezident İlham Əliyev deyib: “Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var”.

Avrasiyanın mərkəzi nəqliyyat dəhlizi ilə bağlı Azərbaycanın roluna və mövqeyinə toxunan dövlət başçısı deyib: “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.

Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var”.

Göründüyü kimi, Azərbaycan Prezidenti bu dəhlizin həm Avrasiya ölkələri, həm də Azərbaycan üçün əhəmiyyətini izah edib və ölkəmizin bu istiqamətdə üzərinə düşən vəzifənin layiqincə yerinə yetirildiyini deyib. Həqiqətən də, son illərdə ölkənin nəqliyyat infrastukturu xeyli təkmilləşdirilib, böyük həcmdə tranzit yüklərin qəbulu və ötürülməsinə imkan verən sistemlər formalaşdırılıb. Həm də Azərbaycan öz strateji və unikal coğrafi mövqeyindən hərtəfli bəhrələnmək imkanlarını təmin edib. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub dəhlizinin də əsas qolu ölkəmizdən keçir. Üstəlik, Xəzər dənizi üzərindən də dəhzilin bir qolunu formalaşdırmaq imkanlarını təmin edir. Beləliklə, Çindən, Hindistandan gələn və oraya gedən yükləri Azərbaycan bir neçə istiqamətdə qəbul edib ötürə bilər. Həm şimaldan Rusiya vasitəsilə, həm qərbdən Gürcüstan vasitəsilə, həm cənubdan İran vasitəsilə, həm şərqdən Xəzər dənizi vasitəsilə nəqlaiyyat çıxışları var. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Ermənistan və Türkiyədən keçməklə daha bir böyük nəqliyyat dəhlizi yaranacaq ki, bütün bunlar da ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək.

Məsələ, təkcə Şərqdən (əsasən Çin və Hindistandan) qərbə daşınması ilə bağlı deyil, həm də əksinə Qərbdən Şərqə daşınmasıdır. Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında da bu məqamlara toxunaraq deyib: “Biz Şərqə yüklərin daşınması haqqında da düşünməliyik. Təkcə Şərq-Qərb deyil, həmçinin Qərb-Şərq nəqliyyat marşrutunun üstünlükləri üzərində işləmək lazımdır. Buna qədər diqqət yüklərin Çindən Mərkəzi Asiyaya və daha sonra Avropaya nəql olunmasına yönəldilib. Biz əks istiqamətdə yüklərin daşınması haqqında düşünməliyik. Bunun üçün isə əks istiqamətdə biznes mühitinin də hədəflərimizə müvafiq olması lazımdır”.

Prezident yeni bir nəqliyyat xəttinin yaradılmasının əhəmiyyətini və ölkəmizin də burada iştirakının mümkün olduğuna diqqət çəkib: “Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Nəticə etibarilə bu dəmir yolu Xəzər dənizi tərəfə, bizim istiqamətə uzanacaq.

Hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı. Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir”.

Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Son dövrlərdə Xəzər dənizində iki yeni dəniz limanı salınıb. Hazırda dəniz vasitəsilə daşımalar artır. Təkcə Türkmənistandan gələn yükün miqdarı 3 dəfədən çox artıb. Qazaxıstan və Rusiya ilə də dəniz ticarəti artıb. Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb. Bu isə Xəzər vasitəsilə də böyük nəqliyyat dəhlizlərinin yaranması deməkdr.

Dövlət başçısı bunun necə baş verdiyini izah edib: “Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükötürmə qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görədir. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir”.

Göründüyü kimi, Azərbaycan dövləti həm strateji coğrafi mövqeyindən düzgün istifadə edir, həm də düşünülmüş iqtisadi siyasətlə ölkənin inkişafını təmin edir. Hazırda yaranmış qlobal vəziyyət isə ölkəmizin əhəmiyyətini daha da artırır. Şübhə yoxdur ki, yaxın gələcəkdə tranzit və logistikadan ölkəmizin gəlirləri dəflərlə artacaq. Bu isə öz növbəsində həm də iqtisadi aktivliyi artıracaq və iş yerlərinin sayını çoxaldacaq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə