İlham Əliyev: Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib
Son dövrdə dünyada baş verən proseslər Azərbaycanın nəqliyyat, tranzit və logistika əhəmiyyətini daha da gücləndirdi. Böyük İpək yolunun 3 ana yolundan biri və əsas arteriyası olan şimal xəttində Ukraynadakı müharibə ilə bağlı problem yarandığından Qafqazdan keçən orta qoluna diqqət artdı. Bundan əlavə Rusiya və Qərb arasında iqtisadi-ticari problemlər yarandığından Şimal-Cənub Dəhlizinin də əhəmiyyəti artdı. Belə bur şəraitdə Azərbaycan bu xətlərdə daşınma həcmlərinin kəskin artmasına hazırdırmı? Ölkəmiz bu imkanlardan necə bəhrələnə biləcək? Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məqamları izah edib.
Dövlət başçısı ölkəmizin tranzit və logistika potensialının buna hazır olduğunu bildirib: “Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır. Ancaq bir daha demək istəyirəm, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra siz də qeyd etdiyiniz kimi, bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib”.
Orta Dəhlizə gəldikdə isə, Prezident bildirib ki, bu istiqamətdə də ardıcıl siyasət aparılır: “Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edirik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin əgər həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər bir görüşdə bu mövzu müzakirə edilirdi.
Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

Dövlət başçısı qeyd edib ki, nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıbdır: “Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
Göründüyü kimi, Azərbaycanın iqtisadi inkişafı və strateji coğrafi mövqeyindən çox gözəl istifadə olunur və bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxarır. Azərbaycan həm zəngun təbii resurslar, həm təbii coğrafi mövqeyi, həm də düşünülmüş iqtisadi inkişaf strategiyası ilə dünyada öz layiqli yerini tutub. Qlobal proseslər və ölkədə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın gəlirlərinin artmasına və beynəlxalq iqtisadi-ticari qovşağa çevrilməsinə imkan yaradıb.
Asiya və Avropa arasında nəqliyyat və ticarət qovşağı olan, Böyük İpək Yolunun düz mərkəzində yerləşən, öz enerji resursları ilə dünya iqtisadi məkanında iştirak edən, davamlı olaraq ümumdaxili məhsulun artımına reallaşdıran Azərbaycanın yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcəyi şübhə doğurmur.
Elçin
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB