İyirmi ilin tarixçəsi - (Romandan parça)

Eyruz MƏMMƏDOV

Boru-prokat zavodunda çalışan Xəqani adlı bir öğlan böyük bir ailənin sayca ikinci övladı idi. Atası müharibədə həlak olmuşdu. Böyük bacısı Səlimə ərə gedib Şamaxı rayonuna köçmüşdü. Evin bütün ağırlığı onun üzərinə düşmüşdü. Böyük külfəti dolandırmaq olduqça çətin idi. Xəqani zavodda mexaniki-təmir sexində qaynaqçı işləyirdi. Aldığı məvacib onu qane etmirdi. Əslən Siyəzəndən rayonundan olsa da, ailəsi ilə Coratda yaşayırdılar. Hərdən balıqçılara qoşulub dənizə çıxırdı.

Aslan onun ağır vəziyyətini bildiyindən bir dəfə zavod rəhbərliyinə müraciət edərək, Xəqaninin ailə vəziyyətindən danışmış, onu təchizat şöbəsində yarımştata yükçü götürülməsini xahiş etmişdi. Zavodun direktoru Yavər Mahmudov Aslanı dinləyəndən sonra əlində oynatdığı qələmi yerinə qoydu.
-Sən onun nəyisən?
-Bir müddət yataqxanada qalmışıq. – Aslan konkret cavab verdi.
-Kənddə evləri yoxdur?
-Yox, niyə ki, var. Gecə növbəsindən çıxanda adətən yataqxanada qalmalı olur. Bir neçə dəfə bizə təmənnasız yük boşaltmaqda kömək edib. Pul təklif etdik, götürmədi.
-Deyirsən təmiz oğlandır?
-Bəli.
-Yaxşı, qoy ərizə yazsın, əlaqədar şöbələrlə razılaşdırın, imza atdırın, sonra yanıma gələrsən.
-Çox sağ olun. - Aslan ayağa durub, getmək istəyəndə, Yavər müəllim əli ilə ona oturmağı işarə etdi və telefonu qaldırıb baş mühasiblə danışmağa başladı:
-İndi yanına bir oğlan gələcək, ərizəsini alarsan, ona bir aylıq əlavə mükafat yazarsan, yaxşı?
Yavər Mahmudov dəstəyi yerinə qoydu.
-Xəqanini də götür, get baş mühasibin yanına.
-Oldu.
Aslan yenə ayağa qalxmaq istəyəndə direktor qoymadı.
-De görüm, təhsilin nə yerdədir?
-Üçüncü kursda oxuyuram.
-Dərslərinə fikir ver, bizə savadlı kadrlar lazımdır.
-Oxuyuram, inşallah vaxt gələr qurtararam.
-Siz gənclərə ümidimiz çoxdur. Bu gün bu kresloda mən oturmuşam, sabah sən oturacaqsan, birisigün başqası. - Yavər müəllim papirosunu yandırıb, tüstüsünü ciyərlərinə çəkdi. Bir neçə saniyə keçəndən sonra dedi:
-Sənə vacib sözüm var. Bu haqda sənə bir dəfə demişəm, indi də təkrar edirəm. Cavansan, az bir zamanda böyük hörmət sahibi olmusan. İstəyirəm biləsən, şəhərdə bir dəstə quldur dəstəsi peyda olub. Siz burada olmayanda əmanət kassasını yarıblar, inkasatorun birini də öldürüblər. Aralarında vaxtından qabaq azad olmuş “zek”lər də var. İki gün bundan əvvəl bir qadının başına küt alətlə vurub, çantasını, qulağında olan sırğasını və barmağında olan üzüyünü götürüblər. Bunları şəhər Partiya Komitəsinin birinci katibinin yanında milis rəisi dedi. Ehtiyatlı olmaq lazımdır, oğul. Bıçaq yarası yadından çıxmasın.
Aslan dinmirdi. Bu, ağsaqqal, müdrik və mərhəmətli insanın öyüd-nəsihətlərini dinləmək həmişə onun üçün xoş idi. Müharibədən əvvəl Bakıda maşınqayırma zavodunda baş mühəndis işləyirdi. Silah istehsalı ilə məşğul olurdu. Bacarığını, işgüzarlığını, təşkilatçılığını nəzərə alıb Sumqayıtda tikilən boru-prokat zavoduna direktor vəzifəsinə namizədliyini irəli sürdülər.
-Məni başa düşdün?
-Bəli.
-Dediklərim yadından çıxmasın. Bununla belə, sənə bir-iki sualım var, - Yavər qalın qaşlarını oynatdı.
Aslan diqqətini cəmləşdirdi.
-Eşidirəm.
-Ukraynadan armatur gətirilməlidir.
Aslan düşünmədən cavab verdi.
-Artıq anbardadır.
-Bəs niyə mənim xəbərim yoxdur?
-Səhər saat 4-də daxil olub.
-Yaxşı. Odadavamlı kərpiçlər, necə?
-Rostov yolundadır.
-Yaxşı. Turbinlər nə vaxt hazır olacaq?
-Bu, günlərdə Maqnitaqorska ezam olunacağam.
-Yadında saxla, bu, mənim sənə ata nəsihətimdir, işdə məsuliyyətli ol. Heç kimə etibar etmə. Rusların gözəl bir sözü var: “Proverəy, no doverəy”.
Aslan güldü. Yavər müəllim ata qayğısı ilə ona baxıb soruşdu:
-Yaxşı bəs nə vaxt evlənirsən?
Aslan bu sözdən utandı.
-Sağlıq olsun, - dedi.
-Toy edəndə, məni dəvət etməyi unutma, ha?
-Mütləq.
-Yaxşı, de görüm o rus balası necə işləyir?
-Dimanı soruşursunuz?
-Hə, deyirdin cəbhə dostundur. Şikayət yoxdur ki?
-Yox, çox bacarıqlı oğlandır. Yaxşı dülgərdir. Taxtadan elə fiqurlar düzəldir ki, adam heyran qalır.
-Lap yaxşı, gedə bilərsən.
Aslan Xəqani ilə görüşmək istədi, tapa bilmədi, dedilər ki, kəndə gedib.
Xəqani kəndə yollanmışdı. Orada balıq vətəgəsində onu gösləyirdilər. Qayıqları hazır vəziyyətə gətirmişdilər. Xəqani paltarını dəyişdi. Rezin sapoqlarını ayaqlarına taxdı. Toru çiyninə atıb qayığa mindi. Balıqçı dostu Cahangir artıq öz yerini rahatlamışdı, avarları əlinə alıb, yavaş-yavaş onları hərəkətə gətirirdi. Onun təxminən qırx yaşı olardı. Enli və günəşdən qaralmış sifətiinin hər yerində xırda qırışları, tükləri ağarmış bığları vardı, gözləri tutqun və qəmli idi.
Xəzər dənizi sakit və mülayim idi. Hava qaraldığından günəş üfüqlərin arxasında gizlənmişdi. Dənizin sakitliyindən onun necə nəfəs aldığını duymaq olardı.
-Allah eləsin, bu gecə tora yaxşı balıq düşsün, - deyə, Cahangir böyük bir ümidlə dedi: - Neçə gündür, kütümdən savayı, heç nə tuta bilmirik.
-Görək də.
Sahildən ayrıldıqca Corat kəndi görünməz olurdu. Torların hamısını suya saldılar. Bu vaxt xəzri əsdi. Şimaldan sərin meh sifətlərdə gəzdi. Xəqani Cahangirdən papiros istədi. O da cibini eşələdi, içindən dörd-beş ədəd “Kazbek” papirosu çıxdı. Cahangir ikisini Xəqaniyə uzadıb dedi:
-Yandır, birini də mənə ver.
Göyün üzündə ulduzlar görünməyə başladı. Hər yanda sakitlik hökm sürürdü. Xəqani papirosun tüstüsünü ciyərlərinə çəkərək, bacı və qardaşları haqqında düşünürdü. Bacısının biri orta məktəbi bitirmişdi. Ona elçi düşmüşdülər. Qız razı olmasa da, evdəkilər elçilərdən altı ay sonra gəlmələrini xahiş etdilər. Bunun da səbəbi o idi ki, Xəqani altı ay ərzində pul toplayıb, bacısına az da olsa, cehiz almaq fikrində idi. Qızı cehizsiz versəydi, kənddə onu qınayanlar çox olardı. Kasıbçılıq olduğundan, ailəyə qazancı təkcə Xəqani gətirirdi. Lakin aldığı məvaciblə böyük külfəti dolandırmaq çətin idi. Buna görə də, əlavə işlərlə məşğul olmaq lazım gəlirdi. Kiçik bacı, qardaşlarının da əyin-başı xoşagələn deyildi. Biri-birinin köhnəsini geyinirdilər. Anaları Töhrə hər gün onların cırılmış, sökülmüş paltarlarını tikməklə məşğul idi. Qızı Səlimə hərdən, imkan düşəndə anasıgilə toyuq, yumurta, şor göndərirdi. Balıq ovundan qəpik-quruş qazansa da, onları toplayıb anasına verirdi. İnanırdı ki, yaxınlarda Aslanın köməyi ilə yükçü işləyəndən sonra az da olsa, maddi durumu yaxşılaşacaqdır. Bu, xəyallarla yaşasa da, haradasa qəlbinə ağırlıq çökmüşdü. Onu nəsə narahat edirdi.
Xəqanini fikirdən Cahangir ayırdı.
-Toru dart.
Xəqani dizlərini yerə qoyub, sinəsini qayığın üst qatına söykədi və toru çəkməyə başladı. Tora bir neçə balıq düşmüşdü. Onları səliqə ilə çıxardıb qayığın içində dəniz suyu ilə dolu olan tasın içinə atdı. Balıqlar çapalamağa başladılar. Cahangir körpə balıqları toplayıb yenidən dənizə atdı və zarafatla ded:
-Gələn il görüşərik.
-Zəhrimara qalmış, balıqlar sanki qeyb olublar.
-Ağzını xeyirliyə aç, vaxtımıza çox var. Səhərə yaxın yükümüz çox olacaq, hiss edirəm ki, vətəgədə bizdən razı qalacaqlar.
-Eh...
Vaxt gedirdi. Qayıq dənizin ortasında hərəkətsiz idi. İki balıqçı söhbət edir, papiros çəkirdilər. Papirosun tüstüsü gecənin nazik pərdəsini yararaq ilanvari şəkildə mürgü vuran dənizin sinəsi üstündə gəzir və tez də qeyb olurdu.
Cahangir əlini tora atdı və dartdı. Torun qalın qurğuşunla bərkidilmiş ilmələri çox ağır tərpəndi.
-Tez ol.
Xəqani ona yaxınlaşdı və toru dartmağa başladılar. Tor ağır tərpənirdi. Balıqçılar güc gəlməyə başladılar. Bu, vaxt qayıq silkələndi. Sanki külək qopmuş və qayığı hərəkətə gətirmişdi. Əslində isə belə deyildi, hava sakit idi, azca meh əsirdi. Balıqçılar toru dartdıqca qayığa dəyən zərbələrin sayı artırdı.
-Bu nə ola bilər? - Xəqani soruşdu.
Cahangir onun cavabını verməmiş tor əlindən düşdü və o, arxası üstə yıxıldı.
Xəqani əlini ona uzadıb qaldırdı.
-Tora ağır balıqlar düşüb, - deyə Cahangir dedi. - Qayığı onlar silkələyirlər.
Hər ikisi yenidən toru çəkməyə başladılar. Balıqlar isə təslim olmurdular. Onlar Xəzərin ənginliklərində özlərini sərbəst hiss edir, istədikləri istiqamətdə üzür, istədikləri yemlə qidalanırdılar. İndi isə onları ovlamaq üçün tora salmışdılar. Balıqlar tordan çıxmaq üçün nə qədər çalışsalar da, buna müvəffəq olmurdular və məcburuyyət qarşısında qalıb, başlarını qayığın alt qatına vuraraq, onu aşırmaq istəyirdilər.
-Güc ver, güc, - Cahangir qışqırdı.
Xəqani toru qoluna dolayaraq, var gücü ilə dartmağa başladı. Bu, vaxt ağ nərə balığının başı göründü və tez də itdi. Onun böyük olduğunu hər iki balıqçı gördü.
-Tora deyəsən irisi düşüb. - Cahangir dedi, - çıxartmaq çətin olacaq.
-Ola bilsin tək deyil. Mənə elə gəlir ki torda bir neçə balıq var. - Xəqani dedi və hiss etdi ki, bu, sərin dəniz havasında kürəyi tərləməyə başlayır. Bu, vaxr qayıq yenidən sikələndi. Ağ nərə balıqla yanaşı, uzunburun balıq da göründü. Bu, iki dəniz heyvanı onları ram etməyə gəlmiş adamlardan xilas olmaq üçün mübarizədə idilər. Balıqçılar isə istədiklərinə çatmaq üçün bütün əzab-əziyyətlərə dözərək, insanla təbiət arasında əmələ gələn döyüşdə qalib kimi sahilə qayıtmaq istəyirdilər. Cahangirin balıq tutmaq təcrübəsi Xəqanidən çox idi. O, dənizə balıqçı dostları ilə çox çıxmış, kifayət qədər balıq ovlamışdı, lakin elə günlər də olmişdu ki, demək olar, sahilə əliboş qayıtmışdılar. Cahangir həyatında ilk dəfə idi ki, belə ağır çəkili nərə balığına rast gəlmişdi. Qocaman balıqçılar, bu haqda, belə balıqların ovlanmsının olduqca ağır, bəzi hallarda isə mümkünsüz olduğunu söyləyirdilər.
Qayıq silkələndikcə toru dartmaq da çətinləşirdi. Bu, vaxt sanki suyun bağrı yarıldı. Bədəni tor içində olan uzunburun balıq göründü və sanku balıqçılara hücüm etmək istəyərkən Cahangir ucadan qışqırdı:
-Tez ol, başından vur.
Xəqani əlindəki ağır alətlə vurmaq istərkən, balıq artıq suya qərq oldu.
-Əldən çıxdı. Gəl belə edək. Biz onları dartıb çıxara bilməyəcəyik. Hazır vəziyyətdə olmalıyıq. Başları görünən kimi zərbəni endirmək lazımdır. Başqa əlaçımız yoxdur.
Qayıq bu səfər bərk silkələndi və dənizin ortasında sanki bir neçə dəfə dövrə vurdu. Cahangir və Xəqani özlərini saxlaya bilməyib aşdılar. Bu, onları artıq qorxuya salmağa başladı. Dənizdə, insanlardan uzaq bir yerdə, balıq ovunda ümidsizlik əmələ gələndə insan ovladığı balıqların onlara gəlir gətirəcəyindən çox, öz həyatları düşündürürdü və hiss edəndə ki, bu mübarizədə balığa qalib gələ bilməmisən, qürurun sanki alçalırdı, adam özünə nifrət edirdi. Amma şəxsi tamah, az-çox pul əldə edib, ailəni dolandırmaq niyyəti güc gələndə insan ölümünü də gözünün qarşısına gətirə bilir, ölümdən qorxsa da, son ümidini itirmək fikrində olmurdu. Lakin bu, fikrin özünün ömrü çox da uzun olmur.
Ağ nərə balığı bir neçə dəfə göründü, onu vurmaq mümkün olmadı. Çünki bu dəniz heyvanı torun iki qatını demək olar ki, cırmışdı, o, balıqçıların hiyləsinə aldanmaq istəmirdi və sudan çox hündürə qalxdı və sonra şappıltı ilə suya düşdü. Dənizin sanki bağrı yarıldı, böyük dalğalar əmələ gələrək qayığın içi su ilə doldu.
-Balığı ovlaya bilməyəcəyik. Görmürsən nə boydadır? Onu vurub öldürsək belə, dartıb qayığa sala bilməyəcəyik. Gücümüz çatmaz.
-Qorxma, öldürsək qayığın quyruğuna bağlayarıq. Sonra sahildən köməyimizə çatan olar. Tələsmə. Mən...
Cahangirin sözü yarımçıq qaldı və qayığa dəyən zərbədən arxasıüstə dəydi və bel sümüyündən bərk ağrı duydu. Ayağa qalxmaq istəyəndə ufuldadı. Bu, vaxt nərə balığı sudan çıxıb havada ağır çəkisi olan bədənini oynatdı və suya endi. Bu, bir necə dəfə təkrar olundu.
Xəqani Cahangirin vəziyyətinin ağır olduğunu görüb hirsləndi, üzünü dənizin alt qatına, balıqların üzdükləri səmtə tutub ucadan qışqırdı:
-Hardasan... gəl.. gəl... vurum başını əzim sənin, canımız qurtarsın... ya da sən gəl... vur öldür bizi... səninləyəm, hardasan? Qaçıb gizlənmisən? - deyib, əlini suya salıb onu döyəcləməyə başladı. Bu, vaxt uzunburun balıq sudan çıxıb, Xəqaninin alnına toxundurdu və tez də suda itdi. Xəqaninin alnından qan açıldı. Dəsmalla qanı silib Cahangirin qarşısında diz çökdü.
-Ağrıyır?
-Tərpənə bilmirəm. Bu, ağ balıq deyəsən axırıma çıxdı. Nəfəsim də daralır.
-Bir az döz, hər şey yaxşı olacaq.
-Yox, yox, incidr, vay belim...
Qayıq yenə silkələndi. Xəqani ayağa qalxdı. Uzunburun balıq görünən kimi, çevik hərəkətlə başına bir neçə zərbə endirdi. Balıq torun işində çapalamağa başladı, yavaş-yavaş taqətdən düşürdü. Xəqani darta-darta onu qayığın içinə saldı. Hirsi soyumamışdı. Ağır aləti əlinə alıb burnuna, başına zərbələr endirməyə başladı.
-Nə edirsən? - Cahangirin zəif səsi eşidildi.
-Lazım deyil bu balıq bizə, lazım deyi, - deyib, xırçım-xırçım olmuş uzunburun balığı qaldırıb suya saldı. Kiçik dalğalar əmələ gəldi. Xəqani bıçağı götürüb torin ilmələrini doğradı və suya atdı. Gəlib dostunun yanında oturub xısın-xısın ağladı. Onun bu, həyatda öz gözəl arzuları vardı. Corat kəndində böyüdüyündən həyət-bacada olan nemətlərdən həmişə istifadə edərdi. Uşaqlarla birləşib gecələr üzüm plantasiyalarına gedər, keşikçidən gizlin üzüm oğurlayardılar. Bir dəfə ələ keçmişdilər. Lakin keşikçi rəhmdil adam olduğundan onlara demişdi ki, “bir daha oğurluq etməyin, gəlin yanıma, sizə üzüm verərəm”.
Anası Töhrə uşaqlar balaca olanda qaysını, ənciri, tutu qurudar, doşab edər, qışda balalarına içizdirərdi. Bu, onun ən xoşbəxt və qayğısız günləri idi. Atası müharibədə həlak olandan sonra evin bütün ağırlığı onun çiyninə düşdüyündən işləmək qərarına gəldi. Dənizin sahilində şəhər salınacağını eşidib xoş xəyallara qapılardı. Sumqayıtın gələcəyini, küçələrini, yaşayış və inzubati binalarını, kino-teatlarını göz önünə gətirirdi. Fikirləşirdi ki, bu şəhərin salınmasında az da olsa, onun da əməyi olacaq.
Bu vaxt qayığın altından bərk zərbə dəydi. Qayıq az qala aşacaqdı. Xəqani tez yerinə keçib, avarları əlinə aldı və kəndə üz tutdu. Cahangirin vəziyyəti ağır idi. Ayağa qalxa bilmirdi. Tərs kimi sərin meh güclü küləklə əvəz olundu. Dənizdə dalğalar köpüklənərək şahə qalxmağa başladı. Hava da sanki soyudu. Balıq tutmaq həvəsi və niyyəti unudulmuşdu. Qarşıda çoşan dalğalarla mübarizə başlandı. Qayıq artıq dənizin ortasında yırğalanmaqda idi. Xəqani bütün qüvvəsini toplayıb, beyninə girən, onu dolaşığa salan fikirlərdən uzaq olub, həyatla çarpışmada qalib olmaq istəyirdi. Dənizin sahilində böyüdüyü, yay vaxtlarında boş vaxtlarını onun qoynunda keçirdiyi, sevdiyi dəniz artıq ona düşmən kəsilmişdi. O, Xəzərin belə qəddar olduğunu heç bir vaxt ağlına gətirə bilməzdi. İndi şüurunun hansısa bir qatında sevdiyi dənizə qarşı bir ikrah, qəzəb və nifrət oyandı. Bu, dəniz çox adamları ram etmişdi.
Dalğalar sanki qayığı qucağına alıb onu dənizin sinəsinə çırpır, böyük bir uğultu əmələ gətirərək adamda vəlvələ salırdı. Qayığın içi su ilə dolurdu. Xəqaninin qollarında daha taqət qalmamışdı. Başı, bədəni duzlu suyun içində idi. Üşütmə də onu lap qorxudurdu, çünki ona elə gəlirdi ki, bu, üşütmə onun bədənində olan enerjini tükəndirir.
Xəqani avarlardan bərk-bərk yapışmışdı, ona elə gəlirdi ki, bu avarlar əlindən çıxsa, deməli, həyatın sonudur. O, sahilə doğru getmək istəyirdi, dalğalar isə onu atlıb-tutur, suda oynadırdı. Təbiət, onun yaratdığı dəniz heyvanlarına qarşı amansızlığa sanki dözməyib insanlardan intiqamını alırdı.
Xəqani üzünü göyün üzünə tutub ucadan qışqırdı:
-Batırma bizi... batırma... səni həmişə sevmişik... bəs sən nə edirsən, hə?
Növbəti dalğa qayığı vurub az qala aşırmışdı. Xəqani avarın birini əlindən buraxdı. Cahangir isə ağrılardan hüşunu itirmişdi, nə baş verdiyindən bixəbər idi. Xəqani dənizin sakitləşmədiyini görüb yenidən üzünü göylərə tutub yalvara-yalvara dedi:
-Ey Ulu tanrı, varsansa səsimizi eşit. Qoyma məhv olaq, qoyma. Axı, biz sənin bəndələriyik. Niyə bizə qıyırsan? Niyə? Anam həmişə deyərdi ki, Allah təkdir, yeri, göyü yaradandır. Hər şeyə qadirdir, güclüdür. Kömək elə, ay Allah, kömək elə, biz ölsək, bacı, qardaşlarım yetim qalacaq, onlar yetim qalsa, kim olacaq günahkar, hə? Kim? Mən? Dəniz? Yoxsa sən? Axı, sən mərhəmətlisən. Ram et, bu dənizi, xilas et bizi, onun əlindən.
Nə Allah, nə dəniz Xəqaninin fəryadını eşitmədilər. Növbəti güclü dalğa qayıqı aşıraraq Xəqani ilə Cahangiri dənizin qoynuna atdı.
-Köməyə gəlin... köməyə gəlin... – Xəqaninin gur səsi çoşan dalğalar arasında zəif səs kimi eşidildi.
Xəqani suda əl-qol ataraq, üzmək istədi. Ölmək arzusunda deyildi, həyatının ən ağır və ümidsiz anlarında insanda yaşamaq eşqi güc gəlirdi. Xəqani qaranlığa bürünmüş dənizi və heç bir yerdən yardımı olmayan təbiətin qoynunda tək və kimsəsiz qaldığından son anda gözləri önünə anası, bacıları və qardaşları gəldi. Onları tək-tənha qoyub dənizdə boğulmaq istəmirdi. Lakin dənizlə vuruşmaq onun gücündən, qüvvəsindən asılı olmadığından son nəfəsində var gücünü toplayıb üzünü zülmətə bürünmüş göyə tutub qışqırdı:
-Ana! Ana! Ana!
Bir neçə gündən sonra parça-parça olmuş qayığın qalıqları sahildə göründü. Xəqani ilə Cahangirin meyidi Nasoslu qəsəbəsinin sahillərində tapıldı. Bu, hadisə çox adamları sarsıtdı. Aslan sanki stress keçirdi. Bir neçə gün özünə gələ bilmədi.

Sumqayıt şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə