Könüllülük proqramı çərçivəsində fərqlənmiş gənclər mükafatlandırılıb - FOTOLAR
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey Sərgi zalında bələdçilik fəaliyyəti ilə bağlı könüllülük proqramına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, institutdan bildiriblər ki, tədbirin moderatoru - Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova bu elm ocağının yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclərin iştirak etdiklərini deyib. Qeyd edib ki, bu, mövcud təşəbbüsün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclər İnstitutun muzey sərgi zalında təcrübə keçib, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləyib, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb ediliblər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev çıxışında vurğulayıb ki, institut tərəfindən həyata keçirilən könüllülük proqramı bir tərəfdən gənclərin Azərbaycan tarixinə, ümumilikdə elmə olan marağının stimullaşdırılmasına, elmi biliklərinin artırılmasına, maariflənməsinə, peşə seçiminə istiqamətlənib, digər tərəfdən gənclərimizin sosiallaşmasına, cəmiyyət üçün pozitiv fəaliyyət istiqamətlərində kollektiv əmək təcrübəsinin artırılmasına və təşkilatçılığına yönəlib.
Xəzər Universiteti İctimai əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəylinin çıxışında arxeologiya və antropologiya elmlərinin xalqımızın tarixinin öyrənilməsində önəmindən söz açıb.
Könüllülük proqramının rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Orxan Zamanov çıxışında könüllülük proqramı çərçivəsində görülmüş işlərdən, könüllülərin qatıldığı elmi seminarlardan, elmi tədqiqatlarla bağlı təcrübə mübadiləsindən, keçirilmiş ictimai tədbirlərdən danışıb. O, könüllülər qarşısında duran yeni fəaliyyət istiqamətlərinə də toxunub.
Çıxışlardan sonra proqram çərçivəsində son dörd ay ərzində, yəni, proqramın yaz dövrü üzrə könüllülərin iştirakçısı olduqları tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Fərhad Quliyev “Könüllülük təcrübəsi proqramının yaz dövrü” üzrə iştirakçısı olan Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Azərbaycan Dillər Universitetini, Azərbaycan Rəssamlıq Akademiyasını, Azərbaycan Turizm və Menecment Universitetini, Sumqayıt Dövlət Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və 193 saylı orta məktəbi təmsil edən gənclərə sertifikat və hədiyyələr təqdim etdi. Fəaliyyəti ilə xüsusi fərqlənmiş könüllülər - Könül İbrahimli, Zalikə Bəybalayeva (Xəzər Universiteti), Gülnarə Əsədullayeva (Azərbaycan İlahiyyat İnstitutu), Nəzrin Vəliyeva (Bakı Dövlət Universiteti), Mələk Kərimova (Sumqayıt Dövlət Universiteti) diplomlarla mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə