ŞİKAR MƏSTƏLİ

Gəlmişəm, ay ana.
(Vətən müharibəmizin 10-cu günü)

Səni ziyarətə gəlmişəm,ana,
Bağışla,gəlişim yaman uzandı.
Qəbrinin üstündə əkdiyim agac
Suvara bilmədim qurudu,yandı.

Sərgərdan dolaşıb illərdir ruhun,
Gözün yolda qalıb,qulağın səsdə.
Gəlmişəm diz çöküb səksən yaşında,
Göz yaşı axıdam məzarın üstə.

Gəlmişəm sinəmi sürtüm daşlara ,
Verim kəhrizlərlə dodaq-dodaga.
Gəlmişəm ruhundan üzr diləyib,
Yenidən qovuşam doğma torpağa.

Qarabağ qurtarır yad tapdağından
Baş qaldır,topların səsini dinlə
Gəlmişəm ay ana,ayağın altda ,
Torpağa sığınam,yatam səninlə.

Vətənin qeyrətli oğulları var,
Yeni tarix yazır bu gün ordumuz.
Qoymazlar yad girə torpağımıza,
Narahat dolaşa bir də ruhunuz.

7 oktyabr 2020-ci il

QİSAS AĞACI

Bir qisas ağacı bitib içimdə,
Qəzəb qol-budağı, şaxəsi mindir.
Çırpıb meyvəsini "ərməğan" kimi,
Düşmən süfrəsinə tökəcəm indi!

Cırıb tökəcəyəm şəri, yalanı,
Xəyanət, iftira, qırğın, talanı,
Qanla suvadığı mənfur qalanı,
Daş-daş, kərpic-kərpic sökəcəm indi!

Daha güvənməsin özgəyə yağı,
Vaxt çatıb üzülür yerdən ayağı,
Zirvədən qıy vurub qartalsayağı,
Murdar sinəsinə çökəcəm indi!

İyul 2001

Bütün xəbərlər Facebook səhifəmizdə