AĞALAR İDRİSOĞLU

Ulu babalarımızın bu günə qədər nəsildən-nəslə bizə otürdüyü bu rəvayəti yəqin çoxlarımız yadımızdan çıxarmışıq. Amma belə nəsihətamiz, tərbiyəvi, insan həyatına işıq saçan rəvayətləri yaddan çıxartmaq olmaz. Ona görə də mən onu ulu ağsaqqallardan eşitdiyim kimi, əlbəttə, öz əlavələrimlə, öz mülahizələrimlə, şəxsi fikirlərimlə yenidə n yazıya köçürürəm ki, oxuyanlar, buradan çox şeyləri əxz eləsinlər. Və bu rəvayəti yeri gələndə gələcək nəsillərə danışsınlar. Qoy bu rəvayət də onlara ərmağan, tərbiyəvi nəsihət kimi qalsın.

Müəllif.

DOST. Bu sözün dilimizdə yaranma tarixi heç kimə bəlli deyil. Baxmayaraq ki, bu sözün dəqiq mənasını, məğzini öyrənməkçün dünyanın yaranışından bu günə kimi, çoxlu dahilər baş sındırıb, gecə-gündüz fikir mübadiləsi aparıb, yuxusuz gecələr keçirib, pudlarla duz-çörək kəsiblər, amma yenə də dəqiq yaranma tarixini və əsl mənasını, məğzini tapa bilməyiblər...

Deməli, heç kim bilmir bu sözün yaranma tarixini. Hətta harda, nə vaxt yarandığını. Hansı məqamda, hansı anda, hansı şəraitdə yaranıb, dildə deyildiyini. Heç mən də, sən də bilmirik bu sözün nə vaxt yarandığını əziz oxucu dostum. Bircə biz onu bilirik ki, dost sözü, hər millətin öz dilində, böyük hörmətlə, əzizləyə-əzizləyə, ədəb-ərkanla dediyi müqəddəs sözlərdən biridi. Lap ana, ata, Vətən, paklıq, təmizlik sözləri kimi. Məhəbbət, istək, yar, sevgi sözləri kimi... Və ən maraqlısı da budur ki, dünyanın çox dillərində bu söz hecaya da bölünmür...

Kim bilir, bəlkə bu söz, ulu babamız Adəmin ulu nənəmiz Həvva anaya dediyi ilk söz olub? Bəlkə bu söz, Həvva nənəmizin Adəm babamızın qabırğasından yarandığı vaxtdan, onların ilk davranışından, ilk münasibətindən yaranıb? Bəlkə onlar, Ulu Tanrı tərəfindən yer planetində yaşamağa məhkum olunduqları vaxtlardan yaranıb bu söz? Bəlkə onların sevgisi dostluqdan doğduğuna görə belə möhkəm olub və yer kürrəsinin bütün qasırğalarına, dəhşətlərinə dözüb? Qalib gəlib. Ola bilər ki, yüzlərlə belə atalar sözləri də o vaxtdan dildən-dilə gəzərək, tarixə çevrilib, nəsildən-nəslə ötürülüb və nəhayət yazıya köçürülüb. “Dost dosta arxa olar”. “Dost alınmaz bir qaladı”. “Dostu olan, darda qalmaz”. “Dost dar gündə tanınar”. “Dostluq, həyat vəsiqəsidi”. “Dost, ən böyük var-dövlətdi”...

Beləliklə, yer planetinin ilk insanları, bir-birinə arxa, dayaq, dost olmaqla, bu keşməkeşli, sirlərlə, gözlənilməz dəhşətli hadisələrlə, faciələrlə dolu planetdən baş çıxarmağa can atıblar. Onların dostluğuna, püskürən vulkanlar, qarlı, sıldırımlı dağlar, qayalar, qasırğalı dənizlər, tufanlar, sel kimi yağan yağışlar, il boyu yağan qarlar, yırtıcı, vəhşi heyvanlar belə mane ola bilməyib. Yəqin elə o vaxtlardan da, yəni ilk insanlar yer planetində məskən salandan, DOST sözünün bu fəlsəfi mənası yaranıb. Həm də hər hərfin altında olan maraqlı sözaltı mənası tapılıb.

D - dəmir kimi iki insanın bir-birinə qarşı möhkəmliyi. O - iki insanın od kimi bir-birini isitməsi, qızdırması. S - iki insanın bir-birinə səma kimi uca sevgisi. T - iki insanın bir-birinə təmizliyi, təmiz hisslərlə münasibəti. Deməli - Dəmir, Od, Sevgi, Təmizlik. Bu sözlər yaradıb dostluğu. Daha doğrusu mənim təbirimcə, təfəkkürümcə bu sözlərin ilk hərflərindən yaranıb bu müqəddəs DOST sözü.

Yer planetində ilk dəfə insanın insana düşmən olmasından, bir insanın o biri insanın qanını tökdüyü vaxtdan, yəni ilk qardaşlar Habil və Qabilin dostluğunun düşmənçiliyə çevrildiyi vaxtdan, biri o birini qanına qəltan elədiyi zamandan da yəqin bu atalar sözü yaranıb. "Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var ki".

Düşmən sözü də yəqin hegemonluqdan, mənəm-mənəmlikdən yaranıb. Qolu zorlu, özünü daha qüvvəli, güclü hesab eləyən, gücsüzə deyib:

- Düş bu dağdan! Mənəm bunun yiyəsi! Düş bu damdan mənəm bunun sahibkarı! Düş və mən sözləri ədavət, kin-küdrət, hegemonluq yaradaraq, müharibələr törədib... İnsanların qanından çaylar, gölməçələr yaranıb. Hətta qanla bağlı çaylara, göllərə adlar da qoyublar insanlar...

Qan tökülməsini, birinin o birini məhv eləməsini görən insanlar, bunun qarşısını almaqçün elə yəqin həmin vaxtlardan da dostluq haqqında rəvayətlər yaratmağa başlayıblar. Və istəyiblər ki, bu rəvayətlər hamıya ibrət dərsi olsun. Qanmayanı qandırsın. Başa düşməyəni başa salsın.

Tarixin süzgəclərindən gəlib keçən həmin rəvayətlərdən biri belədir əzizlərim, istəklilərim və yer üzündə yaşayan, özünü insan adlandıran qan qardaşlarım, bacılarım. Bunu məndən sizə deməkdi. Buna münasibət bildirmək isə hər insanın öz düşümcə tərfində, öz istəyindədi…

... Belə rəvayət eləyirlər ki, çox qədim zamanlarda, artıq insanların oturaq həyata qədəm qoyduğu vaxtlarda, onların əkin-biçinlə, maldarlıqla məşğul olduqları zamanlarda, bir çoban, dağ döşündə qoyun otarırmış. Bu vaxt bir tufan, bir qiyamət qopur ki, gəl görəsən. Yer-göy təlatümə gəlir. Bir leysan, bir tufan başlayır ki, tut ucundan çıx göyə...

Yeri, yurdu sel-su bürüyür. Göy yerə, yer göyə qarışır. Özlərini yağışdan, sel-sudan qorumaq istəyən qoyunlar pərən-pərən düşürlər. Hərəsi bir tərəfə qaçırlar...

Axşam qoyun yiyələrinə nə cavab verəcəyini fikirləşən çoban, dərdin, ələmin içərisində, o dağ mənim, bu dağ sənin, “ah-vay”la, göz yaşını sel kimi axıtmaqla qoyunları axtarır. Çox axtarır, "qoyun gördüm" deyən tapılmır ki, tapılmır. Ölümünü qoyun yiyələri tərəfindən gözünün önünə alan, çox dərdli, çox pəjmürdə olan, gözündən yaş sel kimi axan çoban, gəlib bir dərəyə çıxır.

Birdən görür ki, qoyun sürüsünün yarısından çoxu, özünü leysan yağışdan qorumaqçun böyük bir qayanın altına yığışıb. Bayaqdan yağan yağışdan isə dərədə böyük göl yaranıb. Qoyunlar gölün o tərəfində, çoban isə gölün bu tərəfində qalıb. Qoyunları sağ qalmasından uşaq kimi sevinən çoban, çox çalışır ki, suyu keçib, qoyunları qayanın altından çıxarsın, amma göl dərin olduğundan keçə bilmir. Axırda belə qərara gəlir ki, tütək çalsın və qoyunlar tütəyin səsinə, özləri gölü üzüb, suyu keçib, çobanın yanına gəlsinlər. Çünki çoban hər dəfə tütək çalanda, dağlara səpələnmiş qoyunlar bu həzin musiqinin səsini eşidən kimi, böyük həvəslə

çobanın yanına toplaşarmışlar. İndi yenə də o ümidlə, o arzuyla çoban tütəyi torbasından çıxarıb, çox qəmli, adamın ürəyinə, iliyinə işləyən bir musiqi çalır. Bu musiqi, artıq ölümünü gözləri qarşısına gətirən, axşam ölən, itən qoyun yiyələri tərəfindən ağır cəzaya məruz qalacağını fikirləşən bir kasıb insanın ürək naləsi, fəryadıydi. Özü də belə qəmli, dərdli musiqiyə çevrilirmiş fəryadı, musiqi dili ilə deyilən ah-naləsiydi çobanın. Bu musiqi çobanın ürək ağrısı, acısıydi. Bu nalə, çobanın ömrünün son akkordları idi musiqi dilində deyilib, dərəyə yayılırdı...

Bu vaxt gözlənilməz, dəhşətli bir möcüzə baş verdi. Qoyunlar yığılan qaya aralandı. Ordan bir bədheybət, yekə ilan çıxdı. Qoyunlar ilanı görən kimi hürküb, özlərini suya atdılar. Elə bil qoyunlara inanırlam bir güc gəldi. Onlar üzə-üzə gölü keçib çobanın yanına gəldilər. Belə bədheybət ilanı görən çoban, qorxusundan tez musiqi çalmağını saxladı. Dili-dodağı, ayaqları qorxudan əsdi. Bir təhər gücünü toplayıb, yavaş-yavaş geri çəkilməyə başladı...

Bu vaxt birdən ilan, adam kimi dil açıb, danışdı və dedi:

- Məndən qorxma, ey insan. Mən sənə toxunmaram. Təki sən bayaq çaldığın musiqini bir də çalasan. Sənin çaldığın o musiqi nə idisə bilmirəm, mənim bütün daxilimi titrətdi, sarsıtdı... Həyatımı, içimi təlatümə gətirdi…Təvəqqəm budur, o musiqini yenə də çal. Bu da sənin ənamın, - deyə ilan öz yuvasına girib, tez də ağzında bir neçə qızıl oradan çıxdı. Və o qızılları çobanın yanına atdı.

Ətrafına səpələnmiş qızıl pulları görən çoban, tamam çaş-baş qaldı. Bilmədi bu qızılları götürsün ya yox.

- Götür, götür. O qızıllar sənindi. Ananın südü kimi sənə halaldı, - deyə yenə də ilan dilləndi. Təki sən o musiqini bir də çal. O nə musiqidi elə?

- Biz tərəfdə buna segah deyirlər. Çalaram. Niyə çalmıram, - deyə bayaqdan bədəni, ayaqları əsən çoban ürəkləndi. Tez qızılları götürüb, cibinə qoydu. Və böyük həvəslə yenidən bayaqkı musiqini, segahı çalmağa başladı. O, indi bu musiqini daha yeni çalarla, yeni rənglərlə çalırdı. Axı ilk dəfə idi ki, çobanın bu musiqi sənətinə qiymət verilirdi. İlk dəfə idi ki, onun çaldığı musiqini başa düşən, özü də onun bu musiqisinin qiymətini belə böyük ənamla verən tapılırdı. Həm də elə-belə yox, qızıl pulla... Bu qızıllar, illərlə gecə-gündüz çəkdiyi zəhmətin, cəhənnəm əzabından da ağır olan əziyyətinin qiymətindən qat-qat artıq idi çobanın. Çoban fikirləşdi ki, İlan, bu qızıllarla artıq onu kasıblıqdan qurtamışdı. Artıq bundan sonra onun ailəsi, uşaqları da qarın dolusu çörək yeyəcəkdi. Çoban, neçə illər bu əzab-əziyyətinə, Allahı yamanladığına, həmişə qoca qarılar kimi onun qarasına deyindiyinə görə, çox peşmançılıq çəkdi...

O gün çoban günəş dağların arxasında gizlənənə qədər tütəyi çaldı. İlan hərdən “ah” çəkərək, dərdli-dərdli bu musiqvyə quiaq asdı və axırda dedi:

- Ey insan, sən ki, bir adi qamış parçasında, belə ürəkləri təlatümə gətirən havalar, musiqilər çaldın və mənim dağlardan böyük dərdimi dağıtdınsa, o dərdləri bir az yüngülləşdirdinsə, bu gündən olursan mənim dostum. Ancaq onu bil ki, dost-dosta tən olmalıdır. Dostluq çox çətin şeydir. Siz insanlar özünüz belə deyibsiz ki, dost-dosta tən gərək, tən olmasa gen gərək. Əgər sən, mənim dostluq adlı bu müəqəddəs təklifimi qəbul eləyirsənsə, onun bütün şərtlərinə gərək əməl eləyəsən. Və bu gündən sonra gəlib, hər gün mənimçün musiqi çalacaqsan. Əvəzində də mən sənə

hər gün bir qızıl verəcəm. Səni qısa vaxtda bu yerlərdə, bu mahalda ən varlı adamlardan biri eləyəcəm. Bizim bu sirrimizi də Allahdan başqa heç kim bilməməlidi. Di get. Sabah yenə də səni gözləyəcəm.

- Mən razıyam. And içirəm sizin varlığınıza ey Allahın yaratdığı müqəddəs canlı, - deyə çoban tez dilləndi. Hər gün sizin qulluğunuzda hazır olacam. Sizə vicdanla xidmət eləyəcəm. Əsl dost olacam,- deyib, sevinclə qızılları qoynunda gizlədib, qoyunları qabağına qatıb, obaya tələsdi. Allahdan elə oldu ki, demə o biri qoyunlar da yolda heç bir qurda-quşa rast gəlmədən, özləri gəlib obaya çıxmışdılar... Çoban tez evə gəldi. Onun arvadı, ərinin çox həyəcanlı, sevincək, sözlü adam olduğunu sifətindən oxudu və dedi:

- Ay kişi, nə olub sənə? Bu nə sir-sifətdi?..

- Heç nə, - deyə çoban söhbətdən qaçmaq istədi.

- Necə yəni heç nə. Axı sən heç vaxt bu sir-sifətdə olmayıbsan. Bəlkə meşədə qurda-quşa rast gəlibsən?..

- Yox...

- Bəs onda nə olub?

- Dedim ki, heç nə, - deyə çoban üzünü yana çevirdi. Və fikirləşdi ki, qızıl söhbətini arvadına necə desin. Bəlkə yalandan uydursun ki, bu qızılları tapıb...

Çobanın arvadı tərsin biri idi. Özü də ağıllı idi. Və çoban yaxşı bilirdi ki, arvadı əsl həqiqəti ondan maqqaş kimi dartıb çıxartmasa, əl çəkən deyil. Onu rahat buraxmayacaq. Başını suallarla keçəl eləyəcək. Ona görə də öz-özünə "nə olacaq, olacaq", - deyə fikirləşib, bu gün başına gələn qeyri-adi hadisəni, əhvalatı olduğu kimi arvadına danışdı. Elə danışdı ki, evdə uşaqlar bu söhbəti eşitmədi. Və arvadına da dədəsinin canma and içdirdi ki, bu əhvalatı arvad, daha heç kimə danışmasın. Hətta bacılarına, qardaşlarına da. Arvad da dədəsini çox istədiyindən, əgər onun canına and içirdisə, qəbrə qədər həmin sirri saxlayan idi.

- And içirəm acından ölən dədəmin qəriblikdəki sümüklərinə, bu sirri heç kimə deməyəcəm. Yaxşı, bəs hanı qızıllar, - deyə arvad səbirsiz, sevincək dilləndi.

Bu vaxt çoban, cibindən qızılları çıxarıb göstərdi. Arvad, bir-bir qızılları ağzında olan bir-iki dişi ilə, yoxladı. Nə isə heç nə başa düşə bilmədi. Belə qərar qəbul elədi ki, elə gecəykən çoban qızılları apanb, qonşu obadakı zərgərə göstərsin. Əgər bunlar həqiqətən də qızıldırsa, elə onları dəyər-dəyməzinə versin zərgərə və ondan da pulunu alsın.

Alvadının bu təklifi çobanın döşünə yatdı. Beyninə batdı. Paltarlarını, çarığını geyib, qızılları qoltuğunda gizlədib, həyətdən çıxar-çıxmaz, arvadının arxadan onu səslədiyini eşitdi.

- Dayan, ay kişi.

- Nə olub?

- Heç nə. Mən də səninlə gedirəm. Sən avam, mağmun, səy şeysən. Birdən bunlar həqiqətən də xalis qızıl olar, zərgər səni aldadar, - deyə arvad tez özünü ərinə yetirdi.

Onlar, qonşu obaya gəlib, qızılları zərgərə göstərdilər. Qızıllar, doğrudan da əsl, xalis qızıl oldu. Zərgər də bir az ucuz qiymətə o qızılları sevinə-sevinə çobandan aldı. Ona bir kisə pul verdi. Ömrundə bu qədər pul görməyən çoban və arvadı

pulları götürdülər və zərgərdən də pulla bir yaxşı yüyürək at alıb, belinə minib tez öz obalarına gəldilər...

Səhəri günü çoban sevincək qoyunları qabağına qatıb, həmin ilanlı qayanın yanına gəldi. Yenə də tütəyi çıxarıb, dünən çaldığı musiqini çaldı. Yenə də qaya aralandı və həmin bədheybət İlan ordan çıxdı. Çobanı salamladı və dedi:

- Hə. Gəldin dostum? Salam. Deməli, vədinə xilaf çıxmadın...

-Bəli gəldim. Sözümüz sözdür. Dünəndən bizim əsl dostluğumuz başladı, - deyə çoban tez və sevincək dilləndi.

- Düzünü de görüm. Dünənki əhvalatı kimə danışmısan?

- Səndən nə gizlədim, dostum. Dostluqda yalan danışmaq, yalan əməl ola bilməz. Ona görə də sözün düzünü deməliyəm. Məcbur olub, əsl həqiqəti arvadıma demişəm. Yerlə göyün arasında bu sirri bircə ulu Tanrı bilir və bir də arvadım. Böyük Yaradanın da belə bir kəlamı var ki, “əgər ərlə arvad bir-birindən sirr saxlayırsa, hər ikisinin yeri cəhənnəmlikdi”... Və biz insanlarda da belə bir məsəl var: "Ərlə-arvad həm də dost olsalar Ulu Tanrı onları heç vaxt yaddan çıxartmaz". Onu da deyim ki, arvadım da sirr saxlayan qadındı. Heç kimə deməz. O, həm də mənim dostumdur.

- Arvadların sirr saxlamaqda o qədər də səriştəsi yoxdur, - deyə İlan gülümsünüb, nəyisə yadına saldı.

- Mənim arvadım, dədəsini çox istəyirdi. Əgər onun qəriblikdə ölən və elə oradaca dəfn olunan qəbrinə and içdisə qəbr evinə kimi, o sirri özündə saxlayandı. Lap onun əvəzinə indi mən özüm and içə bilərəm...

- Hə. Əgər ərlə-arvad dostdularsa...,- deyə İlan öz-özünə fikirləşdi. Sonra ucadan dedi: - Çal çoban. O bayaq çaldığın musiqini yenə də çal. Amma çalış ki, arvadın bu sirri heç kimə deməsin. Yoxsa dostluğumuz pozular.

- And içirəm ki, arvadım bu sirri heç kimə deməz.

İlan öz yuvasına girib, bir qızıl götürüb, geri qayıtdı. Gətirib, həmin qızılı çobana sarı atdı. Çoban qızılı göydəcə tutdu və tez tütəyi yenə də dodaqlarına yaxınlaşdırıb, böyük həvəslə çalmağa başladı. İlan da, böyrü üstə uzanıb, musiqiyə qulaq asmağa başladı. Çobanın çaldığı musiqi qayalara dəyib, daha gözəl əks-səda yaradırdı... Adamın elə bil iliyini, daxilini yerindən qoparırdı... Musiqinin səsini eşidən qoyunlar da elə çobanın yanında otlayaraq, uzağa getmirdilər.

...Beləliklə çoban hər gün qoyunları bu ilanlı qayanın yanına gətirib, tütək çalır, hər gün də ilan ona bir qızıl verirdi. Qısa vaxtda çoban həqiqətən də bu mahalda ən varlı, üç-beş sayılıb-seçilən adamdan biri oldu. Çobanlığın daşını atdı. Özünün qoyun, mal-qara sürüləri, at ilxıları oldu. İndi başqaları, əvvəllər onu insan yerinə qoymayanlar, şəbədə eləyənlər ona çobanlıq eləyirdi. Ancaq çoban nə qədər varlanırdısa, İlanla dostluğunu itirmirdi. Hər gün yenə də vədələşdikləri vaxtda ilanlı qayanın yanına gəlib, tütək çalırdı. Bir qızıl ənamını İlandan alırdı. Artıq onların dostluğu o qədər möhkəmlənmişdi ki, bir-birinə "qardaş" deyirdilər.

Bir gecə çoban yuxuda ağ əbalı, ağ saçlı, çox nurani bir kişi gördü. Həmin kişi özünü Böyük Yaradan kimi təqdim eləyib, çobana belə deyib:

- Övladım. Sən həmişə mənə gileylənirdin ki, niyə kasıbsan. Bir qarın çörək də tapmırsan. Məni yamanlayırdm. Hərdən də yalvarırdın ki, sənə var-dövlət yetirim. Yetirdim. Bəs sən niyə mənim borcumdan çıxmırsan?..

- Niyə ki, ey Böyük Yaradan. Mən hər gün Sizin borcunuzdan çıxıram. Sizə ibadət eləyirəm. Nəzir-niyaz paylayıram. Yetim-yesirin qarnını doyuzdururam. Qapıma gələni naümid qaytarmıram. Varlandıqca da öz cızığımdan çıxmıram. Heç vaxt var-dövlətimlə qürrələnmirəm...

- Bunlar azdır, - deyə Ulu Tanrı onun sözünü kəsdi. Gərək sən, mənim müqəddəs yerlərimə gəlib, onları ziyarət eləyəsən. Ziyarət eləməlisən. Eləməlisən...

Çoban hövlnak yuxudan ayıldı. Gördü ki, yanında heç kim yoxdur. Özü də tərin, suyun içərisindədi. Dan yeri də hələ təzəcə ağarır. Ləl-cəvahiratla, xal-xalçalarla bəzədilmiş geniş, işıqlı otaqlara, qu tükündən olan yatağına bir də nəzər yetirib, yadına saldı lap uşaqlıqdan bu günə kimi keçən ömrünü, həyatını… Kasıblıq illərini... O, tez dəstəmaz alıb, sübh namazını qıldı və sonda əllərini göyə qaldırıb dedi:

- Ey Böyük Yaradan, mən Səndən çox razıyam. Çox sağ ol ki, mənim xahişlərimi, yalvarışlarımı eşitdiz. Məni bu məmləkətdə beş varlı kişidən biri elədiz. Buna görə çox sağ olun. Nə qədər canımda can varsa, mən də Sizin bütün borcunuzdan çıxacam. Söz verirəm Sizə. And içirəm Sizin qarşınızda. And içirəm Sizin varlığınıza.

Çoban, tez arvadını oyadıb, yuxusunu ona danışdı. Arvad da indi daha əvvəlki qara-qura, üzü tüklü, ağzında üç-beş dişi olan arvad deyildi. Əsl xanım-xatun idi. Dişləri cağbacağ yerində. Özü də qızıldan. Var-dövlət də arvadın rəngini dəyişdirib eləmişdi ağ maya. Həmin bir dəri, bir sümük arvad indi elə olmuşdu ki, yeriyəndə yer tərpənirdi...

Arvad dedi:

- Kişi, əgər sən belə yuxu görübsənsə, gərək hökmən gedib, Allahın evini ziyarət eləyəsən. Yoxsa sonra Ulu Tanrının bizə qəzəbi tutar. Verdiyi bu qədər var-dövləti əlimizdən alıb, bizi künfəkün eləyər.

- Bəs onda İlanın yanına tütək çalmağa kim getsin? Axı bizim onunla bir qardaş kimi şərtimiz var, - deyə çoban fikirli dilləndi.

- Allaha şükür özün boyda oğlun var. Özü də səndən heç də pis tütək çalmır. Get, gördüyün yuxunu İlan dostuna da danış. Yəqin ki, o da səni başa düşər. Razılıq verər. Axı o, sənin dostundur. Dost olanlar da bir-birini yarım sözdən başa düşməlidi.

Arvadının bu təklifi çobanın beyninə batdı. Tez pal-paltarını geyinib, tütəyini cibinə qoyub, getdi ilanlı dağa və orada onun yolunu gözləyən dostu ilə görüşməyə. Tez tütəyi çıxarıb çalmağa başladı. İlan öz yuvasından çıxıb, dedi:

- Dostum, xeyir ola bu gün ala-torandan gəlibsən?

- Sənə fəda olum, dostum- qardaş. Başıma belə bir əhvalat gəlib, - deyə çoban yuxusunu olduğu kimi İlana danışdı. İlan ona diqqətlə qulaq asıb dedi:

- Nə deyirəm ki. Əgər Ulu Yaradan belə məsləhət bilibsə, get, yolun uğurlu olsun. Biz nə karəyik ki, Tanrının istəyinin qarşısını alaq… Axı hər şeyin hökmünü verən Odur.

- Sizə bir təklifim də var əziz dostum, qardaşım, - deyə çoban tez dilləndi.

- Nə təklifdi elə?

- Mən təklif eləyirəm ki, sən mən gələnə qədər burda dərd-qəm çəkməyəsən deyə, qoy oğlum gəlib, sizinçün tütək çalsın. Ürəyəyatımlı musiqilərlə sizin könlünüzü xoş, feyziyab eləsin. Onu deyim ki, oğlum da mahir sənətkardır. Hətta məndən də yaxşı tütək çalır. Özü də mənim tərbiyəmi görübsə, bilin ki, dostluğa da sadiqdi. Mən də Allahın köməkliyilə, qırx, qırx beş günə qayıdıb, yenidən öz müqəddəs işimi davam elətdirəcəm...

- Əgər o, sənin belindən gəlibsə, sənin oğlundursa, deməli, sənin kimi, dostluğa bütöv olar. Sizin bir atalar sözünüz var: "Ot kökü üstündə bitər". Razıyam. Qoy gəlib çalsın. Təki mənim dərdimi, qəmimi, dağlardan da böyük nisgilimi dağıtsın…

Çoban tez sevincək evə gəldi. İlanla söhbətini arvadına danışdı. Oğlunu yanına çağırıb, məsələdən agah elədi. Elə həmin günü də yola tədarük gördü. Səhəri günü müqəddəs yerlərə ziyarətə getdi. Çobanın oğlu da tütəyini götürüb, gəldi ilanlı qayanın yanına. Başladı həzin səslə tütəyi çalmağa. O, elə yaxşı musiqi çaldı ki, hətta ustadını da ötüb keçdi. İlan musiqini eşidən kimi qayaların arasından çıxdı. Oğlan bu bədheybət ilanı görəndə qorxdu. Tez musiqi çalmağını saxladı. Başladı tir-tir əsməyə. Qorxusundan geri çəkildi...

- Qorxma, ey cavan. Mən sənin atanla dostam. Sənə heç bir xətər toxundurmaram. Məgər atan səni hər şeydən hali eləməyib, - deyə İlan dilləndi.

- Niyə. Deyib hər şeyi, - deyə oğlan da qorxa-qorxa dilləndi. Ancaq mən sizi belə təsəvvür eləmirdim...

- Belə bədheybət olmağımı təsəvvür eləmirdin?.. Sənin çaldığın musiqi çox xoşuma gəldi. Ustadına bərəkallah. Çal o bayaqkı musiqini. Qoy mən feyziyab olum.

Bu vaxt İlan yuvasına girib, bir qızıl götürüb, gətirib oğlana sarı atdı. Oğlan tez yerdən qızılı götürüb, musiqini çalmağa başladı.

İlan isə böyrü üstündə uzanıb, bir az da gözlərini yumub, musiqiyə qulaq asmağa başladı. İlan, həyatının keçmişlərini, dəkşətli anlarını yadına saldı... Yada saldıqca da ağladı. Axı o da vaxtı ilə insan imiş... Başqasının malına göz dikib, onu qarət elədiyinə, küplərlə qızıllarını oğurladığına görə və həmin adamın özünün də canına qəsd eləyib onu öldürdüyünə görə, Böyük Yaradanın qəzəbinə gəlmişdi bu adam. Xislətində ilanlıq olduğuna görə, Ulu Tanrı, onu ilana döndərmişdi. Dünyanın bütün ləziz nemətindən məhrum eləmişdi. Artıq illərlə üstündə yatdığı bu qızıllar ona lazım deyildi. Hər gün yerə, göyə yalvarırdı ki, təki yenidən Ulu Tanrı, onu öz insan cildinə qaytarsın. Çünki artıq başa düşürdü ki, bir gün insan kimi yaşamaq var-dövlətdən qat-qat yaxşıdır. İndi o da həmin çoban kimi gedib, lap Allahın öz evində ondan üzr istəyərdi. Sifətini oranın müqəddəs torpağına, müqəddəs qara daşına sürtərdi. Böyük Yaradana gecə-gündüz yalvarardı ki, onun günahından keçsin... İlanın günahı kimi, dərdi də böyük idi... Dərdini axır vaxtlar dağıdan təsəllisi isə bircə hər gün çalınan bu musiqilər idi...

Musiqi - Allahın yer üzündə bütün canlılarla, əsasən də insanlarla ən birinci və sonuncu danışıq vasitəsidi. Bütün canlılar, əsasən də insanlar, yaranışından,

həyatının sonuna qədər öz ulusunu, Tanrısını yada salmaqçün Böyük Yaradanın yer üzərinə göndərdiyi müqəddəs varlıqdır musiqi... Sözlə ifadəsi, deyiləsi mümkün olmayan bir müqəddəs varlıq...

Beləcə, on beş gün oğlan gəlib musiqi çaldı İlançün və öz ənamını alıb getdi. Ancaq bircə qızıldan ötəri bu qədər yolu gəlib-getmək yordu çobanın oğlunu. Bezdirdi. Və günlərin bir günü özü üçün belə qərar çıxardı ki, İlanı öldürüb, bütün qızılları ələ keçirsin. Tapdığı bu qərar özünün də döşünə yatdı. Beyninə batdı.

- Axı necə ola bilər ey. Mənim kimi adlı-sanlı bir kişinin oğlu, gedib hər gün eybəcər İlançün musiqi çalsın və o da tula payı kimi mənə bir qızıl versin, - deyə oğlan öz-özünə deyindi. Yox. Bu işə son qoymaq lazımdı!

O, səhəri gün yapıncının altından bir xəncər bağladı. İlanlı qayaya gəldi. Yenə də başladı musiqi çalmağa. İlan da yuvasından bir qızıl götürüb, oğlana sarı atdı. Oğlan qızılı götürüb, cibinə qoydu. İlan isə yenə də böyrü üstündə uzanıb, gözlərini yumdu. Başladı keçmiş illərini, insan olduğu xoş zamanları, anları yadına salmağa...

Çobanın oğlu, İlanın yatdığını zənn eləyib, musiqini çala-çala ona yaxınlaşdı. Və xəncərini çıxarıb, onun başına zərbə endirdi. Bunu hiss eləyən İlan, tez qıvrılıb geri çəkildi. Amma çobanın oğlunun zərblə vurduğu iti xəncər-qılınc, İlanın başına yox, quyruğuna dəyib, onu kəsdi. Kəsilən quyruğunun ağrısından İlan qıvrıldı və oğlanın xəncər vuran əlini möhkəm dişlədi. Bir andaca zəhərini oğlanın bədəninə buraxdı. İlanın zəhərindən, oğlan elə ordaca qapqara qaraldı və öldü. İlan isə kəsilən quyruğunun ağrısından qıvrıla-qıvrıla öz yuvasına girdi.

Həmin gün oğlanın anası çox gözlədi. Oğlu gəlmədi. Səhəri gün də gəlmədi. Ana, oğlunu axtarmaqçün ilanlı qayaya nökər-naib göndərdi. Onlar gedib, oğlanın zəhərdən şişib dağarcığa dönmüş meyidini tapıb gətirdilər... Ana sifətini cırdı. Ana fəryad elədi. Ana özünü yamanladı ki, niyə ərinə ziyarətə getməyə və oğluna İlana tütəkdə musiqi çalmağa razılıq verdi. Özünü qaldırıb göydən yerə vurdu ana. Oğlu geri dönmədi... Hər şeyi yamanladı ana. Hətta Ulu Tanrının özünü də söydü, yamanladı...

Vaxt ötdü. Vədə tamam oldu. Çoban ziyarətdən qayıtdı. Və gördü ki, oba köçüb, yurdu qalıb virana. Mal-qarasına xəstəlik düşüb. Allahın zavalına gəlib, hamısı qırılıb. Böyük imarətli evi suyu sovulmuş dəyirmandır. Zəlzələdən uçulub-dağılıb. Arvadı, qızları bir uçuq daxmadadı. Arvadı, qızları onu görəndə boynunu büküb, bir kənarda dayanıb, xısın-xısın ağlayırdılar. Bircə madar oğlu isə onu qarşılamağa gəlmədi...

... Arvad hər şeyi olduğu kimi çobana nəql elədi...

Səhəri çoban, yenidən öz köhnə paltarını geyinib, tütəyini götürüb, getdi ilanla qayaya. O, tütəyi çox çaldı, amma İlan, qayanın içərisindəki mağaradan çıxmadı. Çoban kor- peşiman geri qayıtdı. Səhəri günü o, yenə də ala-torandan ilanlı dağa getdi. Yenə də tütəyi çaldı... Beləcə, on beş gün çoban sərasər ilanlı qayaya getdi. Tütək çaldı. Ancaq İlan, öz yuvasından çıxmadı. On altıncı gün çoban tütək çalan vaxt yenə də qayalar aralandı və İlan yuvasından çıxdı. Çobana baxıb dedi:

- Ey çoban, daha bundan sonra özünə əziyyət verib, buralara gəlmə. Bundan sonra bizim dostluğumuz baş tutmaz. Çünki sən heç vaxt oğul dağını, mən də quyruq yarasını yaddan çıxara bilməyəcəyik...

Çoban nə isə demək istədi. İlan ona danışmağa imkan verməyib yenə də dedi:

- Sən var-dövlətə aludə olub, övladına dostluğun necə ülvi bir nemət olduğunu öyrədə bilməyibsən. Sən ona öyrədə bilməyibsən ki, o var-dövləti sənə dostun bəxş eləyib... Get. Səninlə dostluğumuz daha qurtardı... Dosta xəyanət eləyəni Allah da bağışlamır. Necə ki, dostuma xəyanət elədiyimə görə, məni bağışlamayıb, ilan cildinə salıb... Səni də dosta pak, sadiq olmadığına görə Ulu Tanrı bundan sonra əbədilik qarğıyıb...

Daha neynəmək olardı? Çoban kor-peşiman geri qayıtdı... Qayıtdı öz kasıb, uçuq-sökük komasına... Qayıtdı yenə o əzablı, məşəqqətli günlərinə...

Yəqin elə həmin vaxtlardan da bu atalar sözləri yaranıb. "Dost, ziyankar olmaz". "Dost arası pak gərək."

Ey insan, dostluq eləyəndə, həmişə yadına sal bu qədim əsrlərdən, qərinələrdən süzülüb gələn rəvayəti və babalarımızdan, atalarımızdan bizə yadigar qalan "dostluq" deyilən, qızıldan qiymətli sözü. Və ürəyincə olmayan adamla dostluq eləyəndə vaxtına heyfin gəlsin. Çünki atalar belə deyib. "İtən qızılı tapmaq olar, itən vaxtı yox...". Və əbədilik yadında saxla ki, DOST - Dəmir, Od, Sevgi, Təmizlik - sözlərindən yaranıb. Bu sözlərin hər biri də özü özlüyündə müqəddəs sözlərdi. Əgər bunlar səndə yoxdursa heç kimlə dostluq eləmə... Yoxsa sən də ilanın və çobanın taleyini yaşayacaqsan...

Masallı rayonu Digah kəndi,

Sumqayıt şəhəri

İlan ilinin ilk ayında yazıya köçürüldü.

Yanvar 2001-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə