Nəzakət Cəlil qızı Cəlilova (Nazlı Yazar) 12 dekabr 1976-cı ildə Şirvan şəhərində anadan olub. Təxəllüsü Nazlı Yazardır. 1983-cü ildə Şirvan şəhəri 16 nömrəli tam orta məktəbdə ilk təhsilinə başlayıb. 1987-ci ildən Şirvan şəhəri 20 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra 1993-cü ildə Bakı Plan İqtisadiyyat Texnikumunun hüquqşünaslıq fakültəsinə daxil olub və 1995-ci ildə bu texnikumu bitirib. 1999-cu ildə ilk əmək fəaliyyətinə pasport qeydiyyatçısı olaraq başlayıb. 2002-ci ildən 2018-ci ilədək isə Şirvan İşıq İdarəsində, “Şirvan REŞ”MMC-də müxtəlif vəzifələrdə çalışıb. Axırıncı işi hüquq mütəxəssisi olub.

Nazlı Yazr özünün maraqlı şeirləri və poemaları ilə “UNESKO”nun “UNİSEF” Gənclər Təşkilatının sertifikatına, “Salam Ali Baş Komandan” fəxri diplomuna, “Dəmir Yumruq” nominassiyasına və bir sıra fəxri diplomlara layiq görülüb. Nazlı Yazar “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyin Fəxri Üzvüdür. Uca məqamlı Şəhidlərimizin əziz xatirəsinə ithaf etdiyi “Anım günü”, Ulu Öndərin “Mən fəxr edirəm ki,azərbaycanlıyam” nidasıyla başlayan “Ulu Öndər”, “Şuşa azad olan gün” poemalarının, ”Mətbuat günü”nə həsr etdiyi iri həcmli şerin müəllifidir. Bu poemaların və şerin sözləri əsasında hazırlanmış videoçarxlar Youtube kanalında böyük maraqla yayımlanmaqdadır.
Nazlı Yazar eləcə də onlarla vətənpərvərlik ruhunda yazılan şerlərin, həmçinin dini şerlərin, “Həzrət Əli” poemasının müəllifidir. Nazlı Yazar 3 ildir ki, mütəmadi olaraq Uca Məqamlı Şəhidlərimizə, eləcə də Ulu Öndərin 100 illik yubileyinə , “Qurtuluş günü”nə həsr olunmuş tədbirlərin aparıcısıdır.
Qzetimizin bu sayında Nazlı Yazarın bir neçə şeriri çap edirik. İnanırıq ki, bu şeirlər oxucularımızın da xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

NAZLI YAZAR

Bütöv Azərbaycan Gerçək Olacaq!!!

Bir şeir gözləyir, səsləyir məni,
Deyir yaz sətir-sətir, yaz sən məni.
Vəsf edib Vətəni, tər bənövşəni,
Unutma ətirli gül yasəməni.

Dağlarım sıralı cüyürtək gözəl,
Bu haqda deyilib şeir həm qəzəl.
Dənizim, yaylağım, şaqraq çaylarım,
Şanı üzərində bal küpü arım.
Belə yaradıbdı Yaradan əzəl,
Bir huri mələkdir Vətənim gözəl.

Vətənim birbaşa gözəl tamaşa,
Şükür olsun nəqş edən Rəbb nəqqaşa.
On bir iqlimindən doqquzu bizim,
Qırattək gözəllik durubdu haşa.

İstər Qarabağım, istər İrəvan,
Təbrizim, Dərbəndim, Borçalım, Aran.
Bir gün gerçəkləşəcək böyük ürək, can,
Olacaq Xətaili Azərbaycan!

Babam Xətainin ruhu olar şad,
Azərbaycan bir nur, gülüşü azad.
Düşmən bizdən qorx sən, biz birləşirik,
Bütöv Azərbaycantək söz deyirik!

Bax o zaman, o vaxt bir ürəktək biz,
O taydan, bu taydan söz açmayacıq!
Dünyaya səs salacaq bu şüar, söz,
Haqq tapdanmasına göz yummayacıq!

“-Bəsdir çəkdiyimiz bu həsrət, bu qəm,
Qarabağı bütöv azad edəcəm”
-Deyən igid nərim, nər cəngavərim,
Tək Qarabağ deyil, İrəvanda bil,
Şanlı bayrağımı o, ucaldacaq!
Bütöv Azərbaycan gerçək olacaq!
Nazlı Yazar bu gözəldən yazacaq!
Nazlı Yazar bu gözəldən yazacaq!

Bir Ümüd Çırağı

Bir ümid çıragı istədim mən də,
Əl açıb qapında bu aciz bəndə.
Bütün arzuların gerçəyin istər,
Axı deyirlər ümid son anda ölər...

Ölməsin, ölməsin heç vaxt ümidlər,
Pərişan, nəm, ağlar qalmasın gözlər.
Gözü hey yollara dikilən gözəl,
Qapıdan, bacadan xoş xəbər gözlər.

Züleyxa qapılar bağladı ancaq,
Qapılar açarı səndədi Rəbbim.
Yusifi Nazlını, Nazlıtəkləri,
Bir qəfil sevindir, güldür ey Rəbbim.

Qoyma Şəri atlı, Xeyri piyada,
Qıyma kam ərisin, yanmasın odda.
Bənövşətək boynubükük qalmasın,
Qəmə qərq olmasın ümid son anda.

Qoyma ümid düşsün borana, qara,
Kimsə bağlamasın başına qara.
Qoy günəş bərq vursun, hey şəfəq saçsın,
Ümid çırağı olan nur yollara.

Ümid gerçəkləşsin, sevinsin insan,
Yaxşını pislərdən qoru Yaradan.
Pislərin imana gəldiyi o, an,
İnan ki, dünyanın üzü güləcək,
Ümidlər sonunda gerçəkləşəcək.
Nazlı Yazarın da üzü güləcək,
Rəbbə sonsuzadək təzim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə