Xoruzun ilk banından sonra yatağından qalxan Sadıx kişi şalvarını əyninə keçirdib, həyətə düşdü. Güya səhər idmanı eləyirmiş kimi, qollarını sağa-sola yellədi, bir-iki dəfə oturub-durandan sonra həyətdəki su kranına yaxınlaşdı. Mıxcadan asılmış məhrəbanı boynuna atdı, sonra kranı açıb, əl-üzünü yudu. Üz-gözünü qurulayıb, məhrəbanı yenidən mıxcadan asaraq, evin böyründəki bağa keçdi. Tut ağacına yaxınlaşıb, budağını aşağı əyərək, iştahla tut yeməyə girişdi. Tövlədən gələn qoyun-quzunun mələşmə səsi onu şirin meyvəsini həvəslə yediyi tut ağacından aralanmağa məcbur etdi. Qolundakı saata baxdı, saat 7-yə 15 dəqiqə işləyirdi.Tövləyə yaxınlaşıb, qapısını açdı. Qoyun-quzu mələşə-mələşə hamısı tövlədən çıxaraq, həyət darvazasına tərəf qaçdılar. Sadıx kişi sürünü qabağına qatıb, kəndin mərkəzi küçəsinə tərəf apardı. "Mərkəzi küçə" deyəndə ki, 140 evdən ibarət olan kəndin torpaq yoldan ibarət cəmi bir küçəsi vardı. Evlər də səliqə ilə yol boyunca tikilmişdi. Bu yol öz başlanğıcını kəndin bir başında tikilən məktəb və poct şöbəsindən başlayıb, kəndin o biri başında olan mağaza, klub və sovxozun idarə binasının yanında sona çatırdı. Sadıx elə həmin o mərkəzi kücənin qırağında, özünün 20-yə yaxın qoyunları ilə kəndin qoyun nobatını gözləyən İsrafil kişiyə yaxınlaşdı. Sadıx kişinin qoyunları tez qaçıb İsrafilin qoyunlarına qarışdı.

- Sabahın xeyir olsun, ay İsrafil. Sürü hələ keçməyib? - deyərək ona əl uzatdı.
- Sabahın xeyir. Yox, keçməyib. Harda olsa, bir-iki dəqiqəyə gələr. Ay Sadıx, bu gün kimin nobatıdır, bilmirsən?
Sadıx uzaqdan, kəndin o başından gələn qoyun sürüsünə baxaraq, cavab verdi:
- Odur ey, sürü gəlir. Əslinə qalsa, mənim növbəmdir, amma bu gün rayona iclasa gedəçəyimdən məni Musa kişi əvəz eləyir. Mən də onun yerinə sabah nobata gedəcəm.
İsrafil başını yelləyərək dedi:
- Deyirəm bu hökümət də kefdi ey, vallah, ə, gündə də içlas olar?
- Demə, ay İsrafil, bu bir ili də birtəhər başa vursaydım, rahatca təqaüdə çıxardım. İsrafil, sən qoyun-quzunu sürüyə qat, mən gedim əynimi dəyişim, yoxsa iclasa gecikərəm…
Sadıx kənddə elə də böyük olmayan poçt şöbəsinin müdiri idi. Özündən başqa cəmi iki işçisi vardı. Bir əməliyyatçı Yeganə və bir də poçtalyon Pərcahandan ibarət olan bu şöbəyə elə açılan gündən Sadıx rəhbərlik edirdi. "Rəhbərlik edirdi" deyəndə ki, poçtun işi elə də ağır deyildi. Az-çox məktub yazan olsa da, bir-iki nəfər abunə ilə qəzet alsa da, başqa əməliyyatlar demək olar ki, olmurdu.Təqaüdçülərə verilən təqaüdlər nəzərə alınmasa, nə başqa yerə pul göndərən vardı, nə də başqa yerdən kiməsə pul gəlmirdi. Kənddə hamının evində telefon olduğundan, hərə əlində bir mobil telefon gəzdirdiyindən, başqa yerlərə zəng etmək üçün poçta qoyulan telefon aparatını da toz basmışdı. Kənddə elə cavanlar var idi ki, əllərində iki telefon gəzdirirdi. Mobil telefonu olmayan bir adam vardısa, o da Sadıx idi. Kənd cavanları əsgərliyə gedəndə valideynlərindən çox sevinən bəlkədə Sadıx olurdu. Çünki sonradan əsgərlərə göndərilən bağlamaların sayı poçtun planının göstəricisinə müsbət təsir edirdi. Son 6 ay ərzində isə kənddən bir nəfər belə heç bir yerə poçt bağlaması göndərməmişdi. Sadıx hiss edirdi ki, əgər bu iclasda poçtun işindən söz düşərsə, bu zəhrimara qalmış bağlamalara görə ona irad bildiriləcək. Bəlkə də heç ona söz deyən olmayacaq, bəlkə də heç onun poçt şöbəsi heç kimin yadına düşməyəcək. Nə bilmək olar, hər şey ola bilər…
Sadıx həyət darvazasından içəri girəndə arvadı Tavat inək sağırdı. Sadıx armud ağacının altında yerə sərilmiş palazın üzərindəki döşəkçələrin birinin üzərində əyləşdi. Arvadının işini qurtarmasını gözləməyib, təzəcə qaynayan samovardan özünə bir stəkan çay süzdü. Tavat arvad sağdığı südü süzüb ocağın üzərinə qoydu, sonra süfrəyə təndir çörəyi, pendir, kərə yağı, qaynadılmış yumurta düzərək, ərinin böyründə oturdu. Samovardan bir stəkan çay süzərək, öz qabağına qoydu. Qaynar çayı üfləyə-üfləyə içərək dilləndi:
- Kişi, sən bu gün nobata getməli deyildin?
Sadıx düzəltdiyi dürməkdən dişləyərək, cavab verdi:
- Günümü dəyişmişəm, arvad, sabah gedəcəm. Bu gün rayona iclasa gedirəm. Sən mənim kostyumumu hazırla, ağ köynəyimi də ütülə, onu geyəcəm. Gör o qara qalstukum hardadır, onu da çıxart.
- Bəs sən sabah, şənbə-bazar şəhərə gedirdin, nəvələrə mer-meyvə aparırdın, nə oldu?
- Bu iclas girdi araya da. Şənbə günü də nobatdayam, eybi yox, nobatdan sonra gedərəm, nəvələri görüb, bir-iki günə qayıdaram. Sən onların paylarını, sovqatlarını hazırla, yadından çıxmasın ha...
- Narahat olma, a kişi, heç elə şey olar ki, yaddan çıxsın? - deyib, Tavat çayını içməyə başladı.
Rayonun müəssisə-təşkilat fəalları yavaş-yavaş rayon icra hakimiyyətinin iclas zalına toplaşırdılar. Saat 10-da başlayan iclas günorta saat 2-də başa çatdı. Rayon icra hakimiyyətinin başçısı bir-iki nəfər idarə müdirini çıxmaqla, demək olar ki, hamının işinə bir-bir öz iradını bildirdi. Sadıxı da ayağa qaldırıb, ondan poçtun işində dönüş yaratmağı tələb etdi, poçtdan bircə dənə də olsun bağlama göndərilmədiyini onun diqqətinə çatdıraraq, belə gedərsə, təqaüddən əvvəl işdən çıxarıla biləcəyi ilə hədələdi. 4 saat çəkən iclas, nəhayət ki, bir-neçə sağıcının fəxri fərmanla təltif olunması ilə başa çatdı.
Sadıx rayondan gələn avtobusdan düz evinin qabağında düşəndə artıq günortadan xeyli keçmişdi. Darvazadan içəri girən kimi həyətdəki armud ağacının kölgəsində arvadının sacda bişirdiyi yuxanın ətiri onu məst elədi. Pencəyini, qalstukunu çıxardıb armud ağacından asdıqdan sonra sacın yanındakı döçəkcənin üzərində bardaş qurub oturdu. Arvadının isti yuxanın arasına pendir qoyaraq büküb verdiyi dürməyi iştahla yeməyə girişdi. Sonra arvadının əlindən şişi alıb sacın üzərində olan yaymanı yavaş-yavaş çevirməyə başladı. Arvadı kündəni oxlovla açaraq:
- İclas necə keçdi, kişi? - deyə soruşdu.
Sadıx əlini yelləyərək:
-Necə keçəcək? Danladılar, - deyərək, könülsüz cavab verdi.
Tavat bir anlıq əlini saxladı:
- Niyə ki, nə üstündə, a kişi?
- Nə bilim ee, dedilər ki, niyə planı verə bilmirsən, niyə camaat bağlama göndərmir? Mən nə edə bilərəm ki? Kimsə bağlama göndərmək istədi, mən - poçt müdiri onun qarşısını aldım?
Sadıx iclasda ona aid olan hissəni təfsilatı ilə arvadına danışdı. Son cümləsini deyəndə Tavat əsəbiləşdi:
- Ay siz öləsiz, çıxardarsız! Səni yiyəsiz görüblər? Təqaüdə bir il qalan adamı da işdən çıxardarlar, ay başıva dönüm?
- Demir ee çıxardıram, deyir ki, dönüş yaratmasan, çıxardacam.
- Bəs onda bu basa-basda sən necə gedəcəksən şəhərə, poçtun qapısını qıfıllayacaqsan? Bəs bu bağlama planın nə təhər olacaq, a kişi?
- Boş-boş danışma, ay arvad, poçtun qapısını bağlamaq olar? Mən gələnə qədər Yegənə məni bir-iki gün əvəz edər. Narahat olma, iki günlə dünya dağılmaz, qayıdandan sonra bağlama məsələsini fikirləşərəm.
Səhəri günün axşamı qoyun nobatından gələn Sadıx yuyunub, kostyumunu geyindi, qalstukunu taxıb, arvadının ona açdığı axşam süfrəsinə əyləşdi. Tələsik bir-iki tikə yeyib evdən çıxaraq, sonuncu avtobusa əyləşib, rayon dəmiryol stansiyasına yola düşdü. Bakıya gedən qatarın gəlməsinə hələ yarım saat qalırdı. Dəmiryol stansiyasının kassasından Bakıya gedən qatara biletini aldıqdan sonra stansiyanın həyətindəki oturacaqda əyləşib, qatarın gəlməsini gözlədi. Birdən yanında yerə qoyduğu əl çantasına baxıb əsəbiləşərək, öz-özünə deyinməyə başladı:
- Ə, bu arvad da qocaldıqca lap başını itirib ey, deyəsən. Bəs, bu, mənə yol tədarükü qoyurdu, uşaqlara mer-meyvə qoyurdu, bəs niyə qoymayıb? Özü də dilimnən tapşırdım ey. "Yadımdan çıxmaz, yadımdan çıxmaz..." Ay sənin yadıva nə deyim?
Qatarın fit səsi Sadıxı fikirlərindən ayırdı. Əl çantasını götürüb, dilxor halda perrona yaxınlaşan qatara tərəf addımladı...
Artıq iki gün idi ki, Sadıx oğlunun evində, nəvələri ilə xoş günlər keçirirdi. Sabahkı axşam qatarına bilet aldığından, arxayınca səhər yeməyini yeyən kimi nəvələrinin əllərindən tutub, onları bulvara gəzməyə apardı. Oğlu, gəlini işdə olduqlarından nahar yeməyini də nəvələri ilə birlikdə bulvardakı kafelərin birində yeyib, evə gəldilər. Qapıya yaxınlaşanda ev telefonunun zənginin çalındığını eşidib, tələsik qapını açdı. Uşaqları qapıdan içəri salınca telefon zəngi dayandı."Yəqin arvaddı, narahat olub, zəng eləyir. Belə narahat olan idin, bağın meyvəsindən, qapımda əkdiyim tərəvəzdən, kartofdan, 5-6 büküm yuxadan, motal pendirindən, 3-4 dənə də toyuq-cücədən yolub qoyardın bir çamadana, gətirərdim nəvələrivə. Nə təhər olur ey, nəvələr yadıva düşür, onlara pay-pürüş qoymaq yadıva düşmür?" - deyə öz-özünə deyindi.
Bir az sonra telefon zəngi yenidən çalındı, Sadıx tez telefonun dəstəyini qaldıraraq cavab verdi:
- Alo, eşidirəm.
- Salam, bağışlayın bayaqdan bir-neçə dəfə bu nömrəyə zəng eləmişəm, amma telefonun dəstəyini qaldıran olmadı. Bura Taleh müəllimin evidir?
- Bəli qızım, onun evidir. Mən də onun atasıyam, nə lazımdı ki?
- Danışan poçt şöbəsindən əməlliyatçı Mehriban xanımdır. Taleh müəllimə kənddən 12 ədəd bağlama gəlib, saat 6-a qədər gəlsin aparsın. Yoxsa, sabaha qalsa, içindəki ərzaqlar xarab ola bilər. Sağ olun!..
Sadıx bağlamaları evə qaldırmaqda oğlu Talehə köməklik edib qurtarandan sonra divanda əyləşərək, maraqla gəlininin bağlamaları açmasına tamaşa etməyə başladı. Bağlamaların içindən çıxan ərzaqlara, meyvələrə, yolunub təmizlənmiş çolpalara baxıb, gülümsədi. Biixtiyari olaraq, "Sağ ol e, ay arvad, vallah, səndən yoxdu... Bax bu da sizə bağlama planı. Hə, indi işdən çıxardın görüm, necə çıxardırsınız? Tavat sizin başınızda turp əkər", - dedi. Taleh atasının dediyi “turp” kəlməsini eşidib, çaşqın halda dilləndi:
- Ata, anam turp göndərməyib axı, ürəyin istəyirsə, gedim bazardan alım?
Sadıx gülümsəyərək oğluna cavab verdi:
- Yox, istəmirəm. Anan hələ turp əkməyib, əkəndə bir bağlama da turp göndərəcək.

Arif ƏRŞAD
Yazıçı-publisist
Prezident mükafatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə